Repçi həm də “Stand Up for Ukraine” mitinqində iştirak edəcək
Kanadalı repçi “The Weeknd” (Eybel Makkonen Tesfaye) yeni klipinin Rusiyada yayımını qadağan etdiyi bildirilir.
“Dawn FM” albomundan olan “Out Of Time” mahnısına çəkilən klipi rus dinləyiciləri “YouTube”dan izləyə bilməyəcəklər.
Klipdə “Kalmar oyunu” serialında çəkilmiş Çon Ho Yon və bugünlərdə aktyorluq karyerasına son qoyduğunu bildirən aktyor Cim Kerri çəkilib.
Bundan əlavə, “The Weeknd” aprelin 8-də sosial şəbəkələrdə keçiriləcək “Stand Up for Ukraine” mitinqinin iştirakçılarından olacaq.
Mitinqdən əldə olunan gəlirlər ukraynalılara humanitar yardıma yönəldiləcək.
Billi Ayliş, Billi Porter, Selin Dion, Madonna, Farell Uilyams, Elton Con, Mayli Sayrus, Keti Perri, Ozzi Ozborn, “Radiohead”, “Red Hot Chili Peppers” rok qrupları və digər sənətçilər qatılacaqlar.
2021-ci ildə “Billboard Music Awards” “The Weeknd”i ilin ən yaxşı musiqiçisi elan edib.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Həmin tarixdən etibarən Avropa İttifaqı ölkələri, həmçinin Böyük Britaniya, ABŞ, Kanada və digər ölkələr Rusiyaya müxtəlif sanksiyalar tətbiq edir.
Maliyyə sanksiyaları əsasən oliqarxlara, yüksək rütbəli hərbçilərin hesablarına, dövlət məmurlarına, prezidentə, onun köməkçisinə, nazirlərə qoyulan qadağalardır.
Bütün bu sanksiyaların səbəbi Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsidir.
Məqsəd müharibənin maliyyələşdirilməsinin dayandırılmasıdır. Həmçinin bir sıra beynəlxalq musiqi, film şirkətləri, o cümlədən teatrlar, kinostudiyalar Rusiya və sənətçiləri ilə əməkdaşlığı dayandırıb.