Bir nəfərin vəziyyətinin ağır olduğu bildirilir
Tərtərdə mal-qara otaran sakinlər minaya düşüb. Hadisə Tərtərin Çaylı kəndində baş verib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.
Mina partlayışı nəticəsində 55 yaşlı Polad İsmayılov, 32 yaşlı Arzuman Tağızadə və 18 yaşlı Elmir Bağırov ağır xəsarət alıb. Hadisənin təmas xəttində, minalardan təmizlənməmiş ərazidə baş verdiyi bildirilir.
Zərərçəkənlərdən Elmir Bağırovun hər iki ayağı Bərdə Rayon Mərkəzi Xəstəxanasında amputasiya edilib. Həmin xəstəxanada olan Arzuman Tağızadənin də vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Aprelin 2-də Ağdamda da mina partlayışı olub. Nəticədə Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı xəsarət alıb.
Hadisə Ağdam rayonunun Sarıcalı kəndi ərazisində baş verib. Ərazidə mina təmizləmə işləri aparan 37 yaşlı Xəyyam Əliyev xəsarət alıb və istifadə olunan texnikaya maddi ziyan dəyib.
Ağdam rayon Prokurorluğundan verilən məlumata görə, Xəyyam Əliyevin vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.