DTX-nin məlumatına görə, onların beynəlxalq terror təşkilatlarının tərkibində döyüş təlimlərində iştirak etdiyi aşkar edilib
Terror qruplaşmasının fəaliyyətində iştirak etdiyi ehtimal olunan Azərbaycan vətəndaşlarının saxlanılaraq ölkəyə gətirildikləri bildirilir. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.
Bildirilib ki, beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan Azərbaycan vətəndaşlarından ibarət cinayətkar dəstələr formalaşdırma, ölkənin şimal bölgəsində meşə massivində yeraltı sığınacaqlar yaradılması ilə müşayiət olunan terror aktlarına hazırlıq, bu məqsədlə silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmə ilə bağlı başlanılmış cinayət işləri üzrə kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Məlumatda deyilir ki, Azərbaycan vətəndaşları – Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimovun 2024-cü ildə ölkəni tərk edərək Pakistanın Əfqanıstanla sərhədindəki dağlıq ərazilərdə gizləndikləri müəyyən edilib.
DTX-nin məlumatına görə, onların beynəlxalq terror təşkilatlarının tərkibində döyüş təlimlərində iştirak etdiyi, silahlı münaqişələrdə yer aldıqları və cinayətkar məqsədlərlə silahlı təlimlər keçdikləri aşkar edilib.
DTX tərəfindən tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, adları çəkilən şəxslər xarici ölkələrdə saxlanılaraq Azərbaycana gətirilib.
“Tofiq Yusifli və Dadaş Həşimovun terrorçuluq fəaliyyətlərinin Azərbaycan vətəndaşları Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirildiyi müəyyən edilib. Onların digər cinayət əməlləri də aşkar edilib”, – məlumatda deyilir.
Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev Azərbaycan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 283-1.3 (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycanın hüdudlarından kənarda yaradılmış sabit qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirak etmə) və digər maddələri ilə təqsirləndirilərək məsuliyyətə cəlb edilib.
Məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda saxlanılan şəxslərin və ya yaxınlarının səsləndirilən iddialara və verilən ittihamlara münasibəti məlum deyil.