Ucuz neft erasının nəhəng neft pullarından məst olan hökumətlərin yuxusuna haram qatacağı şübhəsizdir
Tanınmış iqtisadçı Rövşən Ağayev Facebook səhifəsində “Tənbəl hökumətlərin “ucuz neft” qorxusu” başlıqlı yazı ilə çıxış edib. Müəllifin razılığı ilə Meydan TV həmin məqaləni işıqlandırır.
Dünya xammal bazarında baş verən proseslər və bu bazarın yaxın gələcəyi ilə bağlı aparılan analitik təhlillər Azərbaycan hakimiyyəti üçün siqnallar ötürür. Amma həmin siqnalları görən,duyan var, ya yox, burası başqa mövzu…
Bu, bir həqiqətdir ki, son 10 ildə bir çox ölkələrin iqtisadiyyatını “hökumət” adlanan institutdan daha çox neft idarə edib. Neft bu ölkələrə nəhəng pullar gətirib. Məsələn, elə Azərbaycanda bu pulların əldə olunmasına heç kim əziyyət çəkməsə də, kimin daha çox xərcləməsi uğrunda ölüm-dirim savaşı gedib. Bu situasiya üçün ibrətamiz bir uşaq nağılını yəqin xatırlayırsınız: tənbəl oğula ananın gizlin verdiyi pulu ata ocaqda yandıranda oğulun vecinə olmur, amma özünün zəhmətlə qazandığı pulu əlləri yana-yana ocağın içindən toplayır.
Qısası, 10 ildir Azərbaycan hökuməti daha çox qazanmadığı pulları xərcləməkdədi. Son illər büdcəmizin azı 75-80 faizinin birbaşa neftdən formalaşması bunun sübutudu. Halbuki bu qədər pulun hətta yarısını qazanmaq üçün başqa ölkələrdə hökumətləri tər tökür, gecə-gündüz komanda halında qarışqa kimi çalışır, sahibkarların nazı ilə oynayır, bu təbəqəyə hər cür şərait yaradır. Amma təbii büdcəyə gələsi pulların hər quruşuna sərt nəzarət sistemi qurur, xarici investorların ayaqları altına xalılar sərir, iqtisadiyyatın dinamik inkişaf etməsi üçün köklü institusional islahatlar həyata keçirib liberallaşdırmaya nail olur, hökumət (daha doğrusu məmurlar) büdcəyə izafi yük olmasın deyə onun funksiyalarını azaldıb özəl sektora, vətəndaş cəmiyyətinə ötürür, mümkün qədər kiçik hökumət qurur, ictimai vəsaitlər effektiv xərclənsin deyə mərkəzi hökumətin funksiyalarından yerli hakimiyyətlərin xeyrinə imtina edir, ictimai nəzarətin güclənməsinə naminə vətəndaş cəmiyyətinin, medianın, vətəndaş yerli özünüidarəsinin güclənməsindən yana tər tökür. Bizim hökumətimiz isə son 10 ildə bunların hamısının tam əksini edib…
Nəticə isə budur ki, neft öz “idarəetmə qabiliyyətini” itirdiyi, tənbəlliyə alışmış hökumətləri öz funksiyalarını yerinə yetirməyə məcbur etdiyi zamanın qoxusu gəlir. Amma əsas sual budur; xammal bazarında durğunluq nə qədər realdır və bu durğunluq nə qədər uzun müddət sürə bilər?
Müəllif Bloomberg-in məlumatına istinad edərək yazır ki, “Bloomberg Commodity Total Return Index” 2009-cu il böhranından sonra ən aşağı həddə (237.3 bənd) düşüb. Bu indeks müxtəlif əmtəələrin (qaz, neft, sənaye təyinalı metallar, dənli bitkilər, nəcib metallar və s.) orta çəkisi nəzərə alınmaqla fyuçers kontrakt qiymətləri əsasında hesablanır. “Financial Times”-in bu həftənin 1-ci günü xammal bazarlarının perspektivi ilə bağlı Sinqapurda təşkil elədiyi konfrasda mütəxəssislər “Bloomberg Commodity Total Return Index”-də baş verən kəskin enməni uzunmüddətli durğunluğun başlaması üçün ilkin siqnallardan biri kimi qiymətləndirib. Bu indeks təkcə son 2 ayda 13 faizə qədər azalıb.
Xammal bazarında baş verənlər yalnız neftin qiymətilə məhdudlaşmır. Birjalarda misin hər tonunun qiyməti 2011-ci ilə nisbətən 35 faizədək çox azalaraq 10.2 min dollardan 6.7 min dollara enib. Mis sənayenin müxtəlif sektorlarında geniş miqyasda istifadə edilən xammal olduğundan onun qiymətindəki qalxıb-enmələr iqtisadiyyatda baş verənləri qiymətləndirmək üçün əsas indikatorlardan biri kimi istifadə edilir. Qızıl bazarındakı kəskin qiymət enmələrini də nəzərə aldıqda, mənzərə daha da aydınlaşır.
