Tənha analar

Gənc qadın təzyiq altında. Fotolar: Meydan TV

Onların sosial təminat hüquqları necə təmin olunur?

Dünyada dəstəksiz və ya uşağın atası tərəfindən aliment kimi minimal yaşayış dəstəyi ilə uşaq böyüdən, evlənmədən uşaq doğan, övladlığa uşaq götürən qadınlar tənha ana adlanır. Azərbaycanda da müşahidələrə əsasən, çox sayda tənha ana var. Tənha anaların statistikası müvafiq olaraq uşağın doğum haqqında şəhadətnaməsində ata adının yazılmayaraq boş saxlanılması və ya doğum qeydiyyat kağızında xüsusi qeydlə (məsələn, ananın dediyinə əsasən, ata adı Əhməd) hər hansısa kişi adının yazılması, boşanmış və aliment ala bilməyən qadınların sayı, əri ölmüş uşaqlı qadınların sayı, övladlığa uşaq götürmüş subay qadınların sayı, subay olaraq uşaq doğan qadınların sayının statistikasını apararaq müəyyənləşdirilə bilər. Lakin Azərbaycan Dövlət Statistika Komitəsinin saytında tənha analara dair statistika mövcud deyil.

Bu yazı Azərbaycanda yaşayan tənha anaların problemlərini, hüquqlarını, yararlana biləcəkləri təminatları araşdırmaq məqsədilə hazırlanıb. Yazıda tənha ana dedikdə Azərbaycan vətəndaşı olan və Azərbaycana qaçqın kimi gəlmiş, vətəndaşlığı olmayan tənha analar nəzərdə tutulur. Araşdırma Azərbaycan vətəndaşı və qaçqın olan tənha anaların, Azərbaycandakı BMTQK-ın nəzarətində olan qaçqın icması ilə işləmiş, sosial təminat haqqında qanunu şərh edən hüquqşünasların müsahibələri, qanunvericiliyin məqsədəuyğun istiqamətdə araşdırılması və Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsindən informasiya sorğusu əsasında əldə edilən cavabın təhlili əsasında aparılıb.

Azərbaycan vətəndaşı tənha ana-Gülnaz Məmmədli

Gülnaz Məmmədli heç vaxt evlənməyib, bir oğlu var. Hamilə olduğunu öyrənəndə ona sürpriz olub və uşağı doğmaq istədiyinə qərar verdiyini bildirəndə, hamiləlikdən əvvəl ondan əl çəkməyən sevgilisinin uzaqlaşıb qaçmağa çalışdığını deyir. Hamiləliyi davam etdirmək heç də rahat olmayıb. O vaxt “NİDA” Vətəndaş Hərəkatındakı dostları ona iş, müayinə və doğuş üçün həkim, qalmağa yer taparaq dəstək olublar. Uşaq doğulduqdan sonra da zaman-zaman yardımlar ediblər. Hamiləlik dövründə ailəsindən də dəstək görməyib:

“Anam məni hamiləliyimin 7-ci ayında gördü. Görərkən elə ağladı, bir anlıq elə hiss etdim ki, sanki ölmüşəm, anam yasımda ağlayır. Qardaşım məni hədələyirdi ki, Bakıya gəlib başını kəsəcəm. Dayanmadan qohum-qonşunun nə düşünəcəyini, nə deyəcəyini düşünürdülər. Zaman-zaman mübahisələrimiz zamanı vaxtilə narkotik istifadəçisi olan, ailəni müflis vəziyyətinə salan, buna görə həbs yatan, sonra müalicə alaraq sağalan qardaşım mənim nikahdankənar uşaq doğmağımı təhqiramiz formada ifadə edirdi. Hiss edirdim ki, ailəm üçün də mənim evlənmədən uşaq doğmağım, hətta onun əməllərindən daha pisdir”.

2012-ci ildə, yəni oğlu üç aylıq olanda Gülnaz işləyə bilmədiyinə və heç kimə yük olmaq istəmədiyinə görə “Təmiz Dünya” sığınacağına gedib. O deyir ki, orada daha böyük travma alıb:

