Təşviqat kampaniyası necə yadda qaldı?

”Heç olmasa əvvəllər imitasiya edirdilər, amma bu dövrdə ona da ehtiyac görmədilər”

Source:
foto google.az
foto google.az


”Heç olmasa əvvəllər imitasiya edirdilər, amma bu dövrdə ona da ehtiyac görmədilər”

Aprelin 10-da, səhər saat 8-də növbədənkənar prezident seçkisinin təşviqat kampaniyası bitir. Əvvəlki seçkilərdən fərqli olaraq 2018-ci il seçkisi önə çəkilməklə bərabər, təşviqat mərhələsi qanunvericilikdə dəyişikliklər səbəbindən müəyyən qədər qısa zamanı əhatə etdi. Eyni zamanda, Novruz Bayramına görə istirahət günlərində namizədlər naməlum səbəblərdən təşviqat aparmadılar. Ümumiyyətlə, 11 aprel növbədənkənar prezident seçkisində heç bir namizəd təbliğat mitinqi keçirmədi. Yalnız seçkini boykot edən Milli Şura və Müsavat Partiyası “Məhsul” stadionunda aksiya keçirdilər.

“Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov Meydan TV-yə danışarkən təşviqat mərhələsini “sakit və səssiz” kimi qiymətləndirib:

“Azərbaycan reallıqları baxımından daha coşqulu seçki gözlənilirdi. Ancaq 11 aprel növbədənkənar prezident seçkisində bu görünmədi. Təşviqat kampaniyasının sakit və səssiz keçməsinin bir səbəbi növbədənkənar olması ilə bağlıydı. Adətən seçkilər ərəfəsində mediada, siyasi partiyalarda və ictimai təşkilatlarda müzakirələr başlayır. Ancaq 2018-ci ilin prezident seçkisinın vaxtından əvvəl keçirilməsi qərarı vəziyyəti dəyişdi. Bundan əlavə, seçkilərdə ciddi alternativlərin, fərqli ideyaların və təşviqat proqramlarının olmaması prosesin sakitliyinə dəlalət edən səbəblərdən biridir. Faktiki olaraq, əsas siyasi qüvvələr prosesə qatılmadı. Yaxud namizədlərin qanunla nəzərdə tutulan kütləvi tədbirlər keçirməkdə maraqlı olmaması təsirini göstərdi. Fikir verdinizsə, namizədlər görüşlərini qapalı yerlərdə keçirirdi. Bu mənada 11 aprel növbədənkənar prezident seçkisi ciddi, gərgin seçki mübarizəsi kimi yadda qalmayacaq”.

Hafiz Həsənov
Hafiz Həsənov

Hafiz Həsənov pozuntularla bağlı suala cavabında deyib ki, MSK-nin internet səhifəsində şikayətlərlə bağlı hala rast gəlinmədi. Hətta namizədlikləri qeydə alınmayan şəxslər narazı qalsalar da, şikayət etmədilər. Namizədlər də hər hansı pozuntu barədə danışmadılar:

“Bilirsiniz, seçki pozuntuları ciddi alternativlərin və əsas siyasi qüvvələrin iştirakı sayəsində meydana çıxır. Həm də ciddi alternativlərin iştirak etmədiyi seçkidə pozuntuların olmadığı məntiqidir. Məsələ ondadır ki, proses birtərəfli qaydada keçdi”.

ReAL İdarə Heyətinin üzvü Azər Qasımlı hesab edir ki, bu dövrdə seçki adına proses olmadı:

“Seçki nədir, alternativlər, alternativ fikirlər, proqramlar, ideyalar, seçki mitinqləri, debatlar, siyasi gərginlik – bunların heç biri olmadı, əksi göründü. Bu mənada nəticə olaraq aprelin 11-də eyni qaydada proses öz yekun nəticəsinə çatacaq. Bu, seçki tamaşası adlandırılmalıdır. Yenə aprelin 11-də “seçki karuseli”nin şahidi olacağıq”.

Azər Qasımlı
Azər Qasımlı

Qanun pozuntularına gəlincə, Azər Qasımlınin qənaətincə, 11 aprel növbədənkənar seçkisi böyük bir pozuntudur:

“Nə imza kampaniyası, nə təşviqat, nə də debatı normal seçki mənzərəsi yaratdı. Bu mənzərənin yaranmaması da prosesin təməlinin pozuntuyla qoyulması idi. Azərbaycanda hazırda demokratik seçki atributunun bir elementi belə yoxdur. Heç olmasa əvvəllər imitasiya edirdilər, amma bu dövrdə ona da ehtiyac görmədilər”.

