“Tərtər işi”nə görə həbs olunmuş daha 8 nəfərin işi yenidən istintaqa qaytarıldı

“Tərtər işi”, Foto: Meydan TV

Beləliklə, dövlətə xəyanət və başqa ittihamlarla 5 ildən çoxdur həbsdə olan 19 nəfərin işi üzrə yenidən istintaq gedəcək

“Tərtər işi” üzrə 20 ilə qədər azadlıqdan məhrum edilmiş daha 8 nəfərin işinə Gəncə Hərbi Məhkəməsində baxılıb. Onlar 7 nəfər (Zaur Abdullayev, Yalçın Tanrıverdizadə, Orxan Babayev, Emin Naibov, Vəli Xəlilov, Nicat Rzayev, Natiq Quluzadə) və 1 nəfər (Emil Əliyev) olmaqla məhkəmə qarşısına çıxarılıb. Amma hər iki məhkəmə prosesinə hakim Vüqar Məmmədov sədrlik edib.

Hər iki məhkəmədə prokuror istintaq zamanı kobud prosessual pozuntulara yol verildiyini, həmin pozuntuların məhkəmə baxışında aradan qaldırılmasının mümkün olmadığını əsas gətirib, icraata xitam verilməsi, işin istintaqa geri qaytarılması vəsatət qaldırıb. Dövlət ittihamçısı həmçinin təqsirləndirilən şəxslərin istintaq getdiyi dövrdə də həbsdə saxlanmaları haqda vəsatət verib. O, bəzilərinin barəsində 1 ay, bəzilərinin isə 2 ay həbs qətimkan tədbiri seçilməsi haqda vəsatət də qaldırıb. Məhkəmə bunu da təmin edib.

Hərçənd, vəkillər təqsirləndirilən şəxslərin istintaq müddətində azadlıqda qalmasını istəyirdi. Müdafiəçilər vəsatətlərində vurğulayıb ki, onsuz da bu şəxslər heç bir mötəbər sübut-dəlil olmadan 5 ildən çoxdur həbsdə saxlanılır.

Vəkil Səadət Seyidli vəsatətini əsaslandırarkən bildirib ki, Tərtər işi üzrə illərdir müzakirələr gedir. Onlar azadlığa buraxılarsa, şahidlərə və ya istintaqın gedişinə təsir göstərmələri mümkün deyil.

Digər vəkil Ramiz Abdullayev hüquq-mühafizə orqanlarının nəzarəti altında olacaqlarını vurğulayıb:

“Azərbaycanda hüquq-mühafizə orqanları elə də aciz deyillər ki, bu adamlar qaçıb gizlənsinlər. Hüquq-mühafizə orqanlarının nəzarəti altında olacaqlar. Ailələri var”.

Lakin vəkillərin vəsatəti təmin edilməyib.

Vəkillər həmçinin “Tərtər işi”nin istintaqını aparmış müstəntiqlər, ona rəhbərlik etmiş prokuror (Hərbi Prokurorun müavini), hökm və qərar vermiş hakimlər haqqında da xüsusi qərar çıxarılmasını istəyib.

Müdafiəçilər vurğulayıb ki, hər üç məhkəmə instansiyasında – Tərtər Hərbi Məhkəməsi, Gəncə Apelyasiya Məhkəməsi və Ali Məhkəmədə bu işə baxılıb. Orada da vəkillər, təqsirləndirilən şəxslərin özləri işgəncə altında ifadə alınması və s. pozuntuları diqqətə çatdırıblar. Lakin əhəmiyyət verilməyib.

Müdafiəçilərin xüsusi qərarla bağlı vəsatəti də təmin edilməyib.

Beləliklə, dövlətə xəyanət və başqa ittihamlarla 5 ildən çoxdur həbsdə olan 19 nəfərin (daha 11 nəfərin işinə noyabrın 5-də baxılmışdı) işi üzrə yenidən istintaq gedəcək.

Baş Prokurorluğun ərizəsi əsasında sentyabrın 30-da Ali Məhkəmənin Plenumu “Tərtər işi” üzrə dövlətə xəyanət və başqa ağır ittihamlarla uzunmüddətli həbsə məhkum edilmiş 19 nəfər haqqında vaxtilə Gəncə Apelyasiya Məhkəməsi və Ali Məhkəmənin çıxardığı qərarları ləğv elədi. Bu məhkəmələr həmin şəxslər haqqında 10 ildən 20 ilə qədər həbs hökmlərini qüvvədə saxlamışdı.

 Ali Məhkəmənin Plenumu qərar verdi ki, bu şəxslərin işlərini Gəncə Apelyasiya Məhkəməsi yenidən araşdırsın.

Sözügedən 19 nəfərin işi üç qrup şəklində apelyasiya instansiyasına göndərildi. Noyabrın 2-də Gəncə Apelyasiya Məhkəməsində üç ayrı qrup şəklində onların işinə baxıldı və hamısı haqqında Tərtər Hərbi Məhkəməsinin hökmü ləğv edildi. İş Gəncə Hərbi Məhkəməsinə göndərildi. Bu məhkəmə də istintaqa qaytardı.

Ana səhifəXəbərlər“Tərtər işi”nə görə həbs olunmuş daha 8 nəfərin işi yenidən istintaqa qaytarıldı