Dövlətə xəyanət ittihamıyla məhkum edilənlərin işinə yenidən baxılması üçün Baş prokuror Ali Məhkəmənin Plenumuna müraciət edib
Baş Prokurorluq Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucovun həbs olunması xəbərini təsdiqləyib. Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, bugünlərdə “Tərtər işi” üzrə general Bəkir Orucovla yanaşı, daha bir neçə nəfər də həbs olunub. Onların arasında Ramil Əhmədov, Rahib Məmmədov da var. Beləliklə, 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə istintaq yenilənəndən sonra işgəncələrə görə cinayət məsuliyyətinə cəlb olunanların sayı 17 nəfərə çatıb. Onlardan 12 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Bir nəfər hazırda axtarışdadır. Daha dörd nəfər isə icraat yenilənməmişdən öncə həbsdə idi. Sadəcə, icraat yenilənəndən sonra başqa şəxslərə qarşı işgəncələrdə də iştiraklarıyla bağlı məlumatlar üzə çıxdığına görə onlara yenidən ittiham verilib. Məsələn, Qurban Cümşüdov, Cavid Ağadadaşov.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə ittiham verilib.
Təxminən 9 aydır ki, davam edən istintaq dövründə zərərçəkmiş qismində tanınanların da sayı artıb. Ötən müddətdə işgəncəyə məruz qalmış 288 yeni zərərçəkmiş müəyyənləşdirilərək dindirilib, ekspertizadan keçirilib. Əvvəlki dövrdəki zərərçəkmişlər də nəzərə alınaraq, hazırda ümumilikdə 405 nəfər zərərçəkmiş qismində tanınıb.
İcraat yenilənəndən sonra zərərçəkmiş qismində tanınanlar arasında mərhum leytenant Təmkin Nizamioğlu da var. 2017-ci ildə onun ağciyər xəstəliyindən ölməsi barədə rəy verilsə də, istintaq onun işgəncə nəticəsində həyatını itirməsi qənaətinə gəlib. Onun meyiti ekskumasiya edilib, məhkəmə-tibbi ekspertizasının rəyi də onun işgəncə nəticəsində öldüyünü təsdiqləyib. Onun atası zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınıb.
Tərtər hadisələri zamanı dövlətə xəyanət və başqa ittihamlarla həbs edilən, lakin son nəticədə dövlətə xəyanət yox, hərbi sahəyə aid başqa ittihamlarla məhkum edilən 26 nəfərin işi üzrə araşdırma aparılıb. Onlardan 19 nəfər barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilib. Daha 7 nəfərə isə ittihamların bir qismi üzrə bəraət verilib, bəzi epizodlar üzrə isə bəraətverici olmayan əsaslar olsa da, onların da haqqındakı cinayət təqibinə xitam verilib.
Dövlətə xəyanətdə təqsirləndirilərək uzunmüddətli həbs cəzasına məhkum edilmiş 19 nəfərin barəsindəki məhkəmə hökmlərilə bağlı da qərar qəbul edilib. Baş prokuror onların barəsindəki məhkəmə qərarlarına yenidən baxılması üçün Ali Məhkəməsinin Plenumuna müraciət edib.
Bundan başqa, dövlətə xəyanətdə ittiham olunan, lakin Tərtər hadisələri zamanı işgəncə nəticəsində həyatını itirmiş daha iki nəfərin – Mehman Hüseynov və Elxan Ağazadənin haqqındakı qərarı Baş prokuror ləğv edib. Adları çəkilən şəxslər öldüklərinə görə bəraətverici əsaslar olmadan onların haqqındakı cinayət işinə xitam verilmişdi. Yaxınları isə bu qərarla razılaşmır, təqsirsiz olduqlarını vurğulayaraq, onlara bəraət verilməsini tələb edir. Mehman Hüseynov və Elxan Ağazadə ilə bağlı işlər də araşdırılır.
Tərtər işi üzrə istintaq yenilənəndən sonra mərhum Elçin Quliyevlə bağlı da eyni addım atılmışdı. Onun barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqda qərar ləğv olunmuşdu. Bir müddət araşdırma aparılandan sonra ona bəraət verilmişdi.
Baş Prokurorluq 2017-ci ilin may-iyun aylarında Tərtər hadisələri zamanı işgəncəyə, pis rəftara məruz qalan, lakin zərərçəkmiş şəxs qismində tanınmayanlara müraciət edərək, onların Baş Prokurorluğun “961” Çağrı Mərkəzi və digər vasitələrlə əlaqə saxlamasını istəyib.