Ayaz Mütəllibovun sabiq mətbuat katibinə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun (Teylor Fətişoğlu) cinayət işi üzrə proses davam etdirilib.
Hakim Eldar Mikayılovun sədrlik etdiyi iclasda T.İbrahimovun vəkili çıxış edib. O, həbslə olmayan cəza verilməsini xahiş edib.
Zərərçəkmiş şəxslər isə mülki iddialarının təmin edilməsini istəyib.
T. İbrahimov son sözündə hər kəsə təşəkkür edib və Ağdamın icra başçısının dustağı olduğunu deyib:
“”Neçə illik dostumdur. Məni tutdurub, adamlarla üz-göz edib. Hər kəsə təşəkkür edirəm”.
Müşavirdən sonra hökm elan edilib. Hökmə əsasən o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
T.İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək, onun 15 500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli
bilinir.
Digər zərərçəkmiş Zaur Məmmədova isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəldəcəyini deyərək, onun 13 min manat pulunu ələ keçirib.
20-dən çox zərərçəkmişə qarşı ümumilikdə 100 min manatdan çox ziyan vurmaqda təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
T. İbrahimov eks-prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub.