33 yaşlı Sevda Abışovanın ölümündə həkim səhlənkarlığı barədə ekspert rəyləri olsa da, prokurorluq cinayət işinə xitam verib
Tərtər sakini Sevda Abışova ilyarım öncə Gəncə Beynəlxalq Xəstəxanasında diz əməliyyatı keçirib və ertəsi gün həyatını itirib. Ailə üzvləri deyir ki, 5 və 8 yaşlarında iki azyaşlının anasız qalmasının səbəbi həkim səhlənkarlığı olub.
“İstəyirəm ki, heç olmasa, başqa uşaqlar anasız qalmasın”
Qardaşı Emin Əliyev Meydan TV-yə danışır ki, əllərində bacısının ölümünə həkim səhlənkarlığının səbəb olduğunu sübut edən ekspertiza rəyləri var. Buna baxmayaraq, Gəncə Şəhər Prokurorluğu həmin rəyləri sübut kimi qəbul etməkdən imtina edir. Hərçənd, o rəylərin özü də prokurorluğun özünün təyin etdiyi ekspertizalar nəticəsində verilib:
“Həkimi açıq-aşkar şəkildə cəzalandırmaq istəmirlər, məsuliyyətdən kənarda saxlayırlar. Mən də bilirəm ki, hətta cəzalansa belə, bacım geri qayıtmayacaq. Amma istəyirəm ki, heç olmasa, belə səhlənkarlıq, məsuliyyətsizlik nəticəsində başqalarının bacısı ölməsin, başqa uşaqlar anasız qalmasın. Həm də belə bir əməli törədən niyə cəzasız qalmalıdır?”.
34 yaşlı Sevda Abışovaya ötən ilin martında “hər iki dizin menisk yırtığı” diaqnozu qoyulub. Martın 4-də “dizin oraqvari qığırdağının kəsiklə çıxarılması” əməliyyatı keçirilib.
Emin Əliyev deyir ki, bacısını əməliyyat eləyən həkim İltifat Hüseynov prosesin uğurlu keçdiyini bildirib. Onları arxayın salıb ki, Sevdanın vəziyyəti yaxşıdır, evə gedə bilərlər, ertəsi gün də gəlib xəstəxanadan çıxararlar:
“Səhər tezdən saat 8 radələrində zəng elədilər ki, “vəziyyəti ağırdır, xəstəxanaya gəlin”. Gəldim, reanimasiyada dedilər ki, artıq keçinib. Tələb elədim ki, hüquq-mühafizə orqanlarına məlumat verilsin. Diz əməliyyatı nədir ki, ondan adam ölsün? Özüm də “102”yə zəng elədim”.
Məhkəmə prokurorluğun qərarını ləğv edib, işi yenidən araşdırmaya göndərib
Əməliyyatın ertəsi gün səhər saat 7 radələrində tibb bacısı Sevda Abışovanı gəzdirəndə o, özünü pis hiss elədiyini deyib. Vəziyyəti pisləşdiyinə görə reanimasiya şöbəsinə yerləşdirilsə də, təxminən 1 saat sonra orada vəfat edib.
Sevda Abışovanın ölüm faktı ilə əlaqədar Gəncə Şəhər Prokurorluğunda əvvəl Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Oktyabrın 18-də başlanan bu cinayət işi üzrə icraat iki ay sonra dayandırılıb. Təxminən bir ay sonra – 2024-cü ilin yanvarında icraat təzələnib və Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) maddəsinə tövsif olunub.
Martın 31-də isə Gəncə Şəhər Prokurorluğu ümumiyyətlə, cinayət işinə xitam verilməsi barədə qərar qəbul edib.
Bir il davam edən istintaq müddətində üç dəfə ekspertiza təyin edilib. Hər üçündə də ekspertlər rəy verib ki, keçirilmiş əməliyyatla ölüm arasında əlaqə var. Ölümün səbəbi ağciyər arteriyalarının tromboemboliyası olub. Buna da gətirib çıxaran amillər var – əməliyyatdan əvvəl və sonra tromboemboliyanın profilaktikası tam aparılmaması, yetərli dozada qandurulducu vurulmaması, ayaqlara bandaj – elastik bint bağlanmaması, vəziyyəti pisləşəndən sonra aparılmış reanimasyon tədbirlərin təlimat qaydalarına uyğun olmaması.
Ekspertlər vurğulayıb ki, buna məsul şəxslər də müalicə həkimi, həkim-travmatoloq və həkim-anestezioloq-reanimotoloqdur.
