Təqaüdü kəsildiyi üçün özünü yandırdığı deyilən qazi vəfat edib

Foto: Meydan tv

ƏƏSMN iddiaları təkzib edir

Özünü yaşadığı evin həyətindən yandıran Ucarın Alpout kənd sakini, Birinci Qarabağ müharibəsi iştirakçısı Nazir Həsənovun vəfat etdiyi bildirilir.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Sentyabrın 4-də intihara cəhd edən II qrup əlilin sentyabrın 5-də Bakıda – 5 saylı Kliniki Xəstəxananın Yanıq Şöbəsində vəfat etdiyi açıqlanıb.

Baş Prokurorluq faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparıldığını bildirib.

Nazir Həsənovun ailəsi “Toplum TV”-yə qazinin intiharına səbəb kimi aldığı 2-ci qrup əlillik pensiyası və prezident təqaüdünün kəsilməsini göstərib.

Oğlu Mübariz Həsənovun sözlərinə görə, atası 10 il ərzində, hər ay 500 manat əlillik və 350 manat prezident təqaüdü alırmış:

“1 il əvvəl Əlillərin Bərpa və Reabilitasiyası Mərkəzində komissiya təşkil olundu. Atama deyildi ki, aldığı xəsarətlər onda anadangəlmədir, buna görə də hərbi əlillik pensiyasını kəsdilər. Əvəzində 3-cü qrup mülki pensiya verdilər. Cəmi 120 manat pensiya və 80 manat veteranlıq pulu alırdı. Bu, nə qərardır, niyə belə ediblər? Mənim atam Qarabağda vuruşanda nazirlər kef içində yaşayırdı. Belə ədalətsizlik olar?”

O, atasının intiharı ilə bağlı bunları deyib:

“Atam bizdən xəbərsiz intihar edib. Köynəyini çıxarıb həyətə düşüb, get-gəl etməyə başlayıb. Bir də görüblər ki, atam yanır, birtəhər söndürdük”.

“Atamın bu hadisəyə qədər müraciət etmədiyi qurum qalmamışdı. Hər yerə yazıb, gedib, indi işi Şəki Apelyasiya Məhkəməsindədir. Başında, qulağında qəlpələr doludur. Komissiya görmürdü ki, bu qəlpələr anadangəlmə deyil?”, – deyə oğlu M.Həsənov söyləyib.

Ancaq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) sentyabrın 5-də yaydığı açıqlamada Həsənovların iddialarının əsassız olduğunu deyib.

Nazirlik bildirib ki, hələ 2021-ci ilin may ayında Nazir Həsənova ümumi səbəbdən 5 il müddətinə əlillik təyin edilib.

O, əlilliyə görə aylıq müavinətlə, həmçinin müharibə veteranı kimi aylıq təqaüdlə təmin edilib: “Bəzi sosial şəbəkə səhifələrində və media orqanında Nazir Həsənovun əlilliyinin dayandırılması barədə qeyd edilənlər tamamilə əsassızdır. Nazir Həsənovun əyani müayinəsi zamanı müəyyən edilmiş, əlillik təyinatına əsas verən xəstəliyinin (baş-beyin xəstəliyi nəticəsində yaranan şəxsiyyət-davranış pozğunluqları) hərbi xidmətlə əlaqəsi olmadığına görə, ona qanunvericiliyə əsasən ümumi səbəbdən əlillik təyin olunmuşdu. Ötən dövrdə də bu qərarla bağlı heç bir narazılığı və müraciəti olmayıb”.

Mətbuatda gedən xəbərlərə əsasən, müharibə bitəndən indiyədək 41 qazi ölüb.

Ümumilikdə isə intihar həddinə çatdırılanların sayının 50 nəfər olduğu bildirilir.

Ana səhifəBölgəTəqaüdü kəsildiyi üçün özünü yandırdığı deyilən qazi vəfat edib