“Tibbi sığorta olmadan səhiyyənin normal inkişafından söhbət gedə bilməz”

Adil Qeybulla: “Prezidentin nazir Şirəliyevə orden verməsinə cəmiyyətin münasibəti aydındır”

Source:


Adil Qeybulla: “Prezidentin nazir Şirəliyevə orden verməsinə cəmiyyətin münasibəti aydındır”

Prezident İlham Əliyev Oqtay Kazım oğlu Şirəliyevi səhiyyənin inkişafındakı xidmətlərinə görə  “Şöhrət” ordeni ilə təltif edib.

Oqtay Şirəliyev 2005-ci ildən səhiyyə naziridir.

Səhiyyənin indiki vəziyyətində – yəni doğuş zamanı ana ölümlərinin baş verdiyi haqda məlumatların intensivləşdiyi, xaricə müalicəyə gedənlərin artdığı və jurnalist Rasim Əliyevin xəstəxanada vəfat etdiyi bir vaxtda nazirin mükafatlandırılması suallar yaradır.

Meydan TV  yaranan sualları professor Adil Qeybullaya ünvanlayıb.

Adil Qeybulla nazir Şirəliyevin ordenlə mükafatlandırılması haqqında danışmaq istəmir. Deyir ki, bu barədə danışsa, problemlər başlayacaq: “Səhiyyəmizin mövcud durumu haqqında həmişəki məsələləri qaldırmaq lazımdır.  Prezidentin nazir Şirəliyevə orden verməsinə cəmiyyətin münasibəti aydındır. Amma söhbət ondan gedir ki, bu gün Azərbaycan səhiyyəsi niyə problemlərdən qurtulmur? Bax, biz bu suala cavab tapmalıyıq. Birinci cavab odur ki, Azərbaycan səhiyyəsində islahatlar getməyib. Səhiyyədə dövlət, özəl, bələdiyyə, sığorta tibb sistemləri yaradılıb, aralarında münasibətlər tənzimlənməyib. Vətəndaşların əsas sosial müdafiəsi olan “Tibb sığorta haqqında” qanun layihəsi 1999-cu ildə prezident tərəfindən imzalansa da, bugünə qədər həyata keçməyib. Bu gün vətəndaşla həkim niyə üz-üzədir? Məsələ ondadır ki, tibbi sığorta vətəndaşların çox mühim elementidir, o cümlədən, genefondun müdafiəsinə yönəlmiş xidmətdir. Dünyanın hər yerində vətəndaşlar tibbi sığortadan bəhrələnir. Dövlət tibbi sığorta vasitəsilə vətəndaşın sağlamlığının keşiyində dayanmış olur. Ona görə məsələ təcili həllini tapmalı və bütün kateqoriyadan olan vətəndaşlar sığortalanmalıdır. Bunların bir qrupu dövlət büdcəsindən birbaşa sığortalanır, hansının ki, gəlirləri yoxdur. Söhbət qocalardan, işsizlərdən və tələbələrdən gedir. Tibbi sığorta, ilk növbədə, doğuş və təxirə salınmaz yardımı əhatə etməlidir. İnsanın təcili xəstəliyi varsa, avtomobil qəzasına düşübsə, mərhum həmkarınız Rasim Əliyev kimi döyülübsə, bu zaman tibbi sığorta mexanizmi işə düşür və vətəndaş bundan bəhrələnir. O cümlədən, dərman təhcizatı və bir sıra diaqnostika paketləri də bu sıraraya daxil olmalıdır, məsələn, ağrıkəsicilər, antibiotiklər və s”.

Adil Qeybulla düşünür ki, tibbi sığorta mexanizmi işə düşsə, Azərbaycan cəmiyyətində indiki qədər narazılıq olmaz: “Narazılıq əsasən dərman təchizatının aşağı olmasından başlanır. Bu gün hamı özəl xəstəxanalarda yüksək ödənişlərlə müalicə almaq həvəsindən və imkanından məhrumdur. Bir daha deyirəm, tibbi sığorta olmadan səhiyyənin normal inkişafından və durumundan söhbət gedə bilməz”.

Professor jurnalist Rasim Əliyevin ölmünü Azərbaycan üçün arzuolunmaz vəziyyət yaratdığını deyir: “Jurnalistlər cəmiyyət üzərində ictimai nəzarətin təminatçılarıdır. Ona görə jurnalistlərin yazılarına və təhlillərinə dözümlü yanaşmalıyıq. Əgər hansısa yazı xoşumuza gəlmirsə, yaxud başqa demokratik ölkənin mediası ilə müqayisədə aşağı hesab ediriksə, bu, bizim ümumi səviyyəsimizin mövcud durumudur. Bu mənada belə şeylərə dözümlü yanaşmalıyıq. Təəssüf ki, ciddi emosionalıq göstərib jurnalistə qarşı “məhkəmə” həyata keçiriblər. O ki qaldı Rasim Əliyevə qarşı hansı tibbi prosedurların həyata keçirilməsinə, bu barədə yaranan suallara tibbi ekspertizanın rəyi əsasında cavab vermək olar. Bilirsiniz, Rasim Əliyevi aktiv jurnalist kimi tanısam da, xəsarət alan vaxt olun vəziyyətini görməmişdim. Təbii ki, müəmmalar və suallar var,  amma ekspertizanın rəyi dəqiq açıqlansa, mərhələ-mərhələ gedən prosesləri aydın şəkildə şərh edə bilərik. Məhkəmə Tibbi Ekpertizanın mahiyyəti ondan ibarətdir ki, ölümün birbaşa səbəbini araşdırır, bu araşdırma bitəndən sonra ayrı-ayrı şərhlər yox, artıq bunun elmi əsaslandırılması ortaya çıxır. Ancaq əgər diaqnostik səhvə yol verilibsə və bu səhv əməliyyat zamanı xəstənin həyatını itirmək mərhələsinə gətiribsə, əlbəttə, həkimlər məsuliyyət daşıyır. Ancaq bir daha deyirəm, bunlar araşdırılmalıdır”.

Ana səhifəXəbərlər“Tibbi sığorta olmadan səhiyyənin normal inkişafından söhbət gedə bilməz”