3 avqustda gecə saatlarında Tərtərin Qapanlı kəndində hər 15 dəqiqədən bir atəş səsləri eşidilib. Saat 2, 4 radələrində atışmalar daha da intensivləşib. Sakinlər Meydan TV-yə bildiriblər ki, 2 avqustda gecə saatlarında rayon prokuroru, icra başçısı kənddə olublar. Həmin gecə də rayonda atəşkəs pozulub.
Qapanlı kənd sakini Tahir Əhmədov deyir ki, 4 gün olar atəşkəs tez-tez pozulur. Bu, onların təsərrüfat işləri ilə məşğul olmasına mane olur. O bildirir ki, sakinlərin gecə küçədə sərbəst hərəkət etməsi üçün küçələrə işıq dirəkləri yerləşdirilib. Amma gecə saatlarında sakinlər yenə də evlərindən küçəyə çıxmamağa çalışırlar.
T. Əhmədov əlavə edir ki, atəşkəsin pozulmasına görə kənddən heç kim köçməyib. O deyir ki, qorxu hissi var, amma onlar bu cür yaşamağa öyrəşiblər.