Amma Gəncə Şəhər Prokurorluğunun müstəntiqi Həsən Həsənli ekspert rəylərini sübut kimi qəbul eləməyib. Müstəntiq iddia edir ki, ekspertiza rəyləri başqa sübutlarla təsdiqini tapmır.
İstintaqda zərərçəkmişin hüquqi varisi kimi tanınan Emin Əliyev deyir ki, cinayət işinə xitam verilməsi barədə ona vaxtında məlumat verilməyib. Onu əmin eləyiblər ki, istintaq başa çatandan sonra iş məhkəməyə göndəriləcək. Günün birində isə xəbər tutub ki, martın 31-də cinayət işinə xitam verilib.
Emin Əliyev prokurorluğun xitam qərarının ləğvi üçün məhkəməyə üz tutub. Gəncə Şəhər Məhkəməsi onun şikayətinə baxıb, xitam qərarını verən müstəntiqi də dindirib. Müstəntiq qərarını məhkəmədə də müdafiə edib.
İyulun 16-da hakim Elxan Əlizadə prokurorluğun qərarını ləğv edib və bu işi yenidən araşdırmaq üçün prokurorluğa qaytarıb.
“İki dəfə Baş prokurorun qəbulunda olmuşam”
“Məhkəmə xitam qərarını ləğv edib, işi prokurorluğa qaytarsa da, yeni araşdırma barədə bizdə heç bir məlumat yoxdur. Ehtiyat edirəm ki, əvvəlki kimi, yenə də ədalətsiz yanaşarlar, işi düzgün araşdırmazlar. İki dəfə Baş prokuror Kamran Əliyevin qəbulunda olmuşam – bir dəfə Beyləqanda, bir dəfə də Tərtərdə. Respublika Prokurorluğunda idarə rəisi Fazil Həsənəliyevin, Gəncənin prokuroru Azad Qarayevin qəbulunda olmuşam. Mən hələ orta savadlı adamam, o ekspertiza rəylərini oxuyanda görünür ki, həkim səhvinə görə olub bu hadisə. Həkimi qoruyurlar. Hər yerdə adamı var. DTX-nın xəstəxanasında işləyir”, – Emin Əliyev bildirib
Əməliyyatı həyata keçirmiş həkim-travmatoloq İltifat Hüseynov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi Hospitalında çalışır. O, həm də Gəncə Beynəlxalq Xəstəxanası ilə rəsmi müqavilə ilə əməkdaşlıq edib.
İltifat Hüseynov Sevda Abışovanın ölümündə özünü günahkar saymır. O bildirib ki, əməliyyat fəsadsız keçib. Əməliyyatdan sonra ayılanda göstəricilərin hamısı normal olub, palataya köçürülüb, yaxınları ilə telefonla danışıb:
“Səhər saat 7-də ayağa qalxıb, yeriyib. Bir müddət sonra tibb bacılarına özünü pis hiss elədiyini deyib. Onu yerinə uzadıblar, reanimotoloqa xəbər veriblər. Mən əməliyyat zamanı hansısa səhvə yol verməmişəm”.
Reanimotoluq Nail Rəcəbov da bu hadisədə məsuliyyətin müalicə həkiminin üzərində olduğunu deyir. Onun sözlərinə görə, səhər saat 07.30 radələrində təcili stasionar şöbəyə çağrılıb, bir gün əvvəl dizindən əməliyyat olunan pasiyentin vəziyyətinin pisləşdiyi bildirilib. Sevda Abışovada təngnəfəslik, boğulma yaranıb, üzündə göyərmələr əmələ gəlib:
“Təcili reanimasiya şöbəsinə gətirildi, süni tənəffüs aparatına qoşduq. Stasionar şöbəyə gəlib ona baxanda ayaqlarında elastik bint yox idi. Həmin vaxt artıq tromb ağciyərə vurduğuna və vəziyyəti ağırlaşdığına görə bundan sonra elastik corab kömək eləyə bilməzdi. Əməliyyatı eləyən həkim özü dərhal sonra bunu eləməli idi. Əməliyyatdan sonra xəstə hərəkətsiz qaldığına görə aşağı ətraflarda trombun əmələ gəlməsinin qarşısını almaq üçün elastik corab geyindirilməli idi”.
Tibb bacısı Mələk Quliyeva isə iddia edir ki, Sevda Abışovanın ayaqlarına elastik bint bağlanmışdı.
Amma zərərçəkmiş tərəf buna inanmır. Onlar hesab edir ki, tibb bacısı həkimi qorumaq üçün belə ifadə verir.