Onların arasında prezidentin mükafatlandırdığı hərbçilər də var
Yaxın vaxtlarda “Tərtər işi”nə daxil daha dörd nəfərlik yeni bir qrupun işi üzrə məhkəmə prosesi başlayacaq. Artıq onların da istintaqı başa çatıb. Cinayət işinin materialları yaxın günlərdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək.
Bu qrupda mühakimə olunacaq dörd nəfər bunlardır: Sənan Maşıyev, Cabir Qəhrəmanov, Ruslan Mikayılov və Elçin Əliyev. Onlar 2017-ci ilin may-iyun aylarında hərbçilərə işgəncə verməkdə, hətta hərbçilərdən bir neçəsini işgəncə ilə öldürməkdə ittiham olunur.
Adıçəkilən şəxslər bundan öncə də Tərtər işgəncələrinə görə həbs olunub. Lakin məhkəmə onlara münasibətdə Cinayət Məcəlləsinin 62-ci (qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza təyin olunması) maddəsini tətbiq edib. Yəni ittiham olunduqları maddədə cəzanın minimum həddi 9 ildən başladığı halda, onlara 5 il 6 ay – 6 il həbs cəzası verilib. Heç bu cəzanın da yarısını çəkmədən azadlığa buraxılıblar. 2020-ci ildə 44 günlük müharibədə iştirakdan sonra isə Prezident İlham Əliyevin sərəncamlarıyla Ruslan Mikayılov, Sənan Maşıyev və digərləri orden və medallarla mükafatlandırılıblar.
Sənan Maşıyev, Elçin Əliyev bundan öncəki məhkəmələrində əməllərindən peşman olmadıqlarını, əksinə, düz iş gördüklərini deyiblər. Onlar işgəncə nəticəsində həyatını itirən şəxslərin yaxınlarını ittiham ediblər.
“İki ilə yaxındı buradayıq, bir dəfə də valideynlərimiz hansısa dövlət orqanının qapısını döyüb deməyib ki, dövlət üçün bu qədər xidməti olan oğullarımızı niyə həbs etmisiz? Etməzlər də. Amma görürsünüz, xainlərin valideynləri aləmi dağıdır. Dövlət üçün öldürmək də var, ölmək də var, zindanda çürümək də var. Biz dövlətimiz üçün lazım olanı etmişik. Bəlkə də, hardasa, qanundan kənara çıxmışıq, amma lazım olanı etmişik…”, – Sənan Maşıyev o zaman məhkəməsində belə demişdi.
Şərti olaraq, “Tərtər işi” adlandırılan cinayət işi üzrə icraat 2021-ci ilin dekabrında yenilənəndən sonra işgəncələrə görə xeyli adam cinayət məsuliyyətinə cəlb olunub. Həmin şəxslərin işləri qrup-qrup məhkəməyə göndərilir. Birinci qrupda Tərtərdə hərbi hissənin rəhbəri olmuş polkovnik Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi olmuş polkovnik-leytenant Rəşid Niftəliyev, eləcə də müddətdən artıq xidmət etmiş iki kəşfiyyatçə – Ramil Qarayevlə Rüstəm Ələsgərov mühakimə olunur. İkinci qrupa isə 5 nəfər daxildir. Bunlardan biri ümumiyyətlə, həbs olunanlar arasında yeganə general olan, həbs edildiyi dövrdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucovdur. O, 2017-ci ilin mayında Beyləqan korpusunun qərargah rəisi olub. Məsələ burasındadır ki, o dövrdə Tərtərlə yanaşı, paralel olaraq, Beyləqanda da hərbçilərə qarşı ketləvi işgəncələr həyata keçirilib. Ona görə də eyni cinayət işi üzrə həm Tərtər, həm də Beyləqan hadisələri bir icraatda araşdırılıb.
Generalla eyni qrupda mühakimə olunan daha dörd nəfər isə bunlardır: Təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədov, snayper bölüyünün keçmiş komandiri Ziya Kazımov, döyüş hazırlığı üzrə şöbədə xidmət etmiş Ülvi Rəşidov, hərbi hissənin Tibb İdarəsinin əlaqələndirmə şöbəsinin rəisi olmuş İntiqam Məmmədov.
Hər iki qrupun işi üzrə məhkəmə araşdırmaları davam edir. Məhkəmə prosesləri Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Lakin araşdırmaları Bakı Hərbi Məhkəməsinin hakimləri həyata keçirir.