Jurnalistin anası media qurumuna deyib ki, o, həbsindən sonra istintaq təcridxanasında işgəncələrə məruz qalıb
“The Washington Post” “Meydan TV işi” üzrə həbs olunan müstəqil jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində məqalə dərc edib.
Jurnalistin anası İlhamə Quliyeva media qurumuna deyib ki, Ülviyyə Əli həbsindən sonra istintaq təcridxanasında işgəncələrə məruz qalıb.
“Polis və müstəntiqlər onun saçını yolub, başına vurublar. Telefonunun və “notebook”unun şifrələrini vermədiyi təqdirdə cinsi zorakılıqla hədələyiblər”, -İlhamə Quliyeva deyib.
“Global Voices”in Azərbaycan üzrə yazarı Arzu Qeybulla bildirib ki, Ülviyyə Əli təzyiqlərə baxmayaraq fəaliyyətini davam etdirən azsaylı jurnalistlərdən olduğu üçün hədəfə alınıb.
Ülviyyə Əli 2025-ci il mayın 7-nə keçən gecə saxlanılıb. Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunan jurnalist 1 ay 29 gün müddətinə həbs olunub.
Ülviyyə Əli özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirir.
Ülviyyə Əli 2025-ci il yanvarın 16-da Bakı Şəhər Baş Polis İdarəsində “Meydan TV işi” ilə əlaqədar dindirilib, onun ölkədən çıxışına qadağa qoyulub.
Jurnalist bu qərarla razılaşmamış və məhkəməyə müraciət etmişdi.
O, MeydanTV ilə əməkdaşlıq etmədiyini açıqlamışdı.
Ülviyyə Əli “Meydan TV işi” ilə bağlı indiyə qədər saxlanılan sayca 11-ci jurnalistdir.
Meydan TV bildirir ki, Ülviyyə Əlinin bu media qurumu ilə əməkdaşlığı yoxdur.
2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da həbs olunub. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.
2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) də həbs edilib.
Fevralın 20-də isə jurnalist Nurlan Libre (Qəhrəmanlı) barəsində Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs qətimkan tədbiri seçilib.
Fatimə Mövlamlı da fevralın 28-də “Meydan TV işi” ilə əlaqədar həbs edilib.
Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.
Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.
Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.
Beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırırlar.