Tənha ana iş tapa bilmir, icra hakimiyyəti isə “o, qismətindən narazı ola bilər, bizdən yox” deyir

Qumru Mahmudova. Fotolar: Meydan TV

Ekpert: “Təkvalideynli ailələrə verilən müavinətlər artırılmalı, həmin ailələr sosial həssas qrup kimi dövlət nəzarətinə götürməlidir”

“Pul dərdindən heç yerə gedə bilmirik, heç nə ala bilmirik. Övladımın paltosu, qalın üst geyimi yoxdur. Dəmir toplayıb satıb, ona yun paltar aldım ki, heç olmasa üşüməsin. Soyuducuma aylarla ət, ərzaq girmir. Heç işləmir, xarab olub. Bir uşaq doyunca yemək yemir, geyinmir, köhnə su keçirən ayaqqabı ilə gedir məktəbə. Deyir ki, ana ət olsaydı, dolma bişirərdin. Hönkür-hönkür ağlayıram. Ev də sökülür, tökülür baxımsızlıqdan. Tənha, xəstə anayam, kimsədən yardım yox, dövlət də kömək etmir”.

Göyçay rayonunun Ləkçıplaq kənd sakini Qumru Mahmudova belə deyir.

“Get iş tap, işlə, sənə düşmür”

Qumru Mahmudova tək oğul övladı ilə acınacaqlı, köməksiz vəziyyətdə yaşamasından şikayətçidir. Yeddi il öncə həyat yoldaşı ağır xəstəlikdən vəfat edib, elə o vaxtdan da Mahmudovlar ailəsi çıxılmaz vəziyyətə düşüb. 56 yaşlı ana 12 yaşlı oğulu ilə birgə ailə başçısını itirməyə görə verilən pensiya ilə dolanmaq məcburiyyətindədir.

Tənha ana deyir ki, 120 manatlıq pensiya da ailənin kommunal və qismən ərzaq ehtiyacını ödəyir. Susuzluq, xəstəlik və maddi vəsait yoxluğu üzündən əkinlə məşğul ola bilmir. İllərdir ki, ünvanlı sosial yardım üçün ayaq döydüyü aidiyyəti qurumlardan “xeyr, sizə düşmür, get iş tap, işlə” cavabını alır. Çarəsiz vəziyyətdə qaldığını deyən ana yaşa görə sosial müavinət üçün etdiyi müraciətə də “sizə sosial müavinət də düşmür” cavabını alıb.

Qadın deyir ki, özü də qeydiyyatda olan şəkər xəstəsidir:

“Həyat yoldaşım sağ olanda onun pensiyası və əkin-biçinlə dolanırdıq. Qardaşım da kömək edirdi. O da artıq ağır yataq xəstəsidir, kömək edə bilmir. Həyat yoldaşım öləndən sonra cəmi üç dəfə ərzaq yardımı etdilər, onu da şikayətlə kəsdilər ki, bəsindir. Bir də övladımın beş yaşından səkkiz yaşına qədər 80 manat baxım pulu verilib. Sonra kəsilib”.

Dörd ildir ki, ünvanlı sosial yardım almaq üçün quruma ayaq döyürəm. Həyat yoldaşımın sağlığında sosial müavinətə görə müraciətimizə mənfi cavab verdilər. İndi nə sosial müavinət var, nə həyat yoldaşım. Məni süründürürlər yollarda. Deyirlər ki, “get iş tap işlə, sənə düşmür”. İş tapa bilirəmsə, işlə təminat varsa, daha sosial yardımı neyləyirəm? Kim şirinlik verir, kimin adamı var, salırlar qabağa, ünvanlı sosial yardımı ona düzəldirlər. 18 yaşına qədər ac, soyuq şəraitdə mən böyüdüm, sonra dövlət əsgər aparsın. O qurumda hər dəfə məni ağladırlar, təzyiqim, şəkərim qalxır. Deyirlər, get meyvə tərəvəz ək, sat dolan. Bu payız meyvədən 32 manat aldım, necə dolanım o pulla? Əkinə fiziki, maddi güc, su lazımdır. Bütün əkdiyim yayda yanıb, məhv olur. Həmişə əkmişəm, heyvan saxlamışam. İndi nə heyvan var saxlamağa, nə də əkinə pul, su. Özüm də şəkər, təzyiq xəstəsiyəm, onurğa sütunum zədəli, sümük əriməsi var. Günlərlə olur yataqdan ayağa qalxmıram, təzyiq qalxır, yıxılıram yerə. Gəlir yox, iş yox, heç olmasa ünvanlı sosial yardım verilsin”, – Qumru Mahmudova şikayətlənir.

