Hikmət Hacıyev: “Azərbaycan bu dəhşətli hücumları və daha çoxunu dəf edə bilər və dəf edəcək də”
“The Washington Post” qəzeti redaksiya məqaləsində BMT-ni və illik iqlim konfranslarında seçim etdiyi ölkələri tənqid hədəfinə alıb.
“The Washington Post” yazır ki, BMT illik iqlim konfransının hansı ölkədə keçirilməsinə qərar verəndə əsas kriteriyalar olaraq həmin ölkənin infrastrukturunu, iqlim öhdəliklərini, siyasi sabitliyini və maliyyə resurslarını nəzərə alır, demokratiya və insan haqlarını deyil:
“Görünür, belə bir tədbirin xeyir-duasını konkret bir rejimə verməklə özünə, iqlim diplomatlarına necə bir utanc gətirəcəyini düşünmür. Nəticədə isə dünyanın ən repressiv rejimlərindən, mədən yanacağı istehsalçılarından bəziləri öz imiclərini cilalamağa çalışırlar” (tərcümə Azadlıq Radiosu).
Qəzetin yazdğına görə ki, noyabrın 11-də Bakıda başlayacaq COP29 iqlim konfransı artıq üçüncü ildir ki, diktaturada, ikinci ildir ki, neft ölkəsində keçirilir:
“Azərbaycan “qəddar despot” Prezident İlham Əliyev tərəfindən idarə olunur”.
Məqalədə 60 ABŞ konqresmeninin siyasi məhbus sayılan şəxslərin azad olunması çağırışı ilə dövlət katibi Entoni Blinkenə müraciətindən, insan haqları təşkilatlarının hesabatlarından bəhs olunur:
“Azərbaycanda siyasi məhbus sayı 2021-ci ilin dekabrında 122, bu ilin iyununda isə azı 303 nəfərdir. İqtisadçı Qubad İbadoğlu, hüquq müdafiəçisi Anar Məmmədli, eləcə də AXCP sədri Əli Kərimli saxta ittihamlarla üzləşib”.
“Cənab Əliyev ciddi siyasi rəqabətə dözümlülük göstərməkdən imtina edir”, – yazan qəzet son bir ildə “AbzasMedia”, “Toplum TV”-nin üzləşdiyi təzyiqləri yada salır, 12 media işçisi və altı digər fəalın həbsdə olduğunu vurğulayır.
“COP29 bir iqlim konfransıdır, qlobal istiləşmənin bütün ölkələrə təsiri var və siyasətdən asılı olmayaraq birgə səylər tələb edir. Ancaq bu faktlar hər il bədnam rejimlərə prestij və legitimlik verməyi tələb etmir. Daha yaxşı yanaşma, məsələn, Kosta-Rika kimi güclü ətraf mühit və demokratik öhdəlikləri olan daimi ev sahibi ölkə seçmək olardı”, – deyə qəzet yazır.
Azərbaycanın dövlət başçısı İlham Əliyevin köməkçisi Hikmət Hacıyev “Newsweek” nəşrindəki məqaləsində ittihamlara cavab verib.

O qeyd edir ki, indiyə qədər bu tədbiri keçirən əksər ev sahiblərinin sammitdən əvvəl geosiyasi rəqibləri tərəfindən mənfi təbliğatla qarşılaşdıqlarından xəbərdar idilər:
“Biz COP29-un fərqli olacağını gözləmirdik. Bildirirlər ki, “Azərbaycan COP-u beynəlxalq reputasiyasını düzəltmək üçün keçirir”. Halbuki, COP-la bağlı planımız, onu keçirməyə inamımız belə yox idi. Yaxud deyirdilər ki, “Azərbaycan neft və qaz sənayesinə zərbə vuracaq iqlim sazişini qəbul etməyəcək” . Gerçəkdə isə biz mədən yanacağından elektrik ixracatçısına keçid edirik”.
“Azərbaycan bu dəhşətli hücumları və daha çoxunu dəf edə bilər və dəf edəcək də. Ətraf mühitimizə əhəmiyyət verən hər hansı bir ölkənin və ya qrupun iqlim gündəmindən geosiyasi mənfəət üçün istifadə etməsi məqbul olmamalıdır”, – deyə Hacıyev əlavə edib.
Son 1 ayda beynəlxalq insan hüquqlarını müdafiə təşkilatları COP29-la bağlı çağırışlar yayıblar.
Sentyabrın 24-də “Human Rights Watch” Birləşmiş Millətlər Təşkilatının (BMT) 29-cu iqlim dəyişikliyi konfransında (COP29) iştirak edən hökumətləri insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirməyə çağırıb.