Mənim üçün oradakı günlər də bir o qədər çətin idi. Orada işləyən bəzi qeyri-peşəkar işçilər sığınacaqdakı qadınlarla işləyə bilmirdi. Xatırlayıram ki, iki hüquqşünas var idi. Biri mənə demişdi ki, “gedib kefini çəkib uşaq doğmusan, indi sənin heç bir mənəvi haqqın yoxdur uşağın atasından aliment tələb etməyə”. Ruslan adlı digər vəkil isə orada ona irad bildirdi ki, “qanunlarla emosiyaları qarışdırmayın; qanunla bir valideyn uşaq üçün digər valideyndən aliment almaq haqqına sahibdir, çünki bu uşaq ikisinin də uşağıdır”. Psixoloq da peşəkar deyildi; hətta bir dəfə zərərçəkənlərdən birinin şəxsi hekayəsini ictimai formada müzakirə edirdi. Başqa problemlər də var idi, məsələn, sığınacağın qidalanma imkanları məhdud idi. Zərərçəkənlər hekayələrinə, həyatlarına müvafiq qruplar halında yox, qarışıq şəkildə qalırdılar. Bu da bir qrup travmalı insanın retravmatizasiya olmağına gətirib çıxara bilirdi. İradları sığınacağın sahibi Mehriban Zeynalovaya demək istəyəndə həmin dövrdə orada işləyən psixoloq mənə demişdi ki, hər şeyə görə problem yaratmaq lazım deyil, özünü yaxşı aparsan, gələcəkdə burada işləyə bilərsən“.

Gülnaz Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə də müraciət edib. Komitə ona bildirib ki, evlənib-boşandığı halda uşağı olsaydı, nəsə edə bilərdilər:

“Qaldığım yerə gəlib cəmi iki qutu uşaq yeməyi gətirdilər ki, “bunu da biz işçilər aramızda pul yığıb almışıq. Dövlət tənha analarla bağlı nəsə nəzərdə tutmayıb. Edə biləcəyimiz bir şey yoxdur, təəssüf ki”.

Uşağının artıq üç yaşı olanda aliment almaq üçün məhkəməyə müraciət etmək qərarına gəlib:

 “Vəkil tutmağa belə pulum yox idi. Dostların yönləndirməsi ilə Xalid Bağırov mənə təmənnasız vəkillik etdi. Uşağın atasının vəkili isə ona ödənişli əsasla kömək edirdi. DNT analizinə və vəkilə verəcəyi pulla aliment ödəyə bilərdi, o isə dirənirdi ki, heç bir ödəniş etməsin. Uşağının maddi ehtiyaclarına kömək etmək əvəzinə, vəkilə pul verirdi ki, atalıqdan imtina etsin. Məhkəmədə mənə dedi ki, sən məndən aliment almaq üçün hamilə qalmısan. Aliment isə 136,6 manat idi (hələ də o qədərdir). O hesab edirdi ki, mən 136,6 manat üçün hamilə qalmışam”.

Gülnaz 6000 borc yığılandan sonra icra məmuruna təkid edib və uşağın atası aliment ödəməyə başlayıb. Hazırda aylıq alimenti ala bilsə də, uşağın atasının işinin xeyli gəlirli iş olmasına rəğmən, yığılan borcu ala bilməyib. Uşaqlar üçün yaşayış minimumu hər il artsa da, Gülnaz o dövrdən indiyədək altı dəfə yox, iki dəfə artdığı haqqında məlumat alıbmış (ilk aliment 2017-ci ildə təyin olunub). Amma o iki dəfənin biri karantin müddətinə düşdüyü üçün uşağın atasının da çətin vəziyyətdə ola biləcəyini güman edərək artımla bağlı iddia qaldırmağa cəhd etməyib. Digərində isə alimentin artırılması iddiasını qaldırmaq üçün vəkil tutmağa pulu olmayıb. Ötən il AYNA təşəbbüs qrupu ona vəkillə bağlı dəstək göstərib.

Tənha ananın iş tapmaq problemləri

Gülnaz kollecdə pedoqoji sahə üzrə təhsil alıb. Hazırda qeydiyyatda olduğu rayonda ailəsi ilə yaşayır; bağçaya iş üçün dəfələrlə müraciət etsə də, bağçadan ona bildiriblər ki, Mehriban Əliyevanın göstərişi ilə sadəcə tam ali təhsil almış şəxsləri işə götürürlər. Lakin o qeyd edir ki, bağçaya işə düzələnlər öz ixtisaslarına görə seçilməyiblər:

“Rayon balaca olduğu üçün bağçalarda işləyənləri tanıyırıq. İxtisasları pedoqoji təhsil olmamaqla (maliyyə-kredit bitiriblər) yanaşı, rüşvət verərək işə düzəliblər”.