“Yerimiz, doludur, səni işə götürə bilmərik”

Tənha ananın şikayəti həm də Dövlət Məşğulluq Agentliyindəndir. Deyir ki, illərdir iş və özünüməşğulluq üçün etdiyi çoxsaylı müraciətlər də nəticə verməyib. İstəyi də Ləkçıplaq kəndindəki həkim məntəqəsi və ya orta təhsil müəssəsində xadimə işidir. Rayon İcra Hakimiyyətinə iş üçün etdiyi ən son müraciəti zamanı isə qovulduğunu deyir. Üç ildir özünüməşğulluq proqramı üzrə yazılsa da, hər dəfə onu “növbən çatmayıb, iş də yoxdur”,- deyərək yola verdiklərini söyləyi:

“On ildir ki, xadimə işi istəyirəm kənd məktəbində və ya tibb məntəqəsində. Direktor Sevda Vəliyevadan neçə dəfə xahiş etsəm də, məni deyil, öz tanışlarını, yaxınlarını işə alır. Aptekə belə müraciət etdim ki, götür süpürgəçi məni. Dedi iş yoxdur. Məşğulluq İdarəsinə dəfələrlə getmişəm ki, yaşıllaşdırma işlərinə cəlb edin. Deyir ki “yerimiz, doludur, səni işə götürə bilmərik”. İki gün öncə icra hakimiyyətinə getdim, dərdimi dedim, müavin Zivər İsmayılova aqressiv şəkildə dedi ki, kəndli deyilsən, get ək-biç dolan. Bizlik deyil, işimiz yoxdur”.

“Təkrar getdim Məşğulluq İdarəsinə, onlar da dedi ki, iş yoxdur. Dedilər, Özünüməşğulluq Proqramı üzrə də hələ 75 balın var, get növbəni gözlə. Dedim məndən sonra qeydiyyata düşənlər necə aldı, necə balı çatdı? İzah etmirlər, yola verirlər. Deyirəm, onda işlə təmin edin, dolanım. Deyirlər ki, özünüməşğulluğu dayandırırıq onda, amma iş növbəsinə yazıl. Bir on il də onu gözləyək. Nə iş, nə ünvanlı sosial yardımla təmin edirlər, nə də özünüməşğulluqdan heyvanı verirlər. Bəs tənha ana necə dolansın, necə çıxış yolu tapsın? Vallah, o soyuducu boşdur, 120 manatın yarısı kommunala gedir, bir hissəsi ərzağa, bir az da dərmana. Neft, qaz ölkəsində belə vətəndaş yaşayışı olar?”, – ana deyir.

“Taleyindən, qismətindən narazı olar, bizdən yox”

Göyçay Rayon İcra Hakimiyyətinin əməkdaşı Musa Məmmədov Meydan TV-yə deyib ki, indiyədək Qumru Mahmudovaya yeddi iş təklifi ediblər. Üstəlik aqressiv şəkildə deyil, qurumdan razı halda yola salıblar:

“Vətəndaş qəbulda oldu, müraciətin dinlədik. Onun iki hektara yaxın pay torpağı, 28 sot həyətyanı sahəsi var. Pay torpağı hazırda istifadə olduğu üçün ona ünvanlı sosial yardım düşür. Sənədlərini toplayıb verməyi məsləhət gördük. Ona xadimə, cücə sexi və satıcı kimi yeddi iş siyahısı təklif etdik, ancaq qəbul etmədi. Həmçinin dedik? icra nümayəndəliyinə göstəriş verək əkinə kömək etsin, dedi ehtiyac yoxdur. O, ağıllı, ismətli xanımdır, ünsiyyətimiz yaxşı alınan vətəndaş oldu, aqressiv şəkildə onu yola salmamışıq. Taleyindən, qismətindən narazı olar, bizdən yox. Vətəndaş bizdən şikayətçi olmaqdansa, getsin özünüməşğulluqda qeydiyyata dursun, növbəsini gözləsin. Bir daha əlaqə saxlayıb, diqqət göstərərik”.

