Təqsirləndirilən: Rəsmi maaşım 200 manat idi, Dünyamin Xəlilov 2 min manat verirdi

Beynəlxalq Bankın pulları Dubayda, Albaniyada, Türkiyədə otel tikintisinə, iplik fabrikinə, neftayırma zavoduna, qolf kluba xərclənib...

Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev, bacanağı İsmayıl Hidayətzadə, keçmiş deputat Dünyamin Xəlilov və daha 19 nəfərin məhkəməsi fevralın 11-də davam etdirilib. Onlar Beynəlxalq Bankın vəsaitlərinin mənimsənilməsində ittiham olunurlar.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə keçirilən prosesdə C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev Maliyyə Nazirliyinə, Mərkəzi Banka və “Aqrarkredit” QSC-yə sorğu göndərilib, Beynəlxalq Bankla bağlı görülmüş işlərə dair sənədlərin alınması barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, 2015-ci il iyulun 15-də prezident Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanmasıyla bağlı sağlamlaşdırma tədbirləri haqqında fərman imzalayıb. Fərmanda kredit problemlərinin həllinin qanunvericilik bazası və iqtisadi mexanizmi verilib.

Fərmanda həm də Beynəlxalq Bankla əlaqədar “Aqrarkredit” QSC-yə, Maliyyə Nazirliyinə və Mərkəzi Banka konkret tapşırıqlar verilib.
Vəsatət təmin olunmayıb.

Daha sonra təqsirləndirilən şəxslər Natiq İmanov, Arif Mədətov və Sadıx Murtuzayev ifadə verib. Onlar Cahangir Hacıyevin göstərişilə Dünyamin Xəlilovun yaratdığı iddia olunan “General Construction” MMC-nin işçiləri olub. Daha sonra onların hər birinin adına yeni şirkətlər yaradılıb. Həmin şirkətlərə Beynəlxalq Bankdan kreditlər verilib. Hazırda həmin kredirlərin qaytarılmamasına görə onlara Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsilə ittiham verilib.

N.İmanov bildirib ki, 2011-ci ildə D.Xəlilov şirkət yaradıb, onu rəhbər təyin edib. İşi dörd bloklu bina tikmək olub. Həmin ərazidə yaşayan sakinləri köçürüb, təxminən 50-yə yaxın ailə ilə alqı-satqı müqaviləsi bağlanıb. 2015-ci ildə Beynəlxaq Bankla bağlı cinayət işi başlananda istintaqa çağrılıb: “Həmin vaxt Dünyamin Xəlilov burada yox idi, sonra gəldi”.

Təxminən 12 milyon manatlıq mənimsəmədə ittiham olunan N.İmanov bildirib ki, Dünyamin Xəlilovun göstərişilə Beynəlxalq Banka gedirdi. Bankın Mərkəz filialında Azər adlı şəxs onu qarşılayır, hazır sənədlərə imza atırdı, ardınca da pullar evləri alınan vətəndaşların hesabına köçürülürdü: “Hər dəfə banka gedib, sənədlərə imza atanda 1.5 milyon manat pul köçürülürdü. Mənim işim ancaq bankda sənədlərə qol çəkmək olub, nəğd pul almamışam. Ümumilikdə 44 milyon manatlıq pul köçürmə sənədlərinə imza atmışam”.

İttihamda yazılıb ki, N.İmanov Beynəlxalq Bankdan 22 milyon 450 min manatlıq kredit götürüb. O isə deyir ki, şirkətdə işlədiyi vaxt rəsmi maaşı 200 manat olub, amma Dünyamin Xəlilov ona ayda 2000 manat verirdi: “Banka gedib, pulumu alıb, sənədə imza atırdım. Bütün hesabatları da şəxsən Dünyamin Xəlilova verirdim”.

3 milyon 226 min manatlıq mənimsəmədə təqsirləndirilən Arif Mədətov isə ifadəsində bildirib ki, ailə üvzləri ilə birlikdə 2001-ci ildə “Abidə” Mənzil-Tikinti Kooperativini yaradıb. Dediyinə görə, onu Dünyamin Xəlilovla Milli Məclisədə Sərdar Məmmədov adlı şəxs tanış edib: “Söküntü işləri ilə əlaqədar bankdan kredit götürmək üçün Dünyamin Xəlilova müraciət etdim. Sonra onunla 25 faizə razılaşıq”.

Təqsirləndirilən Sadıx Murtuzayev isə “Alfaline” şirkətinə rəhbərlik edib. O bildirib ki, rəhbərliyi formal xarakter daşıyıb. 2006-2007-ci illərdə “Alfaline” şirkətinə Beynəlxalq Bankdan 14 milyon manat kredit ayrılıb. O, bütün addımları D.Xəlilovun tapşırığı əsasında atdığını söyləyib: “Mən sadəcə, sənədlərə qol çəkmişəm, pulu götürməmişəm. “Alfaline” şirkətinə aid bütün məsələlər Dünyamin Xəlilovun göstərişi olub. Maaş qane eləmədi, 2010-cu ildə şirkətdən ayrıldım, ancaq şirkət mənim adımda qalmışdı”.
S.Murtuzayev də şirkətdə maaşa işlədiyini bildirib.