O deyir ki, atasının gözündən əlilliyi olduğu, anası da açıq ürək əməliyyatı keçirdiyi üçün uşaq bağçaya getməyə başlayanda Mənzil İstismar Sahəsinə (MİS) süpürgəçi işi üçün müraciət edib. MİS-dən bildiriblər ki, dövlət göstərişinə əsasən, işlər ancaq şəhid və qazi ailələrinə verilir.

Qadın deyir ki, heç bir gəliri olmadığı və bütün kriteriyalara uyğun gəldiyi halda, pandemiyada birdəfəlik 190 manatlıq pul yardımını da ala bilməyib. Nazirliyə müraciət etsə də, onu işə düzəldəcəklərini bildiriblər, lakin hələ də işə dair heç bir geridönüş edilməyib. 2017-ci ildə məşğulluğa müraciət etsə də, ondan da geridönüş almayıb.

Gülnaz hazırda əl əməyi ilə hazırladığı aksessuarları sataraq özünə və uşağına baxmağa çalışır. Deyir ki, bu çətin şərtlərlə pul qazanmağa çalışmasını görən qohumları ona tez-tez ərə getməyi və ya kiminsə məşuqəsi olmağı təklif edirlər:

“Əslində, əxlaq-əxlaq deyə qışqıran insanların sənə “o qədər evli kişilər var ki, sənə də, uşağına da yaxşı baxar” deyə məsləhət verməsi qəribədir. Onlar qadının iqtisadi təminatı üçün vasitəni dövlətdə, işdə yox, məhz kişidə görürlər”.

Təmiz Dünya İctimai Birliyinin sığınacağı hansı əsaslarla işləyir?

“Təmiz Dünya” İB-in rəhbəri Mehriban Zeynalova bildirir ki, sığınacaq 2002-ci ildən mövcuddur və dövlət tərəfindən qeydiyyata alınaraq fəaliyyət göstərir. Sığınacaq eyni anda cəmi əlli nəfər olmaqla, 18 yaşına çatmayan qadınları, uşaqlı anaları, əsasən isə məişət zorakılığı qurbanlarını himayə edir. Zeynalova bildirir ki, ABŞ Dövlət Departamentinin Beynəlxalq Miqrasiya Xidməti ilə birlikdə layihəsi çərçivəsində, Azərbaycan Respublikasının QHT-lərinə Dövlət Dəstəyi Agentliyi vasitəsilə və sosial şəbəkələrdən toplanan yardımlarla maliyyələşirlər. Zərərçəkənlər risk dəyərləndirilmələrinə və imkanlarına əsasən, orada bir, iki və ya üç il (yetkinlik yaşına çatmayan gənc qızlar) qala bilərlər. Sığınacaq işçilərinin hansı əsaslarla işə götürüldüyünə, işçilərin özlərinin reabilitasiya ehtiyaclarına dair suallara isə belə cavab verir:

“İşçiləri işə götürərkən BMT-nin seksual təhrik və təcridə dair etik kodeksini oxuyub imzalayırlar. İndiyə qədər bir hüquqşünası işdən çıxarmışam, çünki zərərçəkənə zarafat edərək demişdi ki, “mən də öz arvadımı döyürəm, burada nə var ki?!” Artıq ikinci ildir ki, özüm şirkətlərdən xahiş edərək ildə işçilərin hər birini üç gün olmaqla reabilitasiyaya göndərirəm”.

Zeynalova bildirir ki, qadınlar qaydaları pozduqları, reabilitasiyaya uyğunlaşmadıqları, konfliktə səbəb olduqları hallarda sığınacaqdan çıxarılırlar.

Gülnaz Məmmədlinin iddiaları ilə bağlı isə bildirir ki, sığınacaq 2016-cı ildən sonra layihələrlə işləməyə, ehtiyac olduqda ictimai əsaslarla dəstək almağa başlayıb:

“2012-ci ildə mən öz hesabımla sığınacağı ayaqda saxlamağa, qadınlara qorunmaları üçün yuva verməyə çalışırdım. Təsəvvür edin, ucuz başa gəlsin və çox şeyə pulum çatsın deyə, durub səhər tezdən “Sədərək” ticarət mərkəzinə gedirdim. O illərdə işçi götürüb maaş verməyə büdcə də yox idi, ona görə də könüllü hüquqşünas, psixoloqlar müraciət edəndə qəbul edirdim. Təbii, diqqət edirdim ki, əqli-səlim adamlar olsunlar, zərərçəkənlərlə doğru kommunikasiya qursunlar. Lakin mən hər zaman hər şeyi müşahidə edə bilmərəm. Hər hansısa irad və təkliflər gələndə araşdırmışam. O dövrdə bu barədə irad olduğunu mənə bildirməmişdilər. Bəzən də doğuşdan sonra analar çox həssas ola, məsələləri çox şəxsiləşdirə bilirlər. Hələ bu qadın tənha anadırsa, həm maddi, həm də mənəvi qayğılarla döyüşməli olur. Tənha analara qarşı cəmiyyətdə tənələr olur, bu da həmin anaların emosional vəziyyətinə də ciddi təsir edir”.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tənha analara dair informasiya sorğusuna cavabı:

