“The Washington Post”: İlon Mask vəzifəsindən ayrılmağa hazırlaşır

Foto: Reuters

Maskın “əxlaqsız və amansız hücumlardan” bezdiyi üçün bu addımı atdığı bildirilir

İlon Mask hökumətdəki vəzifəsindən ayrılmağa hazırlaşır.

Bu barədə “The Washington Post” məlumat yayıb.

Bildirilir ki, Mask sol cinahdan gəldiyini düşündüyü “əxlaqsız və amansız hücumlardan” bezdiyi üçün bu addımı atır.

Mask hazırda Dövlət İdarəçiliyinin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edir. Onun bu rolu “xüsusi dövlət qulluqçusu” statusu ilə həyata keçirilir və bu statusun gələn ayın sonunda başa çatacağı qeyd olunur. Məsələ ilə tanış mənbə bildirib ki, Mask DOGE-dən ayrıldıqdan sonra belə, departamentin işi zəifləməyəcək, çünki əməkdaşlar artıq müxtəlif federal qurumlarda özlərini təsdiqləyiblər.

Lakin Maskın təsir gücünün azaldığı müşahidə olunur. “The New York Times” keçən həftə yazıb ki, maliyyə naziri Skott Bessent Maskın dəstəklədiyi namizədin Vergilər Xidmətinin (IRS) rəhbərliyinə təyinatına qarşı çıxıb və nəticədə bu postda dəyişiklik edilib. Maskın digər kabinet üzvlərini də koordinasiyasız qənaət tədbirləri ilə narahat etdiyi bildirilir.

“Wedbush Securities”-in analitiki Den Ayvs isə İlon Maskın hökumət işlərini tam tərk edib Teslaya fokuslanmasının vacib olduğunu deyib. Onun fikrincə, Tesla hazırda “qırmızı kod” təhlükəsi ilə üz-üzədir.

“Mask hökumətdən ayrılıb DOGE-dən geri çəkilməlidir. O, tam zamanlı olaraq yenidən Tesla-nın baş direktoru olmalıdır. Tesla Maskdır, Mask da Tesla”, – deyə Ayvs “Bloomberg”-ə bildirib.

Ayvs qeyd edib ki, Tesla hazırda dünya miqyasında Donald Tramp administrasiyası və DOGE ilə assosiasiya olunur və bu, brendə ciddi zərbə vurur. Onun fikrincə, bu vəziyyət gələcəkdə Tesla üçün 15-20 faiz arasında daimi alıcı itkisinə səbəb ola bilər.

“The Washington Post” həmçinin yazır ki, bəzi dövlət qurumlarının əməkdaşları Maskın qoyduğu yeni qaydalara əməl etməkdən imtina ediblər. Mask fevralın 22-də hər bir federal işçidən həftəlik olaraq “ötən həftə nə etdiklərini göstərən 5 maddəlik hesabat məktubu” göndərməyi tələb etmişdi və xəbərdarlıq etmişdi ki, bu mesajı göndərməmək istefa kimi qəbul olunacaq.

Lakin bu göstərişdən iki gün sonra ABŞ-nin Kadrlar İdarəsi (Office of Personnel Management) insan resursları rəhbərləri üçün keçirilən iclasda bildirib ki, bu məktublar könüllü xarakter daşıyır və göndərilməməsi işdən çıxarılma üçün əsas sayıla bilməz. “The Post”-un əldə etdiyi məktuba görə, göndərilən məlumatlarla bağlı hər hansı istifadə və ya təhlil nəzərdə tutulmayıb.

Hazırda müxtəlif dövlət orqanları bu məsələyə fərqli yanaşır: bəzi qurumlar hesabat göndərmək tələbindən imtina edib, digərləri isə formallıq naminə davam etdirir. Bir çox işçi eyni mesajları təkrarlayır və bu prosesi artıq zarafat kimi qəbul edir.

Ana səhifəDünya“The Washington Post”: İlon Mask vəzifəsindən ayrılmağa hazırlaşır