Təşkilatın rəsmisi Mirto Tilianakinin sözlərinə görə, COP üçüncü ildir ki, söz və toplaşma azadlığını ciddi şəkildə məhdudlaşdıran repressiv dövlətlərdə keçirilir.
O qeyd edib ki, Azərbaycandakı tədbirə qatılan hökumətlər iqlim dəyişikliyi ilə mübarizədə müstəqil səslərin eşidilməsini tələb etməlidirlər:
“2022-ci ildə Azərbaycanın neft və qaz gəlirləri dövlət büdcəsinin 52 faizini və ixrac gəlirlərinin 90 faizini təşkil edib. Hökumətlər iqlim böhranı ilə mübarizə və insan hüquqlarının qorunması üzrə səyləri pozmaq üçün Azərbaycanın öz mövqeyindən istifadə etməsinə icazə verməməlidirlər”, – deyə Tilianaki əlavə edib.
Oktyabrın 8-də “Human Rights Watch” və “Freedom Now” insan haqları təşkilatları birgə hesabatlarında Azərbaycana çağırış edərək siyasi motivlərlə həbs edilən məhbusları dərhal azadlığa buraxmağa çağırıblar.
Onlar hesab edirlər ki, Azərbaycanda hökumətin tənqidçilərinə, müstəqil qruplara və mediaya qarşı kinli hücumu davam edir. İnsan hüquqları təşkilatları hücumun noyabrın 11-də başlanacaq COP29 iqlim konfransı öncəsi daha da intensivləşdiyinu vurğulayblar.

Oktyabrın 1-də Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən sessiyasında “Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiya ilə bağlı vəziyyətin pisləşməsi” mövzusunda keçirilən müzakirələrdə Azərbaycan üzrə məruzəçi, norveçli deputat Liz Kristofersen qeyd edib ki, COP29 konfransı yaxınlaşdıqca, Azərbaycanda hadisələr “pis istiqamətdə” inkişaf etməyə davam edir.
O cümlədən, oktyabrın 3-də ABŞ-nin 60-dək konqresmeni Dövlət katibi Entoni Blinkenə müraciət edərək Vaşinqtonu noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində insan haqlarının müdafiəsi və bütün siyasi məhbusların azad edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təzyiq göstərməyə çağırmışdılar.

Qeyd olunurdu ki, 10-u senator, 48-i Nümayəndələr Palatası üzvü olmaqla qrup Blinkendən Azərbaycandakı bütün siyasi məhbusların azad edilməsi məqsədilə tədbirlər görməyi, həmçinin Ermənistana qarşı təxribat xarakterli bəyanatların verilməsinin dayandırılmasını istəyiblər.
Azərbaycan Prezidenti İlham Əliyev müraciətin müəllifinin E.Blinkenin olduğunu iddia etmişdi.
Ancaq ABŞ Prezidenti Co Baydenin iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycan Prezidenti İlham Əliyevin Blinkenə sanksiyalarla bağlı məktubun Dövlət Departamentində hazırlanması ilə bağlı fikirlərini təkzib edib.
Con Podesta bildirib ki, Amerika demokratiyasının gücü hakimiyyətlərin bölünməsindədir:
“Bizdə hakimiyyətin bərabər qolları var. ABŞ-da Prezident və İcra Hakimiyyəti Konqresə nəzarət etmir. Bu, demokratiyamızın güclü olmasının səbəbidir. Konqremenlər düşündüklərini deyirlər”.
Bu ilin noyabrın 11-dən 22-dək Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası keçiriləcək.
Bununla əlaqədar Bakıda bəzi məhdudiyyət və qadağaların tətbiqinə başlanılıb.
Paytaxda fəaliyyət göstərən şadlıq saraylarında noyabrın 8-dən 22-dək toy mərasimlərinin keçirilməsinə məhdudiyyət qoyulub.
Azərbaycandakı müstəqil ekspertlər hesab edirlər ki, bu, indiyədək ölkənin ev sahibliyi edəcəyi ən böyük tədbirdir və Bakı buna infrastruktur baxımından hazır deyil.