Neft bazarındakı vəziyyətə gəldikdə, bu məsələdə son vaxtlaradək qlobal miqyasda makroiqtisadi faktorların rolu, xüsusilə Avropa və Çin iqtisadiyyatında davamlı iqtisadi artımın təmin edilməsi həlledici şərt hesab olunurdu. Amma indi bura “ABŞ faktoru” da əlavə olunub. Söhbət ABŞ-ın enerji bazarında OPEK-lə bərabər əsas “tərəzi daşlarından” birinə çevrilməsindən gedir. Məsələn, indiyədək dünya neft bazarında təklifin tələbi üstələdiyi və bu səbəbdən qiymətlərin aşağı düşdüyü şəraitdə tək OPEK-in hasilat kvotasını azaltmaqla bağlı qərarı vəziyyəti dəyişmək üçün yetərli idi. Amma bu çağacan özü Latın Amerikası ölkələrindən və Ərəbistan yarımadasından neft və sıxılmış qaz idxal edən ABŞ artıq bu ildən nəinki idxal asılılığına son qoyub, hətta ixraca başlayıb. On illərdir toxunlmaz saxlanılan ehtiyatların bazara çıxarılması və şist bumu ABŞ-ı dünyanın 1 nömrəli enerji istehsalçısına çevirdi. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, hazırda dünya neft bazarlarında gündəlik təklifin həcmi tələb həcmini 400 min barrel üstələyir. Amma 2012-ci ildən indiyədək ABŞ-da gündəlik neft hasilatının 3 milyon barrelədək artımı Rusiya da daxil olmaqla və Yaxın Şərqin ənənəvi neft ixracatçılarına situasiyaya təsir etmək imkanı buraxmayıb. Artıq 2015-ci ildə ABŞ-ın xam neft, maye qaz kondensatı və bioyanacaqla birlikdə gündəlik hasilatı 15 milyon barrel səviyyəsində planlalaşdırlır ki, bu, hazırkı dünya lideri Səudiyyə Ərəbistanının göstəricisindən 3.5 barrel çoxdur. Öz növbəsində, ABŞ-ın 2008-ci ildəki göstəricisindən təxminən 2 dəfə çoxdur. ABŞ-ın qısa müddətdə enerji müstəqilliyinə nail olmasının nəticəsidir ki, son 2 ayda özünə ənənəvi bazarda alıcı tapa biməyən Şimali Afrika tenkerləri güzəştli qiyəmtlərlə Asiyanın neft emalı zavodları ilə sövdələşməyə məcbur olublar. Liviyada son 6 ayda gündəlik xam neft hasilatını 200 min barreldən 900 min barrelə çatdırılması kimi amillər də bazarlarda neftin həcmini artırıb. Araşdırmalar göstərir ki, ABŞ-ın ixracatçı kimi təsirinin artması OPEK-i ənənəvi təsir alətindən – kvotanı azaltmaqdan da çəkindirir. Çünki ABŞ azalan həcmi kompensasiya etməklə həm də boşalan bazarları qazanmış olur. Bu qorxunun nəticəsidir ki, dünya bazarlarında qiymətlərin azalmağa meylləndiyi sentyabr ayında OPEK-in gündəlik neft hasilatı kvotası axır 2 ildə ən yüksək həddə – 30.96 milyon barrelə çatıb (avqustda həmin göstərici 30.15 milyon barrel təşkil etmişdi).
Ucuz neft erasının nəhəng neft pullarından məst olan hökumətlərin yuxusuna haram qatacağı şübhəsizdir. Ekspert qiymətləndirmələrə görə, məsələn, İran, Rusiya və Venesuela kimi neft ölkələrinin balaslaşdırılmış büdcəyə malik olması üçün xam neftin qiyməti 100 dollardan xeyli yüksək olmalıdır. Heç şübhəsiz, Azərbaycan üçün bu göstərici keçərlidir. Neftin orta qiymətinin 100 dolları üstələdiyi axır ilyarımda Azərbaycan hökuməti hasil edilən hər barrel xam neft hesabı ilə Neft Fondu və dövlət büdcəsilə birlikdə 60 milyon manatdan çox vəsait daxil olub. Ən kobud hesablamalara görə, xam neftin dünya qiymətlərinin 60-70 dollar intervalında qərarlaşması neft hesabına icmal büdcə gəlirlərimizin azı 3 milyard manat, 70-80 dollar intrervalında qərarlaşması isə 2-2.5 milyard manatadək azalması deməkdir.
Bu itkini yerini sahibkarların hesabına doldurulacağını düşünənlər yanılır.
İqtisadçı yazır ki, Azərbaycanda neftdənkənar iqtisadiyyat son dərəcə zəifdir. Rəqabətə davamlı ticari sektorunun varlığı haqda danışmaq mümkün deyil və ixracda həmin sektorun 3 faizdən az pay qazanması bunun aşkar sübutudur. Vergilərin kiçicik artımı belə hətta indiki vergi yükünə tab gətirməyən ticari sektoru iflasa gətirə bilər. Qeyri-ticari sektorun, xüsusilə tikinti sektorunun inkişafı isə bilavasitə neft gəlirlərinə bağlıdır. Neftin qiymətinin azalacağı tədqirdə, onsuz da bu sahələrin çöküşü qaçılmazdır.
Bəlkə də düşünmək üçün artıq zaman yoxdu, amma yuxudan ayılmaq heç vaxt gec deyil.