Tənha qəhrəmanlar

Yaşaya bilmək şücaətə çevriləndə

Source:
şərti foto
şərti foto

Onlar qorxu içində yaşayır. Onlar cinsi orientasiyalarını gizlədir. Onlar evdə, həyətdə, məktəbdə, universitetdə, işdə, nəqliyyatda özləri barədə eşitdikləri təhqirlərə cavab verməkdən, etiraz etməkdən qorxur. Onlar susur. Onlar utanır. Onlar iş tapmır. Onlar çörəkpulu qazanmaq istəyəndə gözəllik salonlarına və yol kənarlarına sıxışdırılır. Onlar şantaj edilir. Onları döyüb, üzə durğuzur, iyrənc oyunlarda istifadə edirlər. Onlar təhqir olunur. Onlar döyülür, öldürülür. Onlar həbs olunur. Onları heç kim müdafiə etmir. Onlar öz vətənlərində tənhadırlar.

Hakimiyyət onları dəqiq çərçivələrə salır: Ya polisə işlə, üzə dur, sonra da seks xidməti göstər, pul qazan, göz yumaq, ya da hoqqa çıxar, prezidenti və onun siyasətin dəstəklə, sponsor oliqarx tap – sonra gəl veriliş apar, efirdən insanlara ağıl öyrət, bahalı maşın sür, milyonluq villada yaşa. Yox, o oyunların heç birinə uyğun gəlmirsənsə, səni buraxırıq homofob cəmiyyətin ümidinə, döyüləndə, təhqir olunanda da dövlətin sənə yiyə durmayacaq.

Polis onları başqa insanlardan aşağıda görür. Polislə əlbir olmayan, seks işçiliyinə gedib, polisin hesabını verməyən, özünün sadə, sakit, normal həyatını yaşayan LGBT fərdləri döyüləndə, təhqir olunanda, əziləndə polis onu müdafiə etmək yerinə, onu əzənlərə qoşulur. Çünki yerli polisin gözündə ən birinci “hüquqpozan” elə LGBT fərdinin özüdür, çünki onlar polisin gözündə qanundan daha ali olan “qanunları”– mentalitet qanunlarını pozublar.

Sadə həmvətənləri, valideynlərindən tutmuş, qohumlara, qonşudan tutmuş iş yoldaşına qədər rast gəldikləri insanlar onlara düşmən kəsilib. Valideyn ən yaxşı halda onları dəyişməyə, ya da gizləməyə çalışır, ətrafdakılar ən yaxşı halda onun cinsi mənsubiyyətinin xəstəlik olduğunu deyir, ən pis halda isə amansız bir nifrətlə üz-üzə qalır. Bu nifrətin təhqirə, təzyiqə, qətlə çevrilməsi isə an məsələsi olur…

İş üçün müraciət etdikləri yerlər, adamlar ən yaxşı halda onlardan qorxur. “Səni işə götürsəm, mənə nə deyərlər, səni işə götürsəm, müştərilərim qaçar, səni işə götürsəm, filan olar…”. İş yerləri onların qabiliyyətlərinə, bacarıqlarına deyil, cinsi orientasiyasına qiymət verir. Nəticədə onlar gözəllik salonlarına, ya da bədənlərini satmaq üçün çıxdıqları yol kənarlarına sıxışdırılırlar.

Mətbuat onlar haqqında danışmaq, yazmaq qabiliyyətinə malik deyil. Hətta LGBT fərdlərinə qarşı obyektiv olmağa iddialı KİV-lər belə “LGBT-çi”, “transseksualist”, “homoseksualist” kimi ifadələr işlədir. Çünki mətbuat da ən yaxşı variantda LGBT barədə məlumatsız, ən pis halda homofob jurnalistlərlə doludur.

Həkimlərin çoxu onların cinsi orienasiyasına xəstəlik kimi baxır. Homofobluq o həddədir ki, oxuduqları tibb elminə də qarşı çıxırlar, tibbin LGBT ilə bağlı gəldiyi qənaətləri də rədd edirlər. Çünki həkim də publikaya işləyir, qorxur ki, ona “sən də yəqin onlardansan” desinlər. Həkim isə onlardan biri kimi görünmək istəmir.

Müxalifət onları qorumaqdan, onların haqlarını müdafiə etməkdən qorxur, çəkinir, utanır. “Bizə nə deyərlər, deməzlərmi özünüz də eləsiniz ki, onları müdafiə edirsiniz? Siyasi məhbusların problemləri bitdimi ki, indi də geylərin, lesbiyanların hüquqlarını müdafiə edək?” düşüncəsi ilə atır boynundan bu əzilən kəsimin problemlərini.

Ölkədə vəziyyət elədir ki, orda LGBT fərdinin sadə, gündəlik həyatını yaşaması qəhrəmanlıqdır, Şücaətdir. Təsəvvür edin ki, siz öz sadə həyatınızı yaşayırsınız, amma qəhrəmansınız. Çünki hər gününüz döyüşlə keçir. Siz hər gün döyüşürsünüz. Homofobiya ilə. Stereotiplərlə. Məlumatsızlıqla. Nifrətlə. Diskiriminasiya ilə. Valideynlə, qonşuyla, avtobusdakı xala, dayı ilə, müəllimlə, tələbə yoldaşı ilə, işəgötürənlə, taksi sürücüsü ilə… Sizi hər gün təhqir, döyülmə, həbs, ölüm gözləyir. Siz bu qeyri-bərabər döyüşə hər gün gedirsiniz. Hər gün.

Siz təksiniz. Amma bu təkliklə də yaşamağa davam edir, oxuyur, işləyir, sevir və sevilirsiniz.

Məncə, bu əzm, bu dayanma elə hər şeyi deyir LGBT fərdləri barədə…

Ana səhifəMənim FikrimcəTənha qəhrəmanlar