Tiflis – Kasablanka

Kinoşünas Aygün Aslanovanın İngrid Berqman barədə yazısını oxuyanda, kinoşünas xanımın yazıda adını çəkdiyi filmlərdən nədənsə məhz “Kasablanka”ya baxmaq istədim

Source:
Günel Mövlud
Günel Mövlud
Günel Mövlud – Banner
Günel Mövlud – Banner

Kinoşünas Aygün Aslanovanın İngrid Berqman barədə yazısını oxuyanda, kinoşünas xanımın yazıda adını çəkdiyi filmlərdən nədənsə məhz “Kasablanka”ya baxmaq istədim. Bilmirəm, necə oldu ki, özümün və xeyli həmkarımın, həmvətənimin həyatı ilə çoxlu paralelləri olan bu film (filmə baxmamış hələ bunu bilmirdim axı) məni qəfil cəlb elədi. Amma bu yadımdadır ki, filmə baxandan sonra, siyasi sistemlər, ölkələrarası münasibətlər, diktatura, insan talelərinin bu qədər oxşar, az qala eyni olması gerçəyi uzun müddət məni heyrət və kədər içində saxladı.

Amerikalı rejissor Maykl Körtisin 1942-ci ildə çəkdiyi bu filmdə hadisələr, İkinci Dünya Müharibəsi illərində faşistlərdən qaçaraq, Amerikaya düşməyə can atan qaçqınların axışdığı Kasablanka şəhərində, o zaman fransız torpaqları olan Mərakeşdə cərəyan edir. Filmin əsas süjet xətti sevgi hadisəsi olsa da, fonda baş verən hadisələrin ağırlığı qaçılmazdır. Bilmirəm, bəlkə də özümün və nə qədər həmvətənimin düşdüyümüz vəziyyəti ilə bu qədər üst-üstə düşməsi idi o sevgi xəttini görməzdən gəlib, fonda baş verənlərdən belə sarsılmaq.

Kasablanka – insanların sıx yaşadığı, hələ faşistlərin işğalına məruz qalmayan, qayır-qayır qaynayan şən şəhərdir. Tiflis kimi. Bura durmadan axışan qaçqınlar (Azərbaycandan, İrandan, Suriyadan Tiflisə qaçan kimi) Kasablankada oturub viza gözləyir. Kiminin işi tez düzəlir, kiminin işi illərdir ki, davam edir. Əllərində çoxlu pul olanlar viza, keçid sənədi alverçilərinə üz tutur. Gözləyənlər axşamlar kafeyə yığışır, şənlənir, bəziləri viza pulunu düzəltmək üşün qumara qurşanır, bəziləri depressiyaya düşür.

Bütün bunlar necə də Tiflisdəki həyatımıza oxşayır…

Amma Kasablanka nə qədər hələ Azad Fransanın ərazisi olsa da, yerli rəhbərlik faşistlərdən çəkinir və həlledici məsələlərdə onların əmrini yerinə yetirir. Bu əmrlər arasında bəzən kiməsə çıxış vizasının verilib-verilməməsi barədə göstərişlər də olur. Məsələn, çex azadlıq hərəkatının lideri, burdan Amerikaya getməyə can atan Viktor Lasla da var. Faşistlərin Kasablankanın yerli hakimiyyətindən bir tələbi var. Viktor Lasla Kasablankadan çıxmamalıdır.

Filmin süjetini tam yazmayacam. Maraqlananlar tapıb baxsınlar. Heç nə itirməzlər, Kasablanka Hollivud tarixində ən baxılan, ən sevilən filmlərdən biri hesab olunur. Və mövzu, ümumiyyətlə, filmin təsiri deyil. Situasiyaların bəzən detallarına qədər oxşarlığıdır. Son iki ili Tiflisdə, Azərbaycan hakimiyyətindən çəkinən, onların qəzəbinə tuş gəlməyi heç istəməyən Gürcüstan hökumətinin münasibətini görəndə, yarım əsrdən çox keçmişdəki hadisələri əks etdirən flmin mesajlarınını necə qüvvədə qaldığını anladım.

O zamandan bəri nə qədər kəşflər olub. Nə qədər dövlətlərin ərazilərindən tutumuş hakimiyyətlərinə, siyasi sistemlərinə qədər hər şeyi dəyişib. Nə qədər sərhədlər, divarlar yıxılıb. Dövlətlər ləğv olunub, internet əsri gəlib çatıb. Bəşəriyyətin dəyərlərində nə qədər şeylər dəyişib. Amma öz ölkələrindən bir sistemin didərgin saldığı insanlar indi qonşu ölkədə, başqa bayrağın altında altmış il əvvəlki qaçqınların talelərini yaşayır.

Çünki Gürcüstan da azərbaycanlı dissidentlərə vətəndaşlıq vermir – qanunla deyil, ölkələr arasındakı qeyri-formal anlaşmaya görə qadağandır. Gürcüstan azərbaycanlı dissidentlərə iş oturumu vermir (bu il Tiflisdə üç müxalifətçi iş oturumu üçün müraciətinə “Təhlükəsizlik səbəbindən sizə oturum verə bilmərik!” yazılmış imtina kağızı aldı və oturumu bitən müxalifətçilərin də onu uzatmaqla bağlı heç bir ümidi yoxdur)– bununla da burdakı azərbaycanlıları Avropa ölkələrinə viza almaqdan məhrum edir. Çünki qanunla başqa bir ölkədən viza almaq üçün müraciət edən xarici vətəndaşın yerləşdiyi ölkədə oturum kartı olmalıdır.

Həmçinin, Gürcüstan azərbaycanlı qaçqınlara müraciət etdikləri halda qaçqın statusu da vermir – rəsmi cavablar bunun Gürcüstan dövlətinin maraqlarına uyğun olmadığını açıq deyir. Bununla belə, apellyasiya məhkəmələri də imtinanın qanuni olduğunu deyən qərarlar vermir. Çünki belə halda qaçqınlar qanunla burda Avropa ölkələrindən humanitar viza ala bilərlər. Məhkəmələr cavabları illərlə uzatmaqla, onları bu imkandan məhrum edir. Adamın əsəblərini tarıma çəkən bu əzablı prosesi hazırda iki soydaşımız yaşayır.

Vətəndaşlıq vermir, status vermir, iş oturumu vermir, Avropadan viza almaq üçün lazımi imkanlardan məhrum edir. Bütün bunlar adama necə də faşistlərin Kasablankanın yerli hökumətinə “Viktor Lasla Kasablankada qalmalıdır!” əmrini xatırladır.

Gürcüstanda azərbaycanlı qaçqınlar Kasablankadakı qaçqınlar kimi nəzarət altındadır. Bütün şərtlərin belə oxşarlığından sonra bu əzablı prosedurları yaşayan insanların davranışlarını, mənəvi-psixoloji vəziyyətini təsəvvür etmək çətin deyil. Dünyanın hər yerində və bütün zamanlarda, çıxılmazlığa düşən insanların davranışı, mənəvi halı eynidir.

Amma indi bir qrup didərgin insana qarşı əl-ələ verib birləşmiş iki ölkə, iki siyasi sistem anlamalıdır ki, dünyanın hər yerində və bütün zamanlarda yaxşı insanlar da eynidir. Onların tapdıqları çıxış yolları, elədikləri yaxşılıqlar da eynidir. Dünyanın bütün yerlərində və bütün zamanlarda ümid də eynidir və o ümid ən çox ona ehtiyacı olanların qapısını döyür.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəTiflis – Kasablanka