Tənha qadına çatmayan təcili yardım [ VİDEO ]


Şəkərli diabet xəstəsini xəstəxanaya gətirməkdən imtina ediblər

“Bayram ərəfəsində məni taksi bura – xəstəxanaya gətirdi. Götürmədilər. Dedilər ki, həkim yoxdu. Məni 28-ə yolladı. Taksi deyilən ünvanı tapa bilmədi. Axırı Sumqayıtda yaşayan bacım qızı var, onun yanına getdim. Həkimi evindən gətirdik. O da dedi ki, buranın qeydiyyatında deyil, götürmədilər. Ancaq mənə maz, iynə vurdular. Qonşudan həkimə, dərmana vermək üçün borc almışam. Bu dəqiqə 50 manat borcum var. Gedib nə ilə verim?”

Bu sözləri Sabunçu rayon sakini, 72 yaşlı Qızbəsti İsmayılova deyir. O, hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunur.  Şəkərli diabetdən əziyyət çəkən qadının bütün bədəni yara töküb.


Səhiyyə Nazirliyinin yeni əngəli

O, təcili tibbi yardım ala bilməməsindən şikayətlənir:

“Birdən-birə hərartim qalxdı, bədənimdə ilk dəfə belə yaralar əmələ gəldi. Təcili tibbi yardım çağırdıq. Amma həkim məni xəstəxanaya gətirməkdən imtina etdi. Dedi ki, gərək buna görə mərkəzdən icazə versinlər”.

Qızbəsti İsmayılova Ramana Südçülük Sovxozunda yaşayır. Birinci qrup əlildir, tənha yaşayır. Sovetlər dönəmində qabaqcıl işinə görə deputat da seçilib.

Novruz bayramı günlərində xəstəliyi ağırlaşan qadını heç bir təcili yardım maşını xəstəxanaya çatdırmaq istəməyib. Səbəbi isə Səhiyyə Nazirliyinin yeni qərarı olub. Belə ki, mərkəzləşdirilmiş sistemə keçən təcili yardım baş idarənin icazəsi olmadan xəstəni qeydiyyatda olduğu yaşayış sahəsindən xəstəxanaya çatdıra bilməz.


Ağır vəziyyətdə olan qadını xəstəxanaya taksi aparıb

“Mənə dedilər ki, get, sahə həkimindən göndəriş al. Almışam. Şəkər həkimindən göndəriş almışam. 42 dərəcə hərarətlə etmişəm bunu. İnsan nə qədər qonşunu köməyə çağırar? Bir ayağım o birindən 7 santimetr gödəkdi. Mən hökumət ayaqqabısı görməmişəm. Protez ayaqqabı verilib, bir də o çəlik. Harda görünüb ki, 42 dərəcə qızdırması olan adamı təcili yardım götürməsin? Bəs təcili yardım nədən ötrüdür?”

Qızbəsti İsmayılova istəyir ki, onun şikayəti Səhiyyə Nazirliyinə çatsın. Nazirliyin mətbuat xidmətindən isə məsələyə münasibət öyrənmək mümkün olmadı.

Aytən FƏRHADOVA

Ana səhifəVideoTənha qadına çatmayan təcili yardım [ VİDEO ]