“Tolerant və qonaqpərvər ölkənin nümayəndələri kimi ona “Jara-2018” beynəlxalq festivalına gəlmək imkanı yaratdıq”
“Biz tolerant və qonaqpərvər ölkənin nümayəndələri kimi ona “Jara-2018” beynəlxalq festivalına gəlmək imkanı yaratdıq”
“Jara” festivalının Təşkilat Komitəsi Rusiyanın əməkdar artisti Zaranın tədbirdə iştirakına belə münasibət bildirib.
Təşkilat Komitəsindən APA-ya bildirilib ki, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq Azərbaycan dövlətinin siyasətinin vacib tərkib hissələrindən biridir.
“Bu barədə dəfələrlə ən yüksək səviyyədə bildirilib. Bizim ölkə dialoq və əməkdaşlığa açıqdır, müxtəlif millətləri və mədəniyyətləri təmsil edən insanları birləşdirən meydançadır. Məlumdur ki, incəsənətlə idman siyasətdən kənar sahələrdir, onlar insanları yaxınlaşdırır, konsolidasiya edir. Bu münasibətlə ölkəmizdə “Avroviziya” mahnı müsabiqəsi, ilk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər tədbirlərin keçirildiyini xatırlatmaq kifayətdir. “Jara” festivalı bu sırada öz layiqli yerini tutub və artıq üçüncü dəfədir paytaxtımızda müxtəlif millətlərin nümayəndələri olan Rusiya şou-biznesinin ulduzlarını toplayır. Milliyyətcə kürd olan müğənni Zara özü ölkəmizə gəlmək istədiyini dilə gətirib. O, bizim qədim mədəniyyətimiz, zəngin tarix və adət-ənənələrimizlə tanış olmaq istəyir. Biz də tolerant və qonaqpərvər ölkənin nümayəndələri kimi ona “Jara-2018” beynəlxalq festivalına gəlmək imkanı yaratdıq”, – deyə festivalın Təşkilat Komitəsinin bəyanatında vurğulanıb.
İyulun 26-29-u Bakıda “Jara-2018″ Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Mədəniyyət Nazirliyinin, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL), ölkənin hakim ailəsinə və yaxınlarına məxsus “Beat group”-un baş sponsorluğu, “Pasha Travel”, “Cinemaplus” və digər şirkətlərin dəstəyi ilə baş tutacaq festivalda müğənni Zara Mqoyan da çıxış edəcək.
Rusiya vətəndaşı, ailəsi Ermənistandan olan, yezidi əsilli (kürd etnik qrup), Rusiyanın əməkdar artisti Zara Mqoyanın Bakıya gəlişi bir qrup sosial şəbəkə istifadəçisi tərəfindən narazılıqla qarşılanıb. Narazılar arasında jurnalistlər, müğənnilər
də var
.