Terrorçuluqla mübarizədə polisə yeni səlahiyyətlər verilib

“Xaricdə dini təhsil alanlar o ölkələrin dini adət-ənənələrini də Azərbaycana gətirirlər”

Source:


“Xaricdə dini təhsil alanlar o ölkələrin dini adət-ənənələrini də Azərbaycana gətirirlər”

Dekabrın 4-də Milli Məclisin plenar iclasında “Polis haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihəsi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Qanun layihəsinə əsasən, Azərbaycanda terrorçuluqla mübarizə sahəsində polisə yeni səlahiyyət verilir.

Qanunun 26-cı maddəsinə (Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi) təklif edilən əlavəyə əsasən, terrorçuluq və ya dini ekstremizm, yaxud dövlət Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq ediləcək.

Bundan əlavə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

Layihəyə əsasən islam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına islam dininə aid ayin və mərasimlər aparması qadağandır. Eyni zamanda ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər.

S. Novruzov bildirib ki, qanunun əvvəlki redaksiyasında da xaricdə dini təhsil alanların Azərbaycanda dini ayin və mərasimlər aparılmasına qadağa qoyulub: “Ancaq belə şəxslər daha sonra Azərbaycanda 2 il dini təhsil alaraq dini ayin və ibadətləri aparmağa başlayıblar. Yəni vəziyyətdən özləri üçün çıxış yolu tapmışdılar. Bunun qarşısı alınacaq. Buna görə də qanunun 21-ci maddəsi yeni redaksiyada verilir, xaricə dini təhsil alanların ümumiyyətlə, Azərbaycanda dini ayin və mərasimlər aparmasına qadağa qoyulur. Çünki xaricdə dini təhsil alanlar o ölkələrin dini adət-ənənələrini də Azərbaycana gətirirlər. Məsələn, Taleh Bağırzadə xaricdə dini təhsil almayıb, 2 il başqa ölkədə dini təlim alıb”.

Deputat Fazil Mustafa dini atributlar məsələsinə aydınlıq gətirilməsini istəyib: “O halda təsbeh də, ətir də atributdur. Ona görə də atribut məsələsinin çıxarılmasını təklif edirəm. Digər tərəfdən, islam dinində heç bir dini bayraq yoxdur. Əməvilərin, Abbasilərin öz bayrağı olub, peyğəmbər döyüşə gedəndə ayrıca bayraqla gedib. Bu gün də islam adlanan dövlətlərin hamısının bayraqları fərqlidir. Azərbaycan cəmiyyətini islama aid olmayan bayraq və atributlardan qurtarmaq lazımdır”.

MM sədrinin 1-ci müavini Ziyafət Əsgərov Azərbaycandan dövlət xətti ilə dini təhsil almağa göndərilənlər olmadığını bildirib: “Praktika göstərdi ki, xaricdə dini təhsil alanlar o ölkələrin ab-havasını gətirirlər, sonra da Nardaran hadisələri baş verir. Azərbaycanda İslam Universiteti, Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi mövcuddur. Xaricdə dini təhsilə nə ehtiyac var? Gördük ki, gedənlər sonra nə edirlər”.

Hər iki layihə qəbul edilib.

 “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklə əlaqədar Cinayət Məcəlləsinə də müvafiq əlavə (168-1 maddə) edilib. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılmasına görə 1000 manatdan 5 min manata qədər cərimə və ya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Bu barədə qanun layihəsi də Milli Məclisdə müzakirəyə çıxarılaraq qəbul edilib.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Ana səhifəXəbərlərTerrorçuluqla mübarizədə polisə yeni səlahiyyətlər verilib