Təşəkkür yarışı

Məncə, qarşıda duran vəzifələrin mürəkkəbliyi və nəhəngliyi bu qələbə dəbdəbəsini məhdudlaşdırmağı tələb edir.

Foto: Meydan.tv


Ermənistanla münasibətlərimizi hikkə və əda üzərində deyil, beynəlxalq qanunlar əsasında qursaq, özümüzə hörmət qazanarıq

Qarabağ uğrunda ikinci savaş başlayandan bəri mən barışmaz iki düşmən dövlətin rəhbərlərinin Rusiya prezidenti Putinə ifadə etdikləri təşəkkürləri saymaqla məşğul olmuşam.

Hər iki siyasi rəhbərin təşəkkürü səmimi-qəlbdən gəlirdi və cənab Putin bunu gözəl anlayırdı. Əgər Paşinyanın təşəkkürlərinin arxasında Rusiyanın Ermənistana göndərdiyi silah-sursat və avadanlığa görə minnətdarlıq dururdusa, Əliyevin təşəkkürlərini ilhamlandıran amil Rusiyanın Ermənistana bundan artığını göndərməməsi idi.

Savaşın məlum nəticəsini bildiyimizdən zənn etmək olardı ki, İlham Əliyev Putinə daha çox təşəkkür etmişdi, lakin belə olmadı, Paşinyan Əliyevə nisbətən say etibarilə daha çox təşəkkür etdi, zira anlayırdı ki, Rusiya nəinki Ermənistanı, həm də ilk növbədə onu və ailəsini erməni qaragüruhunun qəzəbindən xilas edir.

Bununla yanaşı qeyd etməliyik ki, təşəkkürlərə münasibətdə Putin özünün Əliyevə daha yaxın olduğunu əsla gizlətmirdi, zira əmin idi ki, Moskva-Bakı münasibətlərində vaxtilə hökm sürmüş Heydər Əliyev-Leonid Brejnev mehribanlığını indiki dönəmdə İlham Əliyev-Vladimir Putin ilişkiləri uğurla davam etdirir.

Müdafiə naziri Sergey Şoyqu Putinə məruzə edəndə ki, Xankəndində 330 nəfərlik şəxsi heyət üçün rahat mobil qışlaq tikilib istifadəyə verilmişdir, Ali Baş Komandan öz dərin razılığını əsla gizlətmədi. Rəisin xoş münasibətindən cuşə gələn Müdafiə naziri əlavə etdi ki, belə qışlaqlardan Stepanakertdə (Xankəndi) üstəlik 32-si də tikiləcək, yəni Rusiya öz sülhməramlılarının sayını 330×32= 10 min 560 nəfərə çatdırmağı nəzərdə tutur.

Öz nazirinə nisbətən xarici siyasəti daha dərin bilən Putin onun yadına saldı ki, “bu məsələ Azərbaycanla razılaşdırılmalıdır”.

Fəqət aydın idi ki, həm Putin, həm də Şoyqu bu razılığın artıq onların cibində olduğuna əmin idi. Məhz buna görə Putin Azərbaycana məhəl qoymadan nüfuzlu beynəlxalq təşkilatlara və dövlətlərə müraciət edib onları Qarabağ ermənilərinə yardım göstərməyə dəvət edir.

Təbii ki, bu yeni qoşun söhbəti təməl insan haqlarını əziz ərazi bütövlüynə qurban vermiş cəmiyyətimizi möhkəm narahat etdi.

Ərəblərdə bir xalq məsəli var: “Aynu-l-xaufi cahiz”, yəni “Qorxunun gözü bərəlmiş olar”. Cəmiyyətimiz rus qoşunundan elə qorxur ki, daha yadına məntiq düşmür. Ukrayna hərbi eksperti Aleksey Arestoviç bu rus sülhməramlıları barədə ona sual veriləndə demişdi ki, “Bu zavallılar orada girov qismindədirlər”.

Yaxşı, Xankəndinə qayıtmış 40-50 min erməninin təhlükəsizliyinə zəmanət verəsi 1960 zabit və əsgəri hansı yeni təhlükələr təhdid edir ki, Rusiya onların sayını 10 minə çatdırmağı planlaşdırır? Ermənilər onları təhdid etmir, əksinə, onların ayaqlarının altina sərilib payəndaz olurlar. Məlum məsələdir ki, təşəkkür yarışının sözsüz lideri İlham Əliyevin Ali Baş Komandanlığı dövründə rus sülhməramlılarına Azərbaycan ordusundan hətta nəzəri olaraq heç bir sədəmə toxuna bilməz.

Qalır Azərbaycana gəlişi nəzərdə tutulan türk ordusu, ə bə iş belədirsə, onda bu türk kardeşliyi nereyə getdi?

O biri tərəfdən nə baş verməlidir ki, Suriyada və Liviyada birbaşa toqquşmadan yayınmağı bacarmış bu iki şərik Azərbaycanda savaşsınlar?

Məncə, ağla gələsi və göz görəsi heç bir səbəb yoxdur ki, ruslar türklərlə Azərbaycanda silahlı toqquşsunlar və buna hazırlıq kimi qoşununun sayını 10 minə qaldırsınlar. Odur ki, bu 10 min rus qoşunu məsələsini Xlestakovun 40 min kuryer söhbətinin ardına calamaq olar.