D.Xəlilov özü də ifadə verib. O bildirib ki, mütəşəkkil cinayətkar dəstənin tərkibində birləşib, Cahangir Hacıyevin ona, onun da tabeliyində çalışan başqa işçilərə qanunsuz göstərişləri nəticəsində Beynəlxalq Bankın vəsaitlərini mənimsəmələri haqda ittihamda yazılanlar yalandır: “Nə vaxt, nədə sövdələşmişik biz? Külli miqdarda vəsaiti necə mənimsəmişik? Rol bölgüsü nədən ibarət olub?”

D.Xəlilov C.Hacıyevlə münasibətlərindən danışaraq bildirib ki, bir-birini gənclik illərindən tanıyırlar, 40 ildir münasibətləri var, bir-birinin evinə gedib-gəliblər. 2000-ci illərin əvvəlinə qədər işgüzar münasibətləri olmayıb: “Neft müqavilələri imzalanandan sonra Azərbaycana xarici şirkət axını başlayanda mən də konsaltinq şirkəti yaratdım. Bir çox tanınmış şirkət bizim şirkətin xidmətindən istifadə edirdi. O şirkətdə çalışdığım dövrdə böyük təcrübə əldə elədim. Cahangir Hacıyev “General Construction”u yaratmağı mənə həvalə elədi”.

D.Xəlilov bildirib ki, indi ittihamda bəhs olunan şirkətlər “General Construction”dan sonra yaradılıb. Həmin şirkətə rəhbərlik edib, indi də təqsirləndirilən şəxslər sırasında olanlar əvvəl “General Construction”da çalışıblar. Keçmiş deputatın sözlərinə görə, Beynəlxalq Bank həm ölkə daxilində, həm də xaricdə layihələri maliyyələşdirirdi. Lakin bir şirkətə ayrılan maliyyənin miqdarıyla bağlı limit vardı. Bu üzdən məcbur qalıb yeni layihələr üçün yeni şirkətlər yaradıblar. “General Construction”dan tanıdığı adamları da həmin şirkətlərə rəhbər təyin edərək, işi görməyi onlara həvalə edib.

D.Xəlilov o şirkətlərin pul mənimsəmək məqsədilə yaradılması barədə səslənən ittihamlarla razılaşmır. Bildirir ki, ölkə daxilində və xaricində kifayət qədər effektli layihələr həyata keçirilib, işlər görülüb: “2005-ci ildən Beynəlxalq Bankın dəstəyilə xaricdə də böyük layihələr həyata keçirilməyə başladı. Birləşmiş Ərəb Əmirliklərində, Albaniyada, Türkiyədə otel tikintisi, neftayırma zavodu, qolf klubu və s. Yeni MMC-lər təsis edildikdən sonra “General Construction”ın işçilərindən birinə əvəzçilik qaydasında işləməyi təklif edirdik”.

“Cargill” şirkətilə münasibətlərdən danışan sabiq deputat bildirib ki, bu şirkətdən ucuz maliyyə cəlb etmək üçün onlarla əməkdaşlıq ediblər. Onun sözlərinə görə, bu şirkətin illik dövriyyəsi 120 milyard dollardır.

Ətraflı araşdırma aparılmamasından şikayətlənən D.Xəlilov bildirib ki, Birləşmiş Ərəb Əmirliklərində iplik zavodu yaradıb, ora üçün İtaliyadan avadanlıq alınıb. Bu zavodun açılışında bir çox rəsmi şəxs də iştirak edib. Sosiska və kolbasa istehsalı üçün Avstriya şirkətindən avadanlıqlar alınıb, indi də fəaliyyət göstərir: “Kreditlər təminatsız olmayıb. İstintaq normal araşdırma aparsaydı, bunları görərdi ki, həmin müəssisələr yerindədir. Biz bu məsələlərlə bağlı sənəd-sübutları təqdim etmişik, qəbul eləməyiblər. Sübut var ki, 2 milyon 278 mini Antalya Ticarət Məhkəməsinə köçürmüşük. O vaxt Antalyada iki layihə həyata keçirilməliydi. Mərkəz hissədə ticarət mərkəzi tikilməliydi. Bələdiyyə bu məqsədlə ərazi də ayırdı, lakin şərt qoydu ki, şəhərə bir stadion tikilsin. Razılaşma oldu, işlər görülməyə başlandı, qəfildən bələdiyyə stadionun tikintisini yarımçıq saxladı. Məhkəməyə müraciət olundu. Məhkəməyə buna görə depozit qoyulmalıydı. O vəsait də depozitə qoyulmuşdu. Yazıblar ki, bu pulu da mənimsəmişik. Bundan başqa, Antalyada dənizə yaxın 115 hektar torpaq sahəsi alınıb. Hamısının mülkiyyət sənədi var və “Aqrarkredit”ə də, istintaqa da təqdim olunub. “İnter” futbol klubunun inkişafı üçün 200 min köçürülüb. Olimpiya mərkəzlərinin tikintisinə vəsaitlər xərclənib.

Yəni bütün bunları tədqiq etmədən ittihamda yalan məlumatlar yazıblar ki, guya pulları mənimsəmişik”.

Məhkəmə prosesi fevralın 14-nə qədər təxirə salınıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/al6gnk

Ən çox baxılan