Cədvəl

“Bunlardan  2021-ci il üzrə 7-si, 2022-ci il üzrə 5-i, cari ilin yanvar ayı üzrə 4-ü qeyri-rəsmi nikahda olan tək anaların müraciətləridir.

Bu müraciətlərdən 20-si müxtəlif yardımlarla təmin olunma, 15-i mənzil məsələləri, 12-si iş ilə təmin olunma, 11-i müayinə və müalicə, 58-si isə digər mövzularla (vəkil ilə təmin olunma, atalığın müəyyən edilməsi, şəxsiyyət vəsiqəsi ilə təmin olunma və s.) bağlıdır. Dövlət Komitəsi tərəfindən müraciət edən vətəndaşlara hüquqi məsləhətlər verilib, komitənin səlahiyyətləri xaricində olan məsələlər müvafiq orqanlara yönləndirilib. Yardımla bağlı müraciətlərə dair məsələlərə müxtəlif layihələr çərçivəsində (“Ailə könüllüləri”, “Ailədən-ailəyə” aksiyası və s.), əməkdaşların şəxsi imkanları hesabına, eyni zamanda xeyriyyəçilərin dəstəyi ilə köməklik göstərilmişdir”.

Sorğuya verilən cavabda konkret hansı orqanlara yönləndirilmə, yönləndirilənlərin sonrakı taleyinə dair informasiya qeyd olunmayıb. Həmçinin “müraciətlərin bir qisminə əməkdaşların şəxsi imkanları hesabına, eyni zamanda xeyriyyəçilərin dəstəyi ilə kömək göstərilmişdir” ifadəsi aydın deyil ki, dövlət komitəsi niyə məsələyə dövlətin sosial təminat öhdəliyi çərçivəsindən yox, fərdi təşəbbüslərlə cavab verib.

Azərbaycan vətəndaşı tənha anaların hansı hüquqları var:

Hüquqşünas Səməd Rəhimli bildirir ki, tənha anaların sosial təminat hüquqları xeyli zəifdir. Tənha analar xüsusi olaraq sosial təminatdan faydalanan subyekt kimi müəyyən edilməyiblər. Sosial təminat qanunvericiliyində nəzərdə tutulan birbaşa sosial təminatların əksəriyyətindən tənha analar faydalana bilmirlər. Çünki onlar həmin qanunvericilikdə nəzərdə tutulmuş kateqoriyalara düşmürlər. Bu isə onların sosial təminat qanunvericiliyindən yalnız dolayı olaraq istifadə etmək imkanlarını mümkün edir.  Dolayı sosial təminat vasitələri isə tənha  anaları qorumaq üçün yetərli olmur. Buna görə də əlverişsiz sosial qrup olan tənha analar praktik olaraq sosial təminat hüququnun mühafizə sferasından kənarda qalıblar.

Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsi hər kəsin sosial təminat hüququnu tanıyır. Amma Konstitusiya sosial təminat hüququnun çərçivələrini əsasən qanunvericinin ixtiyarına buraxır. Sosial təminat hüququnu təsbit edən qanunvericilik tənha anaları ayrılıqda mühafizə edilməli subyekt kimi müəyyən etmir. Bu baxımdan tənha analar, eləcə də sözün geniş mənasında tənha valideynlər bilavasitə olaraq sosial təminat hüququnun (qanunvericiliyinin) mühafizə dairəsinə aid deyillər. Lakin tənha analar sosial təminat hüququnda müəyyən edilmiş bir sıra təminatlardan həmin təminatların çərçivələrinə düşdükləri halda istifadə edə bilərlər. Sosial müavinətlər qanunvericiliyində müvafiq kateqoriya uyğun gələcəyi hallarda tənha anaların faydalana biləcəyi təminatlar mövcuddur. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş yaşa görə, ailə başçısını itirməyə görə, 3 yaşınadək uşağa qulluğa görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə), 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə, beşdən çox uşağı olan qadınlara, övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətlərin hər hansı birini, ya da bu qanunvericiliyin şərtlərinə uyğun gəldiyi təqdirdə bir neçəsini əldə edə bilərlər:

