Natiq Cəfərli: Hökumət xarici şoklara hazır olsaydı, ötən il iki dəfə devalvasiya qərarı verməzdi
“Azərbaycan iqtisadiyyatı xarici şoklara davamlılığını göstərdi”.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova “Sənayeləşmə və innovativ inkişaf” mövzusunda keçirilən ictimai müzakirələrdə deyib.
Onun sözlərinə görə, neftin qiymətinin düşməsi və dünya iqtisadiyyatının qeyri-sabit olması Azərbaycan iqtisadiyyatına təsir edib: “Onların mənfi təsirini aradan qaldırmaq və gələcəkdə daha davamlı müqavimət üçün hökumət bütün səylərini səfərbər etdi və “Azərbaycan-2020: gələcəyə baxış” konsepsiyasında nəzərdə tutulmuş tədbirlərin reallaşdırılmasını sürətləndirməyə başladı”.
S.Həsənova qeyd edib ki, bu istiqamətdə ciddi addımlar atılıb, ölkədə biznesin yaradılması üçün şərait yaxşılaşdırılıb.
Sevinc Həsənovanın fikirlərini “Kaş, nazir müavinin söylədikləri həqiqət olaydı”, deyərək reaksiya verən iqtisadçı Natiq Cəfərli Meydan TV-yə bildirib ki, Azərbaycan hökuməti neftin qiymətinin enməsinə hazır olmayıb: “Əgər hökumət hazır olsaydı, ötən il iki dəfə devalvasiya qərarı verməzdi. Yaxud hökumət neftin qiymətinin enməsinə hazırlıqlı olsaydı, bank sektorunda təlatümlər olmazdı. Bu gün bank sektorunda çox ciddi problemlər var, problemlər getdikcə dərinləşir və bu sahə iqtisadiyyatın qan-damar sistemi olduğundan digər istiqamətlərə də mənfi təsir göstərir. Ticarət dövriyyəsi azalır, iş yerləri qapanır, insanların gəlirləri azalır, bütün bunlar hökumətin indiki dövrə hazır olmadığının nəticəsidir”.
İqtisadçının qənaətincə, hökumət postneft dövrünə neft gəlirlərinin ölkəyə gəldiyi gündən hazırlaşmalıydı: “Bu hazırlıq olmadığından acı nəticələrini görürük. Bəli, müəssisələrin qeydə alınması, fəaliyyətə başlaması kimi bəzi məsələlərdə qanunvericilik aktlarında dəyişikliklər olundu. Amma bunlar işin əvvəlidir və bu, böyük nəticə deyil. Qonşu Gürcüstanda, yaxud Sinqapurda, Cənubi Koreyada müəssisəni onlayn vasitəylə 15 dəqiqəyə qeydiyyatdan keçirmək olur. Azərbaycanda bunu iqtisadi islahat göstəricisinə çeviriblər. Yaxşı, müəssisə qeydiyyatdan keçib fəaliyyətə başladı, bəs, rəqabətli mühit varmı?! Yaxud müəssisənin uzun zamanlı və aşağı faizli kreditlərə çıxışı varmı? Suallar açıq qalır. Bunlar Azərbaycanda mövcud vəziyyətin göstəricisidir. Müəssisələrin fəaliyyəti üçün ciddi şərait, qeyri-neft sektoruna isə xarici investorların marağı yoxdur. Səbəb də mülkiyyət toxunulmazlığı və rəqabətli mühit problemindədir. Sadaladıqlarım onu göstərir ki, hökuməıt bəzi kosmetik dəyişiklikləri struktur islahatları kimi təqdim edir. Təəssüf ki, bu, özünü aldatmaqdan başqa bir şey deyil. Əgər ölkədə ilin ilk 5 ayında ÜDM 4,5 faiz azalıbsa və bu, postsovet məkanında ən pis göstəricisidirsə, deməli, Azərbaycan nə neftin qiymətinin enməsinə hazır olub, nə də bununla bağlı ciddi addımlar atıb”.