Təyyarədən yıxılıb ölənlərdən biri Əfqanıstan futbolçusu imiş

O, ölkənin milli futbol komandasının oyunçusu, 19 yaşlı Zəki Ənvəridir

Source: Yahoo News


O, ölkənin milli futbol komandasının oyunçusu, 19 yaşlı Zəki Ənvəridir

“Taliban”dan qaçmaq üçün yük təyyarəsinə minməyə çalışan və uçaq havalanandan sonra oradan yıxılıb ölənlərdən birinin kimliyi məlum olub.

Əfqanıstan xəbər agentliyi “Ariana” yazır ki, yıxılaraq həyatını itirənlərdən biri ölkənin milli futbol komandasının oyunçusu, 19 yaşlı Zəki Ənvəridir.

Hadisə paytaxt Kabildəki Həmid Karzai Beynəlxalq Hava Limanında baş verib.

Avqustun 15-də Əfqanıstan Daxili İşlər Nazirliyi açıqlama yayaraq bildirib ki, Taliban silahlıları dörd bir yandan Əfqanıstanın paytaxtı Kabil şəhərinə yaxınlaşır.

Daha sonra Əfqanıstanın Əl-Ərəbiyyə telekanalı mənbələrinə istinadən məlumat yayıb ki, paytaxt Kabilin şimalında və cənubunda hökumət qüvvələri ilə “Taliban” silahlıları arasında döyüşlər gedir.

Ardınca Qətərin paytaxtı Dohada fəaliyyət göstərən Taliban ofisi açıqlama yayaraq bildirib ki, bəli, onların birlikləri Kabilə çatıb. Ancaq onlar insanların ölməsini və zərər görməsini istəmirlər. Buna görə də döyüşçüləri Kabilin giriş nöqtələrində dayanıb. Onlar Kabili silah gücünə yox, danışıqlar yolu ilə nəzarətə almaq istəyirlər.

Avqustun 15-də Əfqanıstan daxili işlər naziri Əbdül Səttar Mirzəkval yazılı çıxışında: “Əfqanıstan xalqı narahat olmamalıdır … şəhərə heç bir hücum olmayacaq və hakimiyyətin keçid hökumətinə sülh yolu ilə verilməsi olacaq”, – deyə bildirib.

Növbəti xəbərlərdə isə Əfqanıstan prezidenti Aşraf Qaninin danışıqlardan sonra ölkəni tərk etdiyi bildirilirdi.

Bundan sonra ölkədə Taliban hakimiyyətindən qaçmaq istəyənlər hava limanına üz tutublar. Yollarda və hava limanında tıxac yaranıb. Bəzi insanlar havaya qalxan təyyarələrdən yapışıblar. Təyyarə havaya qalxan zaman onlarla insan yıxılaraq həyatını itrib.

“Ariana”nın məlumatına görə, hazırda da Əfqanıstanın paytaxtı Kabildəki Həmin Karzai hava limanında Talibandan qaçan xalqın gözləyişləri və xaos davam edir.

Amerika vətəndaşlarının və ona yaxın əfqanların təxliyəsi prosesini sürətləndirib. İnsanların təxliyəsi üçün əsasən karqo təyyarələrindən istifadə edilir. Məhz Zəki Ənvərinin yıxıldığı təyyarə də bunlardan biridir.

19 yaşındakı gənc futbolçunun ölümünü Əfqanıstan İdman Nazirliyi də doğrulayıb.

Ənvərinin ölümü ilə bağlı fərqli iddialar da var. Deyilənə görə o, təyyarənin eniş bölgəsində gizlənib.

Təyyarə Qətərə təcili eniş edərkən onun cansız bədəni aşkarlanıb.

Zəki Ənvərinin sosial mediadakı hesabında Kabildə yaşadığı və fransız-əfqan liseyində təhsil aldığı qeyd edilib. Ölümündən öncə sosial media hesabında: “Həyatınızın şəklini özünüz çəkin, fırçasını başqasına verməyin”, – yazdığı bildirilir.

Ana səhifəDünyaTəyyarədən yıxılıb ölənlərdən biri Əfqanıstan futbolçusu imiş