5 yaşlı oğlunu öldürməkdə günahlandırılan qadın əvvəllər İsa peyğəmbəri gördüyünü deyir
“Həmin günü işdə idim. Uşaqdan narahat idim deyə, evə tez-tez zəng vururdum. Nazilə telefonu götürmürdü. Təxminən 18:00 radələri olardı. Dostum zəng vurub, uşağın səhhəti barədə maraqlandı. Anam da çox narahat idi. Sonra evə gəldim, qapının bağlı olduğunu gördüm. Polisə və FHN əməkdaşlarına xəbər verdim. Qapını qırıb içəri daxil olanda, uşağımın meyitini gördüm. Nazilə də yerdə əyləşib, sadəcə yerə baxırdı. Həmin vaxt şokda idim, yerdə şam vardı. Evə daxil olandan sonra bilmirdim ki, uşağın özü ölüb, yoxsa Nazilə öldürüb”.
Bu sözləri avqustun 21-də məhkəmədə 5 yaşlı oğlunu öldürməkdə təqsirli bilinən Nazilə Qulubəyovanın əri deyib.
Rüstəm Qulubəyov deyib ki, hadisədən sonra onunla rəsmi boşanıb. Əvvəllər isə münasibətləri yaxşı olub.
Hadisədən sonra bildim ki, o, sektaya üzv olub
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Noruz Kərimovun sədrliyi ilə qətl törətməkdə təqdirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, 34 yaşlı Nazilə Qulubəyova 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib. Hadisə Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15-də baş verib. İstintaq Nazilə Qulubəyovanın dini sektalardan birinin üzvü olduğunu müəyyənləşdirib. Qadın istintaqa ifadəsində “pis ruhları çıxartmaq” üçün oğlunun ağızına əski parçası tutaraq sıxdığını deyib. Nəticədə azyaşlı ölüb.
İstintaq orqaının əməkdaşları bu sekta barəsində ilk dəfə eşitdiklərini deyirlər. Qadın “Üzüm sahəsi və İsa peyğəmbər” sektasının üzvü olub. Bu sektanın üzvləri qırmızı rəngli meyvələrin şirəsini İsa peyğəmbərin qanı ilə assosiasiya edərək içirlər.
Bəzi məlumatlara görə, sözügedən sekta dünyada ən təhlükəli totalitar dini cərəyanlardan biridir. “Üzüm sahəsi” dini cərəyanı ötən əsrin 60-cı illərində ABŞ-da yaranıb. Dünyada təxminən 800 kilsəsi var. Hər bir kilsə muxtariyyətə malikdir və Assosiasiya çərçivəsində bərabərhüquqlu tərəfdaşdır. Kilsələr aktiv missionerlik fəaliyyəti ilə məşğul olaraq müxtəlif bölgələrin yerli şəraitinə uyğunlaşır.
Məhkəmədə onun qanuni nümayəndəsi, N.Qulubəyovanın qardaşı ifadə verib. O, bacısının əvvəllər xəstəliyinin olmadığını bildirib:
“Mən evə gələndə artıq hadisə baş vermişdi. Orada FHN əməkdaşları və Nazilənin həyat yoldaşı Rüstəm də vardı. Polis də gələndən sonra qapını sındırdılar. Rüstəm çox həyacanlı idi. İçəri daxil olandan sonra həkim də çağırıldı. Uşaq divanın üzərində uzanıqlı vəziyyətdə idi”.
O, bacısının həmişə özünə qapandığını qeyd edib: “Hadisədən sonra bildim ki, o, sektaya, dini təriqətlər olan yerlərə gedib”.
N.Qulubəyovanın qardaşı ifadə verən zaman o, əyləşdiyi yerdən qeyri-adi hərəkətlər edib.
Onun psixoloji problemlərinin olduğunu bilmirdim
Rüstəm Qulubəyov isə ifadəsində bildirib ki, hadisədən əvvəl oğlu Fəridin qızdırması olub. Əri də N.Qulubəyovanın özünə qapalı olduğunu, əvvəllər dini sektalara getdiyini deyib:
“Hadisədən sonra evdən dini ayinlər zamanı istifadə edilən bir neçə əşya tapdım. Hadisə baş verənə qədər onun psixoloji problemlərinin olduğunu bilmirdim”.
İclasda hakim N.Qulibəyovaya “niyə orada əyləşmisən” sualı ilə müraciət edib, qadın isə “bilmirəm” cavabını verib.
O, daha sonra bunları söyləyib: “Sektaya gedəndə demişdilər ki, İsa peyğəmbər gələndə bütün ölən şəxslər qiyamətdə diriləcək. Həmin gün uşaq xəstə idi. Ona qızdırma dərmanı verdim. Sonra uşağın halı pis oldu. Bu haqda Simaya zəng edib dedim. O da dedi ki, qorxma, düzələcək. Uşağımın əl-qolunu bağlamamışdım. Sadəcə dərman verdim ki, sağalsın”.
Hakim N.Qulibəyovaya “İsa peyğəmbər həmin gün gələcəkdi?” sualını verib. Təqsirləndirilən şəxs də “elə bilirdim ki, İsa peyğəmbər həmin gün gələcək” cavabını verib: “İsa peyğəmbəri əvvəllər görmüşdüm”.
Məhkəmə prosesi avqustun 28-də davam etdiriləcək.