Elsevər Ağayev: ”Azərbaycanda bütün dərmanların keyfiyyətinə nəzarət edilir”
“Dünyanın qəbul etdiyi qaydalar var ki, hər hansı istehsalçı öz məhsulunu Çində və ya başqa bir ölkədə istehsal edə bilər. Hətta Avropanın aparıcı şirkəti ucuz işçi qüvvəsinə görə hansısa dərmanın istehsalını Çində, Cənubi Koreyada və başqa ölkələrdə qura bilər. Əgər bunun üçün rəsmi lisenziyası varsa, onların Azərbaycana idxalına icazə verilir”.
APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Nazir müavini Milli Məclisdə bəzi millət vəkillərinin Çin istehsalı olan dərmanların ölkəyə Avropa istehsalı olan dərmanlar adı altında gətirilməsi barədə fikirlərinə münasibət bildirərkən deyib ki, nazirliyin analitik ekspertiza mərkəzində dərmanların hər seriyası yoxlandıqdan sonra onların idxalına icazə verilir.
“Azərbaycana gətirilən bütün dərmanların keyfiyyətinə Səhiyyə Nazirliyi tərəfindən diqqətlə yanaşılır”.
Çindən gətirilən həmin dərmanların keyfiyyətinə gəlincə, nazir müavini deyib ki, ümumiyyətlə, Azərbaycana gətirilən dərmanlar sırf Çin istehsalı deyil: “Əksər Avropa şirkətləri Çin xammalından istifadə edirlər. Dünyanın dərman bazarında xammalın əsas mənbəyi Çində istehsal edilir”.
Elsevər Ağayev əlilliyi olan şəxslərin problemlərindən danışıb. Deyib ki, Səhiyyə işçilərinin bununla bağlı doldurduğu “Forma 088”-də problemlər var idi.
O bildirib ki, nazirlikdə bu məsələ yanvar ayında müzakirə olunub:
“Bir sıra tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq olundu. Səhiyyə Nazirliyinin kollegiya iclasında tapşırıqlar verildi və cəzalandırılanlar oldu. Hesab edirik ki, bu öz bəhrəsini verəcək”.