Təngivanlılar: “Feyxoa bağları susuzluqdan məhv olur”

Feyxoa. Foto: Azərtac

Kəndlilər danışır ki, yüzlərlə bar verən ağac kökündən çıxarılıb, yüzlərlə ağac yanıb

“Suvarma mövsümü gəlib çatıb, yenə ağaclarımıza baxa-baxa qalmışıq. Gözümüzün önündə hər gün bir neçə ağac quruyur, çıxarıb atırıq. Şəxsən mənim bağda 100-dən çox ağacım vardı. Bağdan hər il azı 3500-4000 manat mənfəət götürürdüm. İndi vur-tut 30 ağac qalıb, onları da suvara bilmirəm, çoxu quruyub”.

Ziyafət Əliyev Lənkəranın Aşağı Təngivan kənd sakinidir. 30 ildən çoxdur ki, meyvəçiliklə məşğul olur. Ancaq son 5-6 ildə bir şirkətin meyvə bağlarını viran qoyması səbəbindən təsərrüfatı məhv olub. Tək Ziyafət Əliyev yox, Yuxarı və Aşağı Təngivan kəndindəki xeyli ailə feyxoa bağlarından əlini üzüb.

Təngivan yaxınlığındakı hektarlarla ərazidə 1990-cı ildən başlayaraq kəndlilər əvvəlcə çəltik əkib. 1999-cu ildən artıq pay torpaqlarına çevrilərək mülkiyyətlərinə verilmiş həmin sahələrdə kəndlilər birləşərək feyxoa bağları salıb. Ziyafət Əliyev deyir, ilk vaxtlarda bağlar kustar yolla qazılmış su quyusundan su çəkməklə bağları suvararmışlar. Sonralar birləşib su mühərriki alıblar, mühərrik vasitəsilə bağlara su vurmağa başlayıblar. Aşağı və Yuxarı təngivanlılar öz ağlarını beləcə, növbəli şəkildə suvarır, mövsümdə meyvələri yığıb satmaqla güzəranlarını qururlarmış. İndi isə ərazidə “PROFCO” MMC şirkəti fəaliyyət göstərir.

Bu şirkət qum-çınqıl karxanalarına sahibdir. Çaylarda və çaykənarı sahələrdə qum-çınqıl hasilatıyla məşğul olur. Şirkətin rekvizit məlumatları olmadığına görə əlaqə yatarmaq mümkün deyil. Yalnız o məlumdur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi şirkəti bir neçə dəfə məhkəməyə verib, məhkəmə isə şirkəti cərimələyib. Nazirlik vətəndaşlara göndərdiyi məktublarda şirkətin ərazidəki fəaliyyətini qeyri-qanuni adlandırıb.

Ziyafət Əliyev

“Çayı qazanda Yuxarı təngivanlıların öz pay torpaqlarına (meyvə bağlarına) olan körpüsünü dağıtdılar, ona görə də Yuxarı təngivanlılar ümumiyyətlə, meyvə bağlarına gəlib-gedə bilmirlər. Onların bağlarından artıq əsər-əlamət qalmayıb. Biz – yəni Aşağı təngivanlılar da uzun müddətdir ki, bağlarına əziyyətlə gəlib-gedirik. Keçiblər pay torpaqlarımıza, qaza-qaza gedirlər. Qonşunun bar verən 150 feyxoa ağacını kəsib atdılar kənara, yerini də qazıb torpağını daşıdılar, şikayət etmədiyi yer qalmadı, nəticəsi olmadı. O boyda təsərrüfatdan cəmi 9 ya 10 təsərrüfat qalıb burda…”

Ziyafət Əliyev ailəsini feyxoadan əldə etdiyi qazancla dolandırırmış. Deyir, bu bağdan daha çox qazanc götürənlər varmış:

“Ən az ağac məndə olub. Məsələn, bacımın 300-ə, qardaşımın 200-ə yaxın ağacı vardı. Qonşum var, hansı ki, 400-dən çox ağacı olub. Onlar daha çox mənfəət itirib. Təsəvvür edin ki, illərlə bağ saxlayırsız, o bağ sizin yeganə dolanışıq yerinizdir, yeganə təsərrüfatınızdır və bir gün kimsə gəlib hər-şeyi alt-üst edir. Və söhbət bir nəfərin yox, onlarla kəndlinin təsərrüfatından gedir. Təngivanda yaşamaq üçün səbəb qalmayıb. İllərdir ki, yazılır, çəkilir, göstərilir, ancaq elə bil daha da qəddarlaşırlar. Yolları dağıdıblar, heyvandarlığı, meyvəçiliyi məhv ediblər. Məsələn, mən heyvanlarıma yemi bu ərazidən daşıyırdım, indi burda ot da bitmir. Kəndlilər yem tapa bilmədiklərinə görə heyvanlarını dəyər-dəyməzinə satmalı olur və bütün bunlara bir son verən yoxdur”.

