Müdafiə nazirinin, Baş Qərargah rəisinin məhkəmədə dindirilməsi ilə bağlı vəsatət təmin olunmadı
2017-ci ildə Tərtərdə əsgər və zabitlərə qarşı kütləvi işgəncələrlə bağlı həbs olunanlardan bir qrupun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Söhbət 4 nəfərdən – N saylı hərbi hissənin komandiri olmuş polkovnik Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi, polkovnik Rəşid Niftəliyev, müddətdən artıq xidmət etmiş kəşfiyyatçı-hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovdan gedir.
Oktyabrın 10-da Sumqayıt Məhkəmə Kompleksində adları çəkilən şəxslərə cəza istənilib. Prokuror Rüstəm Ələsgərovun 12 il, Vüsal Ələsgərovun 10 il, Rəşid Niftəliyev 9 il, Ramil Qarayevin isə 8 il 6 ay azadlıqdan məhrum olunmasını təklif edib.
Təqsirləndirilən 4 nəfər arasında Rüstəm Ələsgərova qarşı irəli sürülmüş ittihamlar daha ağırdır. O, bir neçə nəfəri döyüb öldürməkdə, intihar həddinə çatdırmaqda ittiham olunur. Rüstəm Ələsgərov isə bildirir ki, bu ittihamların ona heç bir aidiyyəti yoxdur. Kimsəsiz olduğuna görə onu “günah keçisi” tapıblar.
Prokurorun çıxışından əvvəl məhkəmədə bir sıra vəsatətlər qaldırılıb. Onların arasında müdafiə naziri Zakir Həsənovun, keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqovun, o dövrdə korpus komandiri olmuş general Hikmət Həsənovun məhkəməyə çağırılıb dindirilməsi, ekspertiza rəyləri arasındakı ziddiyyətlərin araşdırılması və s. məsələlər olub. Lakin bu vəsatətlərin heç biri təmin edilməyib.
Tərtər hadisələri zamanı işgəncə nəticəsində həyatını itirən hərbi qulluqçu Elçin Quliyevin anası, zərərçəkmişin hüquqi varisi qismində tanınan Validə Əhmədova deyir ki, məhkəmə prosesindən narazı qalıb. O deyir ki, əgər Tərtər hadisələrinə rəhbərlik edən şəxslər məsuliyyətdən kənarda qalıbsa, o zaman işgəncələrin başında dayananlar indi də yüksək vəzifədə təmsil olunursa, ədalətdən danışmaq yersizdir:
“Birbaşa işgəncələrə rəhbərlik etdiyi ifadələrlə, sənədlərlə sübuta yetirilən korpus komandiri Hikmət Həsənovun, hərbi komandir Xanlar Vəliyevin, müavini Şəfahət İmranovun ifadələri belə alınmırsa, çağırılıb məhkəmədə dindirilmirsə, hansı ədalətdən danışaq biz? İndiki Baş Qərargah rəisi mayın 6-na qədər – işgəncələr dövründə Tərtərdə olub. Niyə dindirilmir? Hamısı vəzifədə irəli çəkilib”.
Tərtər hadisələri zamanı hərbçilərə kütləvi şəkildə işgəncə verməkdə ittiham olunan, hər biri 4 və 5 nəfərdən ibarət daha iki qrupun işi üzrə məhkəmə prosesi davam edir.
4 nəfərlik qrupda olan həmin dövrdə Tərtərdəki N saylı hərbi hissədə Xüsusi Təyinatlı Bölüyün xüsusi təyinatlı qrupunun komandiri olmuş, leytenant rütbəsində xidmət etmiş 1993-cü il təvəllüdlü Ruslan Mikayılov və üç gizirdir – Sənan Maşıyev, Cabir Qəhrəmanov, Elçin Əliyev.
Onlar 2017-ci ilin may-iyun aylarında 180-dən çox hərbçiyə işgəncə verməkdə, onlardan bir neçəsini işgəncə ilə öldürməkdə, yaxud da intihara vadar etməkdə ittiham olunur.
Adları çəkilən şəxslər bundan öncə də Tərtər işgəncələrinə görə həbs olunub. Lakin məhkəmə onlara münasibətdə Cinayət Məcəlləsinin 62-ci (qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza təyin olunması) maddəsini tətbiq edib. Tərtər Hərbi Məhkəməsinin hökmüylə onlara 6 il həbs cəzası verilib. Bu cəzanın da bir hissəsini çəkib, azadlığa buraxılıblar. 2020-ci ildə 44 günlük müharibədə iştirakdan sonra isə Prezident İlham Əliyevin sərəncamlarıyla Ruslan Mikayılov, Sənan Maşıyev və digərləri orden və medallarla mükafatlandırılıblar.
Tərtər hadisələri ilə əlaqədar cinayət işi üzrə icraat 2021-ci ilin dekabrında təzələnəndən sonra yeni üzə çıxan hallara görə onlar 2022-ci ilin aprelində bir daha cinayət məsuliyyətinə cəlb olunublar.
5 nəfərdən ibarət daha bir qrupda isə Fuad Ağayev, Qurban Cümşüdov, Cavid Ağadadaşov, Ramil Əhmədov və Fuad Axundov mühakimə olunur.
Fuad Ağayev, Qurban Cümşüdov və Cavid Ağadadaşov bundan əvvəl də Tərtərdəki işgəncələrə görə bir dəfə cəzalandırılıb. Fuad Ağayev 10 il, digər ikisi isə 6 il azadlıqdan məhrum edilib. Lakin Baş Prokurorluqda 2021-ci ilin dekabrında Tərtər işi üzrə icraat təzələnəndən sonra onlarla bağlı yenidən iş başlayıb və əlavə ittihamlar irəli sürülüb.
Bu 5 təqsirləndirilən şəxs arasında ən çox adı hallanan Fuad Ağayev idi. Bu da təsadüfi deyil. Çünki Fuad Ağayev həmin hadisələrə rəhbərlik etməkdə ittiham olunan general-mayor, o dövrdə I Ordu korpusunun komandiri Hikmət Həsənovun köməkçisi olub. Fuad Ağayevin özü də Tərtər hadisələri baş verərkən korpusun hüquqşünası vəzifəsində çalışıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda), 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341 (vəzifə səlahiyyətlərini aşma) və s. maddələrilə ittiham irəli sürülüb.