Ailə başçısını itirməyə görə müavinət ailə başçılarından biri sayılan ərin vəfat etdiyi, yaxud itkin düşmüş (ölmüş) elan edildiyi hallarda verilir. Qanunvericiliyə əsasən, tənha anaların bu müavinətdən yararlanması üçün həmin vəfat etmiş şəxslə faktiki və ya keçmişdə rəsmi nikahda olmalıdırlar. Rəsmi nikahı olmayan tənha analar avtomatik bu müavinətdən yararlana bilmirlər. 3 yaşınadək uşağa qulluğa görə müavinət əmək müqaviləsi çərçivəsində işləyən qadınlara aid təminatdır. Əmək müqaviləsi çərçivəsində işləməyən qadınlar bu müavinətdən faydalana bilmirlər. Bundan əlavə, işləyən qadınlar arasında əmək münasibətləri rəsmiləşdirilməyən qadınların da sayı az deyil. Buna görə də həmin tənha analar da bu sosial müavinətlərdən istifadə edə bilmirlər. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir. Bu müavinətdən istifadə etmək üçün şəxslərin aztəminatlı ailə kimi qeydiyyata alınması tələb edilir. Aztəminatlı ailə kimi qeydiyyata alınma isə “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunla nizama salınır. Bu qanunun praktik problemlərinə əsasən, bir çox faktiki aztəminatlı ailə aztəminatlı ailə kimi qeydiyyata alınmır və bu baxımdan bir çox tənha ana aztəminatlı ailə (şəxs) kimi qeydiyyata alına bilmədikləri üçün bu müavinətdən də avtomatik yararlanmaqdan məhrum olur. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət isə tənha  qəyyum (himayəçi) kimi uşağa baxan şəxslərə şamil edilir. Yəni hansısa qadın uşaq və ya uşaqlar himayəyə götürdükdə bu müavinətdən yararlana bilər. Eləcə də beşdən çox uşağı olan qadınlara müavinət də, mahiyyəti etibarilə, bir çox tənha analar üçün əlçatan deyil. Övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət təyinatı etibarilə övladlığa götürmə və uşaq əlilliyi hallarında müəyyən edilir. Bu müavinətdən də tənha anaların əksəriyyəti istifadə edə bilmir.

Hamilə və uşaqlı qadınlar üçün qismən nəzərə alınmış bəzi qanunlar:

Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən, hamilə və ya uşağı üç yaşına çatmayan qadınları işə götürərkən sınaq müddəti müəyyən edilmir. Həmçinin işləyən tənha analar Əmək Məcəlləsinin130-cu maddəsinə əsasən, 16 yaşınadək uşaqları olan tək valideyn kimi əlavə olaraq 14 gün məzuniyyət götürmək hüququna sahibdirlər.

Azərbaycan vətəndaşı olmayan tənha analar

BMT-nın Qaçqınlar üzrə Ali Komisarlığı (BMTQAK) ilə xidməti müqavilə əsasında əməkdaşlıq etmiş hüquqşünas Ruslan Əliyev bildirir ki, Azərbaycandakı qaçqın icmasındakı tənha anaların vəziyyəti lap acınacaqlıdır:

“İllər öncə Azərbaycan qaçqın kimi Suriya, Əfqanıstan, Rusiya Federasiyasının Çeçenistan Respublikasından gəlmiş insanların əksəriyyətinin Azərbaycanda hər hansısa hüquqi statusları yoxdur. Bu amil Azərbaycanda uşaq dünyaya gətirmiş və ya bura gəldikdən sonra boşanan qaçqın tənha anaların vəziyyətini ikiqat çətinləşdirir. Çoxunun hələ də hüquqi statusları (şəxsiyyətlərini təsdiqləyən sənəd) olmadıqları üçün sosial müavinət kimi hüquqlardan yararlana bilmirlər. Həmçinin boşanmış qaçqın tənha analar aliment almaqda çox çətinlik çəkirlər. Çünki uşaqların atasının hüquqi status probleminə görə rəsmi işləmək, rəsmi qaydada maaş almaq və digər dövlət xidmətlərindən istifadə etmək hüquqları olmadıqları üçün icra məmurları sabit gəlirlərini müəyyən edə bilmir və olmayan gəlirdən də aliment tuta bilmirlər”.

Ana səhifəSosialTənha analar