Tehran 2015-ci ilin sentyabrında ziyarət zamanı dünyasını dəyişən 2426 nəfərdən 464-nün İran vətəndaşı olduğunu bildirib, Səudiyyə şahzadəsi isə İranı Həcc ziyarətini siyasiləşdirməkdə ittiham edib
İran İslam Respublikası 2016-cı ildə Həcc ziyarətinə zəvvar göndərməkdən imtina edib. “The Guardian” qəzeti yazır ki, bu barədə daxili işlər naziri olan Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Nayef açıqlama verib.
Şahzadə “Səudiyyə” agentliyinə açıqlamasında deyib ki, İran Həcc ziyarətini siyasiləşdirməyə çalışır.
İran Səudiyyə Ərəbistanını 2016-cı ilin əvvəllərində zəvvarların təhlükəsizliyi ilə bağlı aparılan danışıqları sabotaj etməkdə günahlandırıb.
İranın ali lideri Ayətullah Əli Xamneyi öz rəsmi internet səhifəsində bildirib: “Mərhəmətsiz səudiyyəlilər yaralılara tibbi yardım göstərmək əvəzinə onları cəsədlər olan konteynerlərə yerləşdirərək, qətlə yetiriblər”.
“Associated Press” agentliyi yazıb ki, 2015-ci ilin sentyabrında ziyarət zamanı 2426-ya yaxın zəvar dünyasını dəyişib. Tehran ölənlərin 464-nün İranlı olduğunu bildirib və zəvvarların ölümünə görə Səudiyyə Ərəbistanının məsuliyyət daşıdığını bildirib.
Xamneyi Səudiyyə Ərəbistanını Məkkədə baş verən kran qəzası nəticəsində həyatını itiən 111 nəfərin ölümündə də ittiham edib.
Səudiyyə Ərəbistanının Mədəniyyət və İnformasiya nazirliyinin xarici əlaqələr və media üzrə köməkçisi Abdulmohsen Alyas bildirib ki, ittihamlar əsassızdır və qeyri-etik təbliğata hesablanıb.
“Səudiyyə Ərəbistanı zəvvarlara xidmət etməyə və onların təhlükəsizliyini təmin etməyə hazırdır “, – deyə Alyas bildirib.
İranın xarici işlər nazirinin sözçüsü Bəhrəm Qasemi deyib ki, nazirlik məsələni araşdırmaq və beynəlxalq platformaya çıxartmaq üçün komissiya yaradıb.
Həcc məsələsi İranla Səudiyyə Ərəbistanı arasında kökü Yəmən və Suriyada baş verən vətəndaş müharibəsinə dayanan gərginliyi daha da alovlandırıb.
Səudiyyə Ərəbistanı Həcc ziyarətində baş verənlərlə bağlı istintaqın yekunlarını açıqlamayıb.
2016-cı ildə Səudiyyə Ərəbistanı təhlükəsizlik tədbirlərini artırmaq məqsədilə zəvvarları elektron bilərziklərlə təmin edib, müşahidə kameraları vasitəsilə nəzarəti gücləndirib.