Tərcümənin mümkünsüzlüyü

Necədi, əzizlərim? Bəyənmədiniz?

Source:

“Hekayəti-Müsibəti-Mahmudov” bitməmiş “Sərgüzəşti-rabiteyi-vəziri-Əli-Abbasov” pyesi səhnəyə qoyuldu, söhbətin də bismillahı edilməmiş xəbər gəldi ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində həbslər başlayıb, di buyur. Həbs edilənlər arasında da nazirliyin aparat rəhbərindən tutmuş mühafizə idarəsinin rəis müavininən kimi onlarla zırpı-zırpı adamlar, nazirin daça-zadında axtarış-filan da öz yerində, koroçe nazirlər olub heş-zad, birin qatıblar o birinə. Hamsı da “neqodyay” imiş, bilməmişik. Axırda deyəsən sarsılmaz bastion kimi yalnız “qocalar” qalacaq ortalıqda. Ramiz müəllimlə Artur müəllim, lap o “Davaya yalnız qocalar gedir” (“В бой идут одни старики” – orada söhbət əslində tam tərsinə idi, sadəcə konsept uyğundur) sovet filmindəki kimi olacaq söhbət, nəsə.

Yaxşı, bezdirməyim sizi siyasət-miyasətlə, onsuz da heç birimiz “siyasətə qarışmırıq”. Onda keçək “mədəniyyətə”, buyurun, başqa bir xəbər: “Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri Kamal Abdullayev AMEA-nın İqtisadiyyat İnstitutunun əməkdaşları üçün “Kitabi-Dədə Qorqud və Fridrix fon Dits – 200” mövzusunda məruzə oxuyub”. Necədi, əzizlərim? Bəyənmədiz?

Yaxşı, onda buna nə deyirsiz? “Azərbaycanda Mamed və Məmməd adlarının vahid forması kimi Məhəmməd adı müəyyən olunub”. Bunu APA-ya açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. Çingiz Hüseynovun məşhur romanına da bir quş. Yəni buna da sözüvüz var?!

Azərbaycanda baş verən hadisələr dəyərləndirmək, kateqorizə etmək mümkün deyil, məntiqlə təhlil ümumiyyətlə alınmayacaq. Yeganə olaraq əminliklə vurğulayaq: Azərbaycandakı demək olar ki, bütün dəyərlər və anlayışlar saxtadır, bunu artıq rahatlıqla təsdiq etmək olar. Məsələ heç indi baş verən son hadisələrdə də deyil, hərçənd ki, son hadisələrdəki apokaliptik atmoesferi hiss etməyənlər gərək lap gönüqalın olsun.

İşin mahiyyətinə varmaq üçün bir az gündəmdən uzaqlaşaq, bir az da keçək tarixə-marixə. Çox maraqlıdır, baxalım. Demək, Azərbaycanda müstəqilliklə “fəxr edirlər”, bayraq bayramı keçirirlər və sonra da deyirlər ki, sovetin 70-ci illəri Azərbaycanın görünməmiş yüksəliş dövrü olub, Azərbaycanın SSRİ tərkibindəki zamanı da “qızıl dövr” adlanır. Xatirinizdədirmi, İlham Əliyevin bunu dəqiq anlamamış ahıl ensiklopediya işçisini yığıncaqda, TV-də canlı yayımda necə qovduğunun şahidi bütün ölkə oldu? Məsələ ondadır ki, hakim zümrə və xalq kütlələri bu məsələdə çox da fərqli düşünmür – əgər birincilər üçün kommunist keçmişi özlərinin “şərəfli tarixidirsə”, ikincilər üçün bu Brejnev dövrü haqdakı xəfif nostalji qarışıq mifologiyadır. Sual olunur o zaman – nə müstəqillikdir bu, nəyin nədən müstəqilliyidir?

Əşşi, hamısı cəhənnəmə, bütün günü az qala faşist ritorikasına müsabiqəyə çıxmış ölkə mediası Güneydə baş verənlərə səssiz qalmağı üstün tutdu, orada Əhməd Obalı qaldı qışqıra-qışqıra. Başqa vaxt bildiyiniz kimi millətdən-filandan tamam başqa personajlar anqırır. Koroçe, heşzad.

Bir sözlə, hara əl vursan anındaca dağılır, belə çıxır ki, Azərbaycan başdan-ayağa böyük bir saxtalıq imperatividi.

Valla, bütün bunlar da becəhənnəm, mənə çox ağlr gələn bu işlərin heç bir halda verballaşdırılıb izah edilməsi, baqşa, xarici insanlara çatdırmağın isə əsla mümkünsüzlüyüdür. Heç bir halda əcnəbiyə anlatmaq mümkün deyil ki, bütün bunlar nə deməkdi. Uzağı, ağıllı başlarını kədərli-kədərli yelləyib “ach so, Korruption, mafia”, necə anladasan söhbəti, kimə başa salasan, hansı dildə çatdırasan? Azərbaycanda baş verənlər sadəcə təsvirəgəlməzdir. Bu yerdə köməyə yalnız Sofia Coppola’nın hələ 2003-cü lentə aldığı “Tərcümənin mümkünsüzlüyü” (“Lost in translation”) filmi gələ bilər. Lütfən izləyin, bəlkə də tuta bildiniz söhbəti…

P.S. Bunlar hamısı lirika idi, xəbəriniz olsun ki, iki addımlığımızdakı Gürcüstan 2016-dan Avropa ölkələri ilə visasız rejimə, bundan başqa elə həmin gələn ildən könüllü, maaşlı, profesional ordu sisteminə keçir. Yəni heç koqnitiv dissonans-zad da keçirmədiniz siz?


Yazı müəllifin şəxsi mövqeyini ifadə edir…

Ana səhifəMənim FikrimcəTərcümənin mümkünsüzlüyü