Şirvan Nəzərov

Kənd sakini Şirvan Nəzərov da bağ təsərrüfatının məhv olmasından danışır. Deyir, illərlə ailəsinin dolanışıq yeri olan feyxoa təsərrüfatı susuzluqdan məhv olub:

“Bütün aidiyyəti qurumlara yazmışıq, prezidentə, vitse-prezidentə yazmışıq. Ekologiya və Təbii Sərvətlər Nazirlriyindən gəlib baxıblar, bizə məktub göndəriblər ki, şirkət qanunsuz işlərlə məşğul olur. Ancaq nə faydası? Sahibkar öz işindədir. O, bağlarımızı, örüşlərimizi yox, birbaşa həyatımızı məhv edir. Kəndlinin təsərrüfatını dağıtdın, ya həyatını, eyni şeydir. Tələb edirik ki, ölkə başçısı bu məsələyə diqqət ayırsın, bizi və təsərrüfatlarımızı bu yırtıcıların əlindən xilas etsin. Bağlarımızı susuzluqdan yandırıblar, örüş yerlərimizi qazıb, torpağını daşıyıblar, heyvanlarımız acından ölməsin deyə, dəyər-dəyməzinə satmaq məcburiyyətində qalmışıq, biz nə edək, necə yaşayaq? Bir sahibkarın daha çox pul qazanması üçün bizi daha hansı faciələr gözləyir?”

Ferxoa bağı. Fotolar: Meydan TV

Bir müddət əvvəlsə Nazirliyin Yanında Milli Hidrometrologiya Xidmətinin əməkdaşları tərəfindən Lənkəran rayonu Təngivan kəndi ərazisində fəaliyyət göstərən yaşayış evlərinə yaxın ərazidə monitorinq aparılıb. Bu barədə Meydan TV-yə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən bildirilib. Qeyd olunub ki, Lənkərançay qum-çınqıl yatağına baxış keçirilərkən “PROFCO” MMC-nin müvafiq icazə sənədi olmadan qanunsuz fəaliyyət göstərdiyi aşkar edilib və şirkət məhkəməyə verilib. Toplanmış materiallar Baş Prokurorluğa da göndərilib.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 13.05.2014-cü il tarixli 127 saylı sərəncamı ilə “Lənkərançay-2” qum-çınqıl yatağından 7.0 ha torpaq sahəsi “PROFCO” MMC və “Bayram-M” şirkətinə ayrılıb. Həmin torpaq sahəsinin 1.0 ha-da daş qırma materiallarının istehsalı üçün avadanlıqların quraşdırılmasına və 6.0 ha-da isə qum-çınqıl materialının götürülməsinə icazə verilib. İcra hakimiyyətindən Meydan TV-yə bildirilib ki, karxanın fəaliyyəti tam qanunidir və bütün normativlərə cavab verir.

Meydan TV sözügedən şirkətin sahibi ilə əlaqə saxlaya bilməyib.

Bu kənd əvvəllər rayonun Rvo kənd inzibati ərazi dairəsinin tərkibində olub. 2011-ci ilin oktyabrında Milli Məclisin qərarı ilə mərkəzi Şovu kəndi olmaqla Şovu kənd inzibati ərazi dairəsi yaradılıb və Təngivan da əvvəlki ərazi dairəsinin tərkibindən ayrılaraq yeri ərazi dairəsinin tərkibinə keçib. Dağətəyi kəndi Lənkərançay iki hissəyə bölür – Yuxarı Təngivan çayın sol, Aşağı Təngivan isə sağ qolunda yerləşir.
Aşağı və Yuxarı Təngivanda əhalinin sayı 500 nəfər civarındadır. Əhalinin dolanışğı kəndi iki hissəyə bölən

Lənkərançayın o tayındakı pay torpaqlarından çıxır. Çünki kəndlilərin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdan ibarətdir. Ancaq qazıntılar kəndliləri kənd təsərrüfatı ilə məşğul olmaqdan məhrum edib.

Ana səhifəBölgəTəngivanlılar: “Feyxoa bağları susuzluqdan məhv olur”