”Tenderlerdə qalib gələn şirkətlər əvvəlcədən bizə məlum idi”

Vidadi Zeynalovun sürücüsünün adına şirkət olub

Source:


Vidadi Zeynalovun sürücüsünün adına şirkət olub

“İşlər rəhbərliyin göstərişi ilə formal aparılırdı. Ayrılan vəsaitdən 2.5 faiz vəsait bizə verilirdi.  Tenderlerdə qalib gələn şirkətlər əvvəlcədən bizə məlum idi.  Yalnız bütün işlərin hamısı tamamlanmayıb və qiymətləndirmə şişirdilib.  Beytulla Hüseynov rəis olmamışdan əvvəl tenderlər qanuni görülürdü”.

Bu sözləri məhkəmədə şahid Nəriman Salmanov deyib. O, Sabunçu telefon qovşağında işləyib. Bildirib ki,  “Təmir Təchizat Servis” MMC tikinti işlərinə baxıb.

Ondan əvvəl isə digər şahid ifadə verib…


Ofisimizdə MTN- ə aid avadanlıqlar var idi

Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri , sabit MTN naziri Eldar Mahmudovun qohumu Beytulla Hüseynov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi  prosesdə şahid qismində Nigar Əlizadə ifadə verib. O bildirib ki, “Akey” şirkətində mühasib işləyib: “Şirkətin rəhbəri Ayaz Kərimov idi. Bir çox şirkətlərlə çalışırdıq. Eləcə də “Cartburg”la. Ayda 10 min dollar hesabımıza göndərilirdi. Ofisimizdə MTN- ə aid avadanlıqlar var idi. Maaşı əldən ələ verirdilər. Pulu şəxsən Ayaz Kərimov verirdi”

A.Kərimov sabiq MTN naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun dostu və şərikidir. Onun barəsində cinayət işi açılıb, lakin A.Kərimov ölkədən qaçdığı üçün axtarışa verilib.


“Qiymətlərin şişirdilməsindən xəbərim olmayıb”

Sonra Nəriman Salmanov ifadə verib. Onun ifadəsində ziddiyyətlər olduğu üçün istintaqa verdiyi ifadəsi elan edilib.

O istintaq zamanı ifadəsində bildirib ki, qovşağa 10 milyon manat pul köçürülüb, Beytulla Hüseynov qiymətləri şişirdib.  Buna baxmayaraq, görülməyən işlər qalmayıb, qiymətlərin şişirdilməsini sənədlər əsasında mütəxəssislər müəyyən edə bilər.

Nəriman Salmanov istintaqa verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki,  qiymətləndirmə işlərini şişirdilməsi onların səlahiyyətləri çərçivəsində olmayıb:

“Mən bilmirəm ki,  hansı material hansı qiymətə olub. Anar Mustafayev mənimlə məsləhətləşməyib,  onun qiymətləri şişirtməsindən xəbərim olmayıb. Qiymətlərin şişirdilməsini bilməmişəm. Bunu istintaqda bilmişəm”.

Şahid Dilbər Şükürzadənin sözlərinə görəsə, “AzİnTelekom” MMC-də şöbə rəisini müavini olub.  O bildirib ki, “Cartburg” şirkəti ilə müqavilə nazirlikdən gələn göstərişə əsasən bağlanıb.


“Vidadi müəllim dolanışığıma köməklik edib”

Digər şahid Elçin Əliyev bildirib ki, Vidadi Zeynalovun sürücüsü olub: “Mənim adıma şirkət olub. Lakin o şirkətin fəaliyyətindən xəbərsizəm.Vidadi müəllimin sürücüsü olmuşam, o da mənə dolanışığım üçün köməklik edib”.

Şahid Nəsimi Musayev qeyd edib ki, Rabitə Nazirliyində çalışıb. Bildirib ki, istintaqa verdiyi ifadəsini təsdiqləyir: “Ayda əməkhaqqımdan əlavə 1000 manat paket almışam”.

Şahid Müzəffər Rüstəmov da “AzİnTelekom” MMC-də işləyib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki,  istintaqda “Cartburg” şirkəti ilə bağlı suallar veriblər, o da verilən suallara cavab verib.

Müzəffər Rüstəmov qeyd edib ki,  “RosTelekom”un trafik imkanları geniş olsa da, “Cartburq”da məhdud idi: “Yalnız bizə rəhbərlik tərəfindən tapşırıq verildi ki, “Cartburg”la əməkdaşlıq ediləcək”.

Bu zaman “Azintelekom”MMC-in rəhbəri olmuş təqsirləndirilən Cəlil Cəfərov şahidin ifadəsinə əlavə edib: ” Mən beynəlxaq trafikə nəzarət etmişəm.  Hər həftə  Əli Abbasova trafikin gedişatı ilə bağlı məruzə edirdim. Trafikdə olan oğurluqla bağlı MTN-də, bizim nazirlikdə bununla bağlı mübarizə gedirdi.

Əli Abbasova məruzə edən zaman dedim ki, trafikdə oğurluq olur.  Əli Abbasov dedi ki, oğurluğun qarşısını al. Sonra Əli Abbasov məni Ayaz Kərimovla tanış elədi. Orda qərara alındı ki, onlarla işləməliydik. Bundan sonra “Cartburg”la çalışmağa başladıq. Onlar trafikləri ölkəyə gətirəcəkdi və oğurluğun qarşısı alınacaqdı”.

Proses dekabrın 28-də davam edəcək.


Xatırlatma

Beytulla Hüseynov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. MTN ətrafında baş verənlərdən sonra prokurorluqda cinayət işi başlanıb və B.Hüseynov da şahid kimi istintaqa cəlb olunub. Onun ifadəsindən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı araşdırmalar başlanıb.

V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

RYTN dəymiş ziyana görə 163 milyon manat dəyərində mülki iddia qaldırıb. Vergilər Nazirliyi (VN) isə təqsirləndirilən B.Vəliyevə qarşı 255 min manatlıq mülki iddia irəli sürüb.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

Ana səhifəXəbərlər”Tenderlerdə qalib gələn şirkətlər əvvəlcədən bizə məlum idi”