Təsdiqləyici meyarlar…

Zaur Baxşəliyev və yaxud Bəxtiyar Vahabzadə…

Source:



Nəzərə almalıyıq ki, Bəxtiyar Vahabzadə sovet dövrünün yetişdirdiyi ziyalıdır, o Sovetlərin icazə verdiyi qədər azərbaycanlı, sovetlərin icazə verdiyi qədər vətənpərvərdir. Onun “Gülüstan” poeması da, sovet hökumətinin icazə verdiyi üçün mövcuddur. Nə üçün ittifaqdan qurtulsaq da, ittifaqın bizim üçün yaratdığı şəxsiyyət kultlarından qurtulmamışıq? Müstəqillik, azadlıq təkcə konstitusiyaya, bayrağa, himnə sahib olmaqdırmı?

Dəyərlərin meyarı nədir? Cəmiyyətin və fərdin sahib olduğu dəyərlər hansı meyarlar əsasında belə demək mümkünsə, legitim olur ya da daha sadə dillə desək, dəyərləri dəyərli edən nədir? Dəyərlərin meyarı həmin dəyərlərə dəyər qatırmı?

Məsələn, Nitşe öz müasirlərinin dəyərlərinin əsasında xristianlığın və xristian tanrısının olduğunu düşünürdü. Onun “Tanrı öldü” ifadəsi “dəyərlərin bir meyarı qalmadı, artıq bu dəyərlər dəyərli deyil” fikrinin başqa formada dilə gətirilməsi idi. Nitşe üçün Avropa əxlaqının əsasında “Tanrı” ideyası dururdu və buna görə də, dəyərləri birbaşa kökündən sarsıtmaq üçün Xristianlığa savaş elan etmişdi.

Nitşenin təsiri altında mən uzun müddət Azərbaycan dəyərlərinin meyarı olaraq İslam dinini görürdüm. Əslində, buna müəyyən qədər də haqqım olduğunu düşünürəm. Nəzərə alsaq ki, yeri gəldi-gəlmədi, əsası oldu-olmadı, İslam dini Azərbaycan insanı üçün meyar rolunun oynayır. Yəni bir növ ondan legitimlik qazanmaq üçün instrument kimi istifadə edirlər, onda bu cür düşünmək üçün kifayət qədər səbəbimiz var.

Ancaq son zamanlar anlamağa başlamışam ki, İslam dini əslində düşündüyümüz qədər aparıcı rol oynamır. İnsanlar üçün meyar olan başqa faktorlar da var. Şəxsiyyətlər və şəxsiyyət kultları. Bu insanlar daha çox təsdiqləyici rolunu oynayır, özü də bir dəfə təsdiqləyib sonra geri çəkilmir, aktualdırlar və yenidən, bir də, yenidən cəmiyyət üçün öz dəyərlərinin doğru olduğu inancını yaradır.

Çox qəribə səslənsə də, bu şəxlərdən birinin tele-aparıcı Zaur Baxşəliyev olduğunu düşünürəm. Zaur Baxşəliyev çox unikal bir şəxsiyyətdir. Hətta deyərdim möcüzəvidir. Bu şəxs öz varlığı ilə Azərbaycan xalqını bütünlüklə təmsil edir və cari dəyərlərin doğru dəyərlər olduğunu dəfələrlə təsdiq edir. Misallar gətirərək göstərməyə çalışım. Evlilik proqramı, istedad axtarışları, ailə və məişət problemlərinin qabardılması, cəmiyyəti narahat edən çox “ciddi” sosial problemlərin efirə çıxarılaraq müzakirə edilməsi və bunların hamısına milli-mənəvi dəyərlər nöqteyi nəzərindən dəyər verilməsi.

Zaurun ən böyük səhvi, məncə, “Bu stil mənimdir” verilişi oldu. Bu tip verilişi milli-mənəvi dəyərlər əsasında legitimləşdirmək çox müşkül məsələdir. Zaur bəy belə demək mümkünsə, cəmiyyətdə oynadığı təsdiqləyici-meyar rolunu çox möhkəm sarsıtdı. Öz xanımı ilə birlikdə veriliş aparması, birgə instagram hesabına sahib olmaları da əslində, gənc azərbaycanlılara ideal cütlük necə olmalıdır mesajı ötürür. Azərbaycan xalqı günü-gündən daha çox eyniləşir, bir-birinə bənzəməyə başlayır, başqa sözlə Zaurlaşır.

Bu da Zaur bəyin nə üçün sevilən tele-aparıcı olduğunu izah edir. Çox təəssüf ki, Zaur bəyin verilişlərinin daimi izləyicisi deyiləm, yoxsa daha çox misallar gətirərək öz fikrimi möhkəmləndirə bilərdim. Oxucuya tövsiyyəm bu yazını oxuduqdan sonra Zaur Baxşəliyevə bir də təsdiqləyici-meyar olaraq baxın və onun verilişlərini bir də bu nöqteyi-nəzərdən izləyin.

İkinci bir şəxsiyyət kimi isə son zamanlar gündəmdə olan Bəxtiyar Vahabzadəni göstərmək istəyərdim. Bəxtiyar Vahabzadə əslində bir simvoldur. Sovet dövründə yaradılmış ziyalı təbəqənin hamısını təmsil edir. Onun yaradıcılığının istedadlı olub-olmadığını müəyyən etmək mənim vəzifəm deyil, qoy bunu ədəbiyyat nəzəriyyəçiləri etsin. Onun əslində statusu problematikdir.

