Tbilisidə etirazçıların Heydər Əliyev bağına daxil olmasına imkan verilməyib
İyunun 12-də Tbilisidə Azərbaycanda siyasi məhbuslara azadlıq tələbi ilə etiraz aksiyası kecirilib. Aksiyaya beynəlxalq insan hüquqları təşkilatları dəstək verib. Bu barədə hazırda Tiflisdə yaşayan jurnalist Əfqan Muxtar özünün Facebook səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, aksiyanın Heydər Əliyevin heykəli önündə kecirilməsi nəzərdə tutulsa da, polis bağı mühasirəyə alıb və aksiyanın büstün qarşısında kecirilməsinə imkan verməyib. Aksiya bağın qarşısında baş tutub. Aksiyada azərbaycanlı jurnalistlər və aktivistlər də iştirak edib.
Jurnalistin xəbərinə görə, SOCAR-ın əməkdaşları aksiya zamanı çəkiliş aparıb. Onların üzərində SOCAR-in rəsmi geyimləri olub.
Almaniyada yaşayan siyasi mühacirlər və gənc fəallar da Azərbaycanın Berlindəki səfirliyi önündə “siyasi məhbuslara azadlıq” şüarı ilə aksiya keçiriblər. Bu barədə aksiya iştirakçısı Həbib Müntəzir məlumat verib. Onun sözlərinə görə, əllərində hüquq müdafiəçilərinin şəkilləri ilə etiraz aksiyası keçiriblər. Məqsəd hakimiyyəti Avropa Oyunlarından istifadə edib ölkədəki insan haqlarını görməzdən gəlməməyə səsləməkdir. Aksiya insan haqları müdafiəçiləri tərəfindən təşkil olunub.