”’Şəxslərin telefonlarının dinlənməsi tapşırığı Elçin Quliyev tərəfindən təsdiqlənib”
“Tağı Əhmədovu mətbuatdan tanımışam, onunla münasibətim olmayıb”.
Meydan TV-nin məlumatına görə, bu sözləri ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin cinayət işi üzrə şahid qismində dindirilən nazirliyin Monitorinq Mərkəzinin sabiq rəisi, həbsdə olan general-mayor Teymur Quliyev deyib.
Teymur Quliyev, Sübahir Qurbanov, Natəvan Mirvətova və digərlərinin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır. Onlar Cinayət Məcəlləsinin bir sıra maddələrində ittiham olunurlar.
Teymur Quliyevin ibtidai istintaq zamanı verdiyi ifadəsində deyib ki, 18 aprel 2015-ci il tarixində ona Məmməd Abbasbəyli adlı şəxsin telefonlarına qulaq asılması tapşırılıb. Onun sözlərinə görə, bunun təşəbbüskarı Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev olub (Həbsdə özünü asaraq intihar etdiyi deyilir): “Həmin tapşırıq Elçin Quliyev tərəfindən təsdiqlənib. Daha sonra nazirliyin sabiq rəhbəri tərəfindən tədbirin Monitorinq Mərkəzi tərəfindən keçirilməsinə icazə verilib. Müvafiq qaydada tapşırığın icrası həyata keçirilib və əldə olunmuş məlumatlar tapşırıqda qeyd edildiyi kimi İlqar Əliyevə göndərilib. Məmməd Abbasbəylini tanımamışam və həmin şəxslə hər hansı bir münasibətdə olmamışam”.
T. Quliyev ifadəsində qeyd edib ki, Bakı şəhər sakini Allahverdi Dəmirovun telefonuna qulaqasılması tapşırığı üzrə təşəbbüskar Antiterrror Mərkəzinin əməkdaşı İlkin Soltanov olub:
“Həmin tapşırıq Elçin Quliyev tərəfindən təsdiqlənib. Əldə olunmuş məlumatlar tapşırıqda qeyd edildiyi kimi İlkin Soltanova göndərilib”.
Teymur Quliyev bildirib ki, qeyd edilən tapşırıqlarda adları qeyd edilən Zakir Bədəlov, Elnur Orucov, Sahib Qurbanov, Zaur Əzimov və digərlərini, ümumiyyətlə, tanımayıb:
“Onlarla münasibətim olmayıb. Həmin şəxslərlə hər hansı bir formada görüşməmişəm və şəxsiyyətləri barədə hər hansı bir məlumata malik olmamışam. Tapşırıqda adı qeyd edilən Tağı Əhmədovu Bakı Metropoliteninin rəisi olaraq mətbuatdan tanımışam. Onunla şəxsi münasibətim və görüşüm olmayıb. Həmin tapşırıqların icrası Monitorinq Mərkəzi tərəfindən strukturun əsasnaməsi və təlimatlarına uyğun iş təşkil edilib”.
MTN naziri Eldar Mahmudov 2015-ci ilin oktyabr ayında prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib. Bundan sonra nazirliyin yüksək rütbəli əməkdaşları həbs edilib. Onlar qanunsuz olaraq azadlıqdan məhrum etmə, hədə-qorxu iıə pul tələb etmə və digər cinayətlərdə ittiham olunurlar.