Bakı və Tehrandan məsələyə hələ ki rəsmi münasibət bildirilməyib
2024-cü il iyulun 31-də HƏMAS lideri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsindən sonra İranla İsrail arasında münasibətlər daha da gərginləşib.
Britaniyanın “The Telegraph” nəşri mənbələrinə istinadən yazıb ki, bu gərginlik fonunda İran İnqilab Keşikçiləri Ordusu (SEPAH) İsrailə birbaşa hücumlar etmək istəyir.
SEPAH rəhbərliyi mülki əhali arasında itkilərin qarşısını almaq üçün əsas diqqəti hərbi bazalara yönəltməklə Tel-Əvivə və İsrailin digər şəhərlərinə birbaşa zərbə endirməyə çalışır.
Prezident Məsud Pezeşkian isə İranın qonşuluğundakı ölkələrdəki, o cümlədən Azərbaycandakı gizli İsrail bazalarına hücumu təklif edib.
Nəşr yazır ki, İran hakimiyyəti Haniyənin Tehranda qətlindən sonra İsrailə necə cavab verəcəyi ilə bağlı fikir ayrılığı olsa da, yekun qərarı İranın ali dini lideri Ayətullah Əli Xameneyi verəcək.
Eyni zamanda, İranın yeni Prezidentinin adı açıqlanmayan müşavirinin sözlərinə görə, Pezeşkian İsrailə hər hansı birbaşa hücumun ciddi nəticələrə səbəb olacağından qorxur.
Prezident əvəzində Azərbaycan və İraq Kürdüstanında İsrailin gizli bazalarına zərbələr endirməyi təklif edib.
“O, Azərbaycanda və ya Kürdüstanda İsraillə bağlı nəyinsə vurulmasını, bu ölkələrə əvvəlcədən məlumat verilməsini və bütün bu dramatik vəziyyətə son qoyulmasını təklif edib”, – nəşr yazır.
Yaxın Şərq regionunda vəziyyət HƏMAS qruplaşmasının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və “Hizbullah” hərəkatının yüksək rütbəli komandiri Fuad Şükrün qətlindən sonra daha da gərginləşib.
İran İsraili HƏMAS liderini öldürməkdə ittiham edib və cavab addımı atacağını bildirib.
Xarici mətbuatın yazdığına görə, ABŞ Administrasiyası Haniyənin öldürülməsinin regional müharibə riskini artıra biləcəyindən narahatdır.
“The New York Times” qəzeti İranın ali lideri Əli Xamneyinin Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirilməsi əmrini verdiyini yazmışdı.
İran və Azərbaycandan “The Telegraph” nəşrindəki məqaləyə rəsmi münasibət bildirilməyib.
Hökumətyönlü APA agentliyi Azərbaycan hakimiyyətindəki mənbələrə istinadən yazır ki, Bakıda İran Prezidentinin adından yayılmış bəyanatın feyk olduğunu düşünürlər.
“Azərbaycan tərəfində, ümumiyyətlə, belə bir rəy var ki, bu, feyk və dezinformasiyadır. Hansısa dairələr İranla Azərbaycan arasında münasibətlərin son vaxtlar normallaşmasından narahat olmağa başlayıb, bu prosesi pozmaq istəyir. Yaxşı olardı ki, bu iddialara İran tərəfi münasibət bildirib, təkzib eləsin və şübhələrə son qoysun”, – deyə məlumatda vurğulanır.