Nəzərə almalıyıq ki, Bəxtiyar Vahabzadə sovet dövrünün yetişdirdiyi ziyalıdır, o Sovetlərin icazə verdiyi qədər azərbaycanlı, sovetlərin icazə verdiyi qədər vətənpərvərdir. Onun “Gülüstan” poeması da, sovet hökumətinin icazə verdiyi üçün mövcuddur. Nə üçün ittifaqdan qurtulsaq da, ittifaqın bizim üçün yaratdığı şəxsiyyət kultlarından qurtulmamışıq? Müstəqillik, azadlıq təkcə konstitusiyaya, bayrağa, himnə sahib olmaqdırmı?

Əslində, biz sovetdən qutulub eləməmişik, indi də eyni təfəkkürlə idarə olunuruq və onun üçün də eyni ziyalılara sahibik. Bəxtiyar Vahabzadə necəki, o dövrdə Sovet azərbaycanlılarının ziyalısı idi, indi də həmin funksiyasını yerinə yetirir. O da təsdiqləyicidi-meyardır. Mən məktəb vaxtı onun “Təyyarələr” şeirini oxuyanda çox əsəbləşmişdim. Şair ölümə gedən əsgərləri təyyarələrə bənzədirdi və təbii olaraq vətən uğrunda ölümün necə ali-müqəddəs bir borc olduğunu təbliğ edirdi.

Ancaq ölümə gedən onun özü deyildi axı. O isti otağında ölümə getməklə bağlı şeir yazırdı sadəcə. Bu məni çox əsəbləşdirmişdi, müharibəyə getməyən adamın müharibəni öyməsi heç səmimi gəlməmişdi mənə. Məsələn, yazının əvvəlində adını çəkdiyimiz Nitşe müharibənin tərifləyən filosoflardan olub və özü də könüllü olaraq alman ordusuna yazılaraq müharibəyə yollanıb.

Bəxtiyar Vahabzadə əslində bir az da unudulmuş şəxslərdən idi, onu Seymur Baycan gündəmə gətirdi. Əslində, camaatın vecinə də deyil Bəxtiyar Vahabzadə. İnsanların Seymur Baycana nifrət püskürməsinin səbəbi, Seymur Baycanın xalqın əsəbləri ilə oynamasıdır. Daha doğrusu, xalqın meyarı ilə.

Asan deyil. Bəxtiyar Vahabzadə adı xalqda belə bir yalana inam yaradır ki, o böyük xalqdır, o müdrik xaıqdır, o qəhrəman xalqdır və belə möcüzəvi xalqın da Bəxtiyar Vahabzadə kimi dahi oğlu var. Xalq özünün ucalığı, müqəddəsliyi matriksində yaşayır və onu silkələmək, oyatmaq istəyən hər kəsə düşməni kimi baxır. İnglisin Şekspiri, rusun Puşkini varsa onun da Nizamisi, Füzulisi, Bəxtiyarı var.

Azərbaycanlını sivil, inkişaf etmiş xalqlarla yanaşı qoymuş saylıan bu şəxslərə toxunsan, əlbətdə, xalqın qəzəbinə tuş gələcəksən. Bu qəzəbin şiddətinin başqa bir səbəbi isə əslində xalqın bir yanılma içində olduğunu anlamasıdır. Arıtq 21-ci əsrdir, Sovet dövrü deyil ki, dünyadan xəbərsiz olasan. Başqa ölkələrə baxırlar, görürlər ki, əslində çox miskin bir həyatları var, ancaq bu reallığı qəbul edə bilmirlər, çünki reallığı dəyişdirə biləcəklərinə inamları yoxdur. Onun üçün də öz təsdiqləyi-meyarlarına möhkəmcə bağlıdırlar.


Bu hadisə həm də başqa məsələləri də üzə çıxardı. Azərbaycanlıların içində necə möhkəm, boğulub qalmış aqressiya olduğunu gördük. Adi və istedadsız adlandırdıqları bir yazıçıya qarşı bu qədər pataloji həddə çatan nifrət mesajları normal deyil. Aydın oldu ki, içində illərdir çətin həyat şəraiti səbəbindən yığılıb qalmış bir əsəb var. Onun üçün də gücünün çatdığı, əlinin yetdiyi hər şeyə bir daş atır. Bu təkcə yazı-pozu adamlarının yox, həm də siyasilərin nəzərə almalı olduğu bir məsələdir. Azərbaycanlılar özlərində bir az da cəsarət tapsalar, siyasi zəmində aqressiv hərəkətlər göstərməyə çox meyillidirlər.

Başqa bir tərəfdən bu hadisə həm də, sovet ziyalıların xalqa təsiri məsələsinin müzakirə olunmalı olduğu həqiqətini üzə çıxardı. Sən demə, sovet təsiri hələ də üzərimizdədir və bu məsələ haqda hələ də kifayət qədər danışmamışıq. Söz azadlığı boğulduğu üçün, artıq çoxdan həll eləyib kənara qoymalı olduğumuz bir çox məsələlər toxunulmaz qalıb.

Xülasə, Azərbaycan dəyərlərinin meyarları nələrdir və kimlərdir? Məsələn Zaur Baxşəliyev və Bəxtiyar Vahabzadə. Yazının əvvəlindəki suala qayıdaq. Dəyərlərin meyarı, həmin dəyərlərə dəyər qatırmı?

Başqa sözlə, meyarını göstər, kim olduğunu deyim.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəTəsdiqləyici meyarlar…