Tibb bacısının məsləhəti

Şəxsi dava, şəxsi maraqlar…

Source:

Reabilitasiya mərkəzində müalicə aldığım vaxt, tibb bacısı otağıma girdi. Əmək və əhalinin sosial müdafiəsi nazirinin mərkəzə gəldiyini, dəhlizdə gəzişdiyini xəbər verdi. Dedi ki, gedib onunla görüşüb, istəklərimi söyləyə bilərəm. Tibb bacısı məhz şəxsi istəklərimi xahiş etməyi nəzərdə tuturdu. Bir müddət öncə həmin reabilitasiya mərkəzində müalicə alan, əlilliyi olan bir qız nazirin mərkəzə gəlişi zamanı onunla dəhlizdə görüşmüşdü. Xarici ölkədə müalicəyə getməyi barədə xahiş etmişdi. Nazir də onun xahişini yerinə yetirməyi söz vermişdi.

Tibb bacısına dedim ki, elə xahiş edə bilmərəm. Tibb bacısı üzündə istehza ifadəsi ilə cavab verdi ki:



Elə ona görə də, qabağa gedə bilməyəcəksən!

Tutuldum. Hətta bu yazını yaza-yaza gözlərim dolur. Sentimentallığımı bağışlayın. Sadəcə utanıram ki, şəxsi mənafemi düşünmədiyimə görə, “qabağa” gedə bilməyəcəyimlə bağlı “acı proqnozu” üzümə çırpırlar. İnsanlarımızın mənəvi dünyasının bu qədər kasıb olmağı məni çox üzür. Guya problemlərim yoxdur?! Var, həm də çoxdur. Müalicəyə ehtiyacım yoxdur?! Var, həm də daimi. Amma maddi imkanım olmadığı qədər, o cür şəxsi xahişləri etməyə üzüm də yoxdur. Bu qürur, prinsip məsələsidir. Belə xahişlər edən adamarı qınamıram, onları qürursuz hesab etmirəm. Yenə təkrar edirəm, bu, mənim prinsiplərimə yaddır.

Əgər mən şəxsi şeylər xahiş etsəm, dilim qısalacaq. Ən kiçik irad belə edə bilməyəcəm, gözükölgəli, minnətli olacam. Haqqımı tələb edəndə, xahişimi yerinə yetirənlər susmağımı tələb edəcək. Azadlığım buxarlanacaq.

Viktor Hüqo Fransa kralının təyin etdiyi təqaüddən – beş min frankdan imtia edir. İctimai İşlər Nazirliyinə məktub yazır:



“…Kralın təyin etdiyi bu təqaüd sərbəstliyin əl-qolunu bağlayan maddi yardımdan başqa bir şey deyildir. Əslində, bu hədiyyəni qəbul etmək, müstəqil fəaliyyətdən imtina edib, hökumət qarşısında öhdəlik götürmək deməkdir. Yazıçı hakimiyyətə müxalifətdə olmalıdır. Belə olanda, namuslu yazıçı gərək hər şeydən əvvəl hökumətlə pul haqq-hesabını kəssin. Ona görə də, mən təqaüdümdən imtina edirəm”.

Dəfələrlə oxşar vəziyyətlərlə qarşılaşmışa. İmkanım olub ki, bu cür xahişlərlə, tibb bacısının təbirincə desək, “qabağa” gedim. Çox şükür, heç vaxt da bunu etməmişəm.

Mənim maraqlarım şəxsi yox, ümumidir. Bu populizm deyil, həqiqətdir. Ölkəmizdə onlarla əlilliyi olan insanlara aid cəmiyyət olsa da, bizim problemlər azalmır ki, azalmır. O qədər əlilliyi olan şəxslər var ki, əvvəllər hökümətdən narazı olduqları halda, bu gün şəxsi xahişləri yerinə yetirildiyi üçün, 180 dərəcə dəyişib, əlillik sahəsindəki “qayğı və diqqətdən” danışırlar..

Mən qanun çərçivəsində nəzərdə tutulan, imzalanmış beynəlxalq konvensiyaların tələblərinin yerinə yetirilməyini istəyirəm. İstəmirəm ki, bu ölkənin əlilliyi olan vətəndaşı imkansızlıq üzündən özünü yandırsın, ehtiyac üzündən dilənsin, ona görə digərlərini də dilənçi zənn etsinlər. İstəmirəm ki, 18 yaşına çatmamış, sağlamlıq imkanları məhdud uşaqlar aylıq 67 manat sosial müavinata möhtac olsunlar. İstəmirəm ki, müalicə imkanları məhdudlaşsın, ictimai nəqliyyat və infrastrukturunun bərbadlığının qurbanı olsun. Mən ədalətli və bərabər hüquqlu cəmiyyətdə yaşamaq istəyirəm!

Sonda heç də çətin olmayan üsulları aidiyyatı qurumların nəzərinə çatdırıram. Əlilliyi olan şəxslərin problemlərinin həlləri üzrə bir sıra üsullar vardır:



• Əlilliyi olan şəxslərin problemlərinin həllinin hüquqi aspekti (əlilliyi olan şəxslərin hüquqlarının tam şəkildə təmin olunması, bu istiqamətdə qanunda mövcud olan boşluqların aradan qaldırılması)


• Sosial mühit aspekti (bu aspektə əlilliyi olan şəxslərin mikrososial mühiti ilə bağlı məqamlar: ailə, əmək kollektivi, mənzil, iş yeri s. və makrososial mühit daxildir: məlumat mühiti, sosial qruplar, əmək bazarı və s.)


• Psixoloji aspekt (bu aspektə həm əlilliyi olan şəxslərin özlərinin fərdi-psixoloji orientasiya, həm də əlillik probleminin cəmiyyət tərəfindən emosional-psixoloji qəbuluna aiddir)


• İctimai-ideoloji aspekt (əlilliyi olan şəxslərə dair dövlət müəssisələrinin praktiki fəaliyyətinin məzmununu və bu istiqamətdə dövlət siyasətinin formalaşmasını təyin edir)


• İstehsalat-iqtisadi aspekti (əlilliyi olan şəxslərin bütöv və ya qismən şəkildə peşəkar, məişət və ictimai fəaliyyətdə iştirakı)


• Anatomik-fəaliyyət aspekti (əlilliyi olan şəxslərin reabilitasiya potensialının inkişafına yardım edəcək sosial mühitin formalaşması)…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəTibb bacısının məsləhəti