Siyasi icmalçı Zərdüşt Əlizadə seçki prosesini izləmədiyindən bu barədə xəbərsiz olduğunu dedi:

“Hətta iki nəfər gəlib qapımı döyüb bildirişi təqdim edəndə, maraqlanmadığımı söylədim. Mən, ümumiyyətlə, 2003-cü il seçkisindən sonra seçkilərdə iştirak etmirəm. Çünki həmin il dünyanın gözü önündə Azərbaycan cəmiyyətini zorladılar”.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Z.Əlizadə 11 aprel növbədənkənar seçkisində rəqabətin və real namizədlərin olmadığını deyib:

“Bu seçkini bir cümlə ilə ifadə etmək olar: İnzibati resursun qüdrətinin nümayişi. Həm də seçicilərin seçim qabiliyyəti də yoxdur. Baxın, sabah hansısa namizəd pul söz versə, əhali ona səs verəcək, nəinki namizədin proqramını, siyasi hekayəsini araşdıracaq”.

Siyasi icmalçı namizədlərin debatlarını da izləməyib və belə bir istəyinin olmadığını söyləyib:

“Debatlarda siyasi məfkurə kasadlığı olduğundan baxmağa ehtiyac görmədim. Bu, bütün namizədlərə aiddir”.

MSK-nin keçmiş üzvü Akif Qurbanovun sözlərinə görə, seçki kampaniyasını yadda saxlayan maraqlı bir hadisə baş vermədi. Daha çox seçki kampaniyasının olmaması ilə yadda qaldı:

“Bu dövrdə pulsuz efir vaxtından istifadələr nisbətən diqqət çəkdi. Hansı ki, efir vaxtında hakimiyyətin proqramını da görmədik, sadəcə, 2003-cü ildən istifadə olunan “İlhamla irəli” şüarı təkrarlandı və sabitlikdən danışdılar. İkinci, “qarşıdakı 7 ildə Azərbaycan xalqını nə gözləyəcək” sualı açıq qaldı. Alternativlərə gəlincə, dekorasiya xarakteri daşıyırdı, ola bilsin hansısa formada nazirliklərin, yerli icra hakimiyyətlərinin yarıtmaz fəaliyyəti haqda fikirlər səslənsə də, siyasi hakimiyyəti ciddi tənqid edəcək xüsusi məqamlar görünmədi. Bundan əlavə, alternativlər də 7 il üçün hansı platformanı təqdim etdiklərini açıqlamadılar. Daha çox müxalifətin üzərinə yüklənmə, hətta təhqir elementləri də eşidildi. Həm də xaricdəki mühacirlər də hədəf götürüldü. Nəhayət, əvvəlki seçkilərdən fərqli olaraq namizədlər kütləvi aksiyalar təşkil etmədilər. Qapalı yerlərdə keçirilən görüşlərə gələnlərin də vəziyyətdən xəbərsiz olmaqla bərabər məcburi şəkildə gətirildikləri məlum oldu. Təbii ki, bunları təşviqat kampaniyası adlandırmaq olmaz. Əslində, hakimiyyətə bu vəziyyət sərf edirdi və hökumət öz inzibati resursuna uyğun olaraq 11 apreldə prosesi yekunlaşdıracaq”.

Hüquqşünas  Akif Qurbanov
Hüquqşünas Akif Qurbanov

Akif Qurbanov seçki günü saxtakarlıqların ediləcəyi ehtimalının böyük olduğunu düşünür:

“Belə çərçivədə hakimiyyət vətəndaşların fəal şəkildə seçkidə iştirakına ehtiyac duymur. Görünür, inzibati resurslar çərçivəsində məsələni həll edəcəklər”.

Azərbaycanda növbəti prezident seçkiləri 2018-ci ilin oktyabr ayında keçirilməli idi. Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə ölkədə növbədənkənar prezident seçkiləri aprelin 11-ə təyin edildi.

MSK prezidentliyə səkkiz nəfərin namizədliyini təsdiq edib – hazırki dövlət başçısı İlham Əliyev, Demokrat Partiyasının sədri Sərdar Cəlal oğlu Məmmədov, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev və namizədliyi AXC Təşəbbüs Qrupu tərəfindən irəli sürülən Razi Nurullayev.

Müxalifət partiyaları seçkini boykot etdiklərini bəyan ediblər.

Bu il keçiriləcək seçki nəticəsində prezident ilk dəfə olaraq yeddi il müddətinə seçiləcək.

Ana səhifəXəbərlərTəşviqat kampaniyası necə yadda qaldı?