Açıq söyləmək lazımdır ki, bizim jurnalist və təhlilçi tayfamız, bir-iki vücudu çıxmaq şərtilə, fəza təsəvvüründən tam xalidir. Yaxşı yadımdadır, bütün mətbuatımız 1990-cı ildə “Razmik Vasilyanın 120 minlik ordusu” barədə vahiməli yazılar dərc edirdi, hərçənd həmin vaxt sovet Ermənistanı heç 1200 nəfərlik ordu saxlaya bilməzdi.

Mən şəxsən sabiq Dağlıq Qarabağdan qalmış kiçik ərazidə nəinki 10 min, hətta 3 min əsgər və zabitin yerləşdirilməsini çətin təsəvvür edirəm. Təbii ki, Şoyqu orada 32 əlavə qışlaq tikəcək, lakin onların çoxu 330 nəfərlik deyil, 30-35 postda oturan və hər birində ən çoxu 10-15 nəfərlik dəstə yaşayan əsgərlərin rahatlığı üçün tikiləcək.

Rus sülhməramlılarının sayı arta bilər, lakin artım bir neçə yüzü aşmayacaq.

Əsas müşkül rus sülhməramlılarında deyil, bizim özümüzdədir. Xalq qələbə sevinci ilə küçələrə tökülüb ağzını geniş açaraq xeyli bağırandan və COVİD vəbasını maksumum yayıb-udandan sonra xəstələrin və ölənlərin sayı kəlləçarxa qalxdı və bəlli oldu ki, milyardlarla dollar xərclənmiş səhiyyə sistemimiz bərbaddır, Səhiyyə naziri Oqtay Şirəliyev isə peşə hazırlığı baxımından general-polkovnik Nəcməddin Sadıqovun tən tayıdır. Bu, bizim səhiyyə sahəsində hamının bildiyi, lakin təkrar sübuta ehtiyacı olan durumumuzdur.

Keçirik büdcəyə. Heç bir şübhə yoxdur ki, indi təsdiq edilımiş büdcədə Qarabağın bərpasına ayrılmış vəsait əsla kifayət etməyəcək. Əvvəla ona görə ki, cənab Ali Baş Komandanın seçib təyin etdiyi dəyərli kadrlar heç vaxt adət etdiklərindən az oğurlamayacaqlar, saniyən ona görə ki, dünyanın ən mədəni xalqına məxsus dikgəzən ikiayaqlı məməli məxluqatın Qarabağda törətdikləri dağıntıların həcmi total səciyyə daşıyır.

Deməli, İlham Əliyev bir müddət sonra Dövlət Neft Fondundan büdcəyə yeni məbləğlərin köçürülməsi barədə əlavə fərmanlar verməli olacaq. Bu zaman tam qanuni sual yaranır: Azərbaycanın bu viran qoyulmuş ərazini bərpa etməyə vəsaiti çatacaqmı?

İndinin özündə Maliyyə naziri xarici borcun artmasının labüdlüyündən danışır. Xarici borcu artıqmaq olar, lakin bu borcun qaytarılması söhbəti də var axı. Azı yarım milyon insanı doğma yurduna qaytarmağı planlaşdıran dövlətin inkişaf strategiyası olmalıdır. Belə strategiyadan isə əsər-əlamət yoxdur. Belə strategiya olsaydı, onun ilk ünsürü əhalinin yaradıcı qüvvəsinin buxovlarını qıran səmərəli yerli özünüidarə meyarlarının tətbiqi, özünün tam yarıtmazlığını sübuta yetirmiş “icra hakimiyyəti başçıları” qurumunun bilmərrə ləğvi olardı.

Lakin prezident istisnasız olaraq vecsiz və əliəyri məxluqatdan ibarət olan bu müti əlaltılardan heç cür ayrılmaq istəmir. Bir tərəfdən bu əliəyriləri həbs edir, o biri tərəfdən yeni əliəyri və oğruları təyin edir.

Məncə, qarşıda duran vəzifələrin mürəkkəbliyi və nəhəngliyi bu qələbə dəbdəbəsini məhdudlaşdırmağı tələb edir. Əlbəttə, qələbəni aramsız və artan xətlə bayram etmək olar, fəqət qalib Rusiyanın halətini göz önünə gətirib nəticə çıxarsaq, daha ağıllı hərəkət etmiş olarıq.

Ermənistanla münasibətlərimizi hikkə və əda üzərində deyil, beynəlxalq qanunlar əsasında qursaq, özümüzə hörmət qazanarıq. Ən ilk və ümdə tələbimiz Ermənistanın bizim ərazi bütövlüyünü və sərhədlərimizin toxunulmazlığını tanıması olmalıdır. Yalnız bundan sonra sərsəm Artsax söhbətinə son qoyular və iki dövlət arasında normal münasibətlər qurula bilər. Əks halda Ermənistan qisasçılıq yolunu tutub yeni fəlakətlərin qapısını açacaq.

Diplomatiyamız bu istiqamətdə çalışmalıdır.

Təəssüflə qeyd etdiyim bu aşkar qüsurlara baxmayaraq, Azərbaycan hələ də özündə gerçək islahatlara qədəm qoymaq və millət qarşısında duran müşkülləri çözmək imkanını özündə saxlayır.

Ana səhifəXəbərlərTəşəkkür yarışı