“Təzə Pir”in imamının oğluna hökm oxundu: “O pulu mənə vermişdi ki…”

Foto: Meydan TV

Hacı Tahirin oğlu dələduzluqda ittiham olunur

Məkkədə Həcc ziyarəti zamanı tanış olduğu şəxsə qarşı dələduzluqda ittiham olunan Hüseynağa Şahmarova hökm oxunub. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 32.312 (rüşvət verməyə təhrik) maddələrilə – gömrükdən mal keçirmək adıyla pul alıb aldatmaqda təqsirli bilinsə də, həbs olunmayıb.

İstintaq və məhkəmə dövründə azadlıqda qalan Hüseynağa Şahmarova noyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində şərti cəza verilib.

Hüseynağa Şahmarov Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, “Təzə Pir” məscidinin imamı Tahir Şahmarovun (Hacı Tahir) oğludur.

Cinayət işinin materiallarından məlum olur ki, Hüseynağa Şahmarov gömrük brokeri kimi fəaliyyət göstərib. O, Həcc ziyarətində tanış olduğu Ceyhun adlı şəxsdən 4000 manat pul alıb. Hüseynağa Şahmarov eşidib ki, Bakı Baş Gömrük İdarəsində Ceyhuna məxsus 3 TIR mal var və onları idarədən buraxmırlar.

İddia olunur ki, Hüseynağa Şahmarov ona mallarını gömrükdən rahat keçərəcəyinə söz verib. Orada çalışan Dövlət Vergi Xidmətinin əməkdaşları ilə şəxsi tanışlıqları sayəsində 2 maşın malı ərazidən buraxdırıb. Üçüncü maşında riskli mallar olduğu üçün idarədən buraxılmayıb. Bu zaman Ceyhun etiraz edərək, mallarının buraxılmağı üçün pul verdiyini deyib. Bundan sonra məsələnin üstü açılıb. O bildirib ki, hər maşına görə 2000 manat pul verib.

Məhkəmədə ifadə verən Hüseynağa Şahmarov pulu rüşvət kimi almadığını deyib:

“Mən 8 dəfə Məkkədə olmuşam, haram pul yeyən deyiləm. Mən vergidə müavin işləyən Cavid müəllimi tanıyırdım. Broker kimi, orada Cavid müəllimlə ünsiyyətimiz olurdu. Ondan xahiş elədim ki, Ceyhunun mallarını buraxsınlar. Ceyhun öz xoşuyla mənə pul vermişdi ki, əziyyət çəkmisən. Sonra o pulu da özünə qaytardım…”

Ana səhifəXəbərlər“Təzə Pir”in imamının oğluna hökm oxundu: “O pulu mənə vermişdi ki…”