“Nə mənə yeddi iş siyahısı, nə xoş rəftar göstərilib”

Qumru Mahmudova isə deyilənləri “ağ yalan” adlandırır:

” Qəbulda olarkən nə mənə yeddi iş siyahısı, nə xoş rəftar göstərilib, nə də icra nümayəndəliyinə göstəriş veriblər. Özlərini təmizliyə çıxarmaq üçün uydurulmuş ağ yalandır”

Bəs aidiyyəti qurumlar nə deyir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Meydan TV-yə bildirib ki, vətəndaş yaşa və övlad sayına görə sosial müavinət ala bilməz. Ünvanlı sosial yardımı isə ya əlliliyi, ya da məşğulluğu təmin olunduğu halda almaq şansı var. Üstəlik qurumun təkvalideynli ailələrə etdiyi tək imtiyaz ailə başçısını itirməyə görə verilən müavinətdir:

Rəşad Mehdili. Foto: “vergiler.az

Göyçay rayon sakini Mahmudova Qumru Əlisa qızının hazırda 56 yaşı var və 1 övlad anasıdır. Qanunvericiliyə görə beş və daha çox uşaq doğub, onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların yaş həddi ümumilikdə 5 il azaldılmaqla onlara yaşa görə əmək pensiyası, yaxud yaşa görə müavinət təyin olunur.

Yaşa görə pensiya hüququ yaranmadıqda – yəni tələb olunan staj və pensiya kapitalı olmadıqda, yaşa görə sosial müavinət təyin edilir.

Ünvanlı sosial yardımla bağlı məsələyə gəlincə, Qumru Mahmudova 9 aprel 2023-cü il tarixində elektron qaydada müraciət edib. Lakin Qumru Mahmudova əmək qabiliyyətli şəxs olduğu halda işləmədiyinə görə onun müraciətinə imtina verilib. Qumru Mahmudova əlilliyi olan şəxs kimi qiymətləndirilərsə və ya məşğulluğu təmin olunarsa, yenidən müraciət etdiyi halda ünvanlı sosial yardımla bağlı hüququna baxıla bilər”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə tənha ananın probleminin onlara aidiyyatı olmadığını dedilər, Sosial Xidmətlər Agentliyinə yönəldilməsini məsləhət gördülər.

Sosial Xidmətlər Agentliyindən, eləcə də İş və Özünüməşğulluq Proqramı üzrə Dövlət Məşğulluq Agentliyindən müraciəti araşdıracaqlarını qeyd etdilər.

“30 ildir deyirəm, əməl edən yoxdur”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bildirir ki, ölkə üzrə təkvalideynli ailələrin sayının statistikası yoxdur. Yalnız ailə başçısı itirməyə görə müavinət və pensiya alanların sayı min ailə üzrə 33 ailə, min nəfərə isə 56 nəfər düşür. Təkvalideynli ailələri araşdıran “Sənsiz” cəmiyyətinin rəhbəri Zemfira Rəhimova Meydan TV-yə bildirib ki, 23 il öncə apardığı statistikaya əsasən, ölkədə 100 min təkvalideynli ailələr var idisə, indi bu rəqəm artan boşanmalar və ölüm faktına görə 150 minə yaxınlaşıb. Bu göstəricinin 90 faizi tənha analar təşkil edir. Cəmiyyət rəhbəri təkvalideynli ailələrə, xüsusilə tənha analara illərdir xüsusi imtiyazların tanınmadığını, sosial – iqtisadi təminatının çox aşağı səviyyədə olduğunu bildirir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

“30 ildir deyirəm, əməl edən yoxdur. İndiyə qədər məcburi köçkünlər üçün edilirdi, onların sosial həyatına dair altı bənddən ibarət Nazirlər Kabinetinin proqramı var. İndi onlar öz yurdlarına köçürülür və həmin maddələr istəyirəm təkvalideynli ailələrə, tənha analara şamil edilsin. Artıq təklifimi də vermişəm. 50 faiz də olsa, tətbiq edilsin. Dövlət bu ailələrə yardımçı olsun. Tənha analar bu cəmiyyətdə daha çox yüklənir. Tənha atalara nisbətən tənha anaların çoxu yenidən ailə qura bilmir. Tənha anaların iş təminatı, normal dolanışığı üçün bir sıra proqramlar həyata keçirilməli, qanunvericilikdə xüsusi imtiyazlar əlavə edilməlidir. Həmin ailələrin uşaqlarına təhsildə ödənişə 50 faiz güzəşt edilməlidir. Araşdırılsa, məlum olacaq ki, zərərli vərdişə aludə olan insanların çoxu diqqətdən kənarda qalan təkvalideynli ailələrin payına düşür. Oğlu hərbi xidmətdə olarkən dövlət ananın dolanışığını təmin etməlidir. Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin və onun regional qurumlarının üzərinə məsuliyyət düşür, ancaq əməli fəaliyyət illərdir görünmür”.

“Hökümət həm sosial mexanizmlərini, həm də biznes mühütünü inkişaf etdirməlidir”

Təkvalideynli ailələrlə bağlı əmək qanunvericilikdə müəyyən imtiyazlar var ki, bunlar da rəsmi çalışan təkvalideynli ailələrə tətbiq edilir, sosial iqtisadi rifaha təsiri yoxdur.

İqtisadçı ekspert Fərid Mehralızadə bildirir ki, həmin ailələrin sosial-iqtisadi təminatı ilə bağlı ciddi islahatlara ehtiyac var. Onun sözlərinə görə, həmin ailələrə ilkin dəstək kimi ailə başçısını itirməyə görə verilən sosial müavinət və pensiya ödənişi yaşayış minumumu səviyyəsinə qaldırılmalıdır.

“Ailə başçısı vəfat etdiyi təqdirdə pensiya alırsa, övladlarına ailə başçısı itirməsinə görə pensiya, pensiya hüququ yoxdursa, müavinət verilir. Azərbaycanda əksər insanların pensiya hüququ yoxdur, gənc yaşda vəfat edibsə, pensiya kapitalı, staj tələbi almağa bəs etmir. Belə təkvalideynli ailələr çox vaxt 120 manatlıq sosial müavinət alır. Problem də budur ki, ailə başçısını itirməyə görə təyin edilən müavinətin məbləği yaşayış minumumundan iki dəfədən azdır. Düzdür, yaşayış minumumun 270 manat olması özü də mübahisəli məsələdir, amma ən azından o qədər olmalıdır ki, insanlar minumum ehtiyaclarını ödəsinlər”.

Fərid Mehralızadənin şəxsi arxivindən

Digər tərəfdən ünvanlı sosial yardımla bağlı çoxlu əlavə tələblər var ki, problem yaradır. Ünvanlı sosial yardımın məqsədi aztəminatlı ailələrə dəstək olmaqdırsa, bu proses çevik, obyektiv və effektiv olmalıdır. Prosesin özü düzgün qurulmayıb. Yoxsul əhalinin hamısına tətbiq olunmalıdır. Digər məsələ işsizlikdən sığorta məsələsidir. Çox az adam bundan sığortalana bilir. Özünüməşğulluq Proqramına da tələbat çoxdursa, hökumət həm sosial mexanizmlərini, həm də biznes mühitini inkişaf etdirməlidir. İş yerlərinin sayı çox olsun. İş yerləri çox olarsa, həmin insanların dövlətin yardımına ehtiyacı olmaz. İş tapıb işləyərlər. Təəssüflər ki, nə dövlətin sosial siyasət mexanizmləri əlverişlidir, nə də iqtisadiyyatı yetərli inkişaf etməyib deyə insanlar sosial problemlərlə üzləşəndə onlar üçün ağır perspektivlər yaranır”, – iqtisadçı vurğulayıb.

Fərid Mehralızadənin fikrincə, təkvalideynli ailələrin, tənha anaların sosial mexanizmi gücləndirilməlidir:

“Qeyd etdiyim pensiya yaxud müavinətlərin məbləği minumum tələbatı ödəyəcək məbləğdə olmalıdır. Bu ödənişi sadəcə uşağa deyil, onlara baxan analarına, atalarına da sosial yardımlar edilməlidir. Ünvanlı sosial yardım və Özünüməşğulluq Proqramı çevik, qiymətləndirmə düzgün şəkildə aparılmalıdır. Bu qəbildən olan həssas qrup ailələrin müraciətinə xüsusi prioritet verilməlidir”.

Nə iş var, nə yardım, nə də elə söz deyilib”

Tənha ana Qumru Mahmudova isə deyir ki, yazı hazırlanan müddətdə aidiyyəti qurumlar tərəfindən nə onunla əlaqə saxlayan, nə də kömək etməyə çalışan olub:

“Icra hakimiyyətinə özüm zəng edib? guya mənə təklif etdikləri yeddi işlə maraqlanmaq istədim, dedilər nə iş var, nə yardım, nə də elə söz deyilib. Torpağın var, özün apar sənədlərini təqdim et, ünvanlı sosial yardım düşərsə, al”.

Ana səhifəBölgəTənha ana iş tapa bilmir, icra hakimiyyəti isə “o, qismətindən narazı ola bilər, bizdən yox” deyir