Təmizləmə

Foto: Meydan TV

Zərdüşt Əlizadə

Hər şey Xalq Cəbhəsindən başladı…

Təmizləmə sözünü adətən “Quru təmizləmə”, “Kimyəvi təmizləmə”, “Etnik təmizləmə”, keçən əsrin 30-cu illərinə aid edilən “Siyasi təmizləmə”  tərkibində eşitməyə adət etmişik.

Əhvalat vaqe olur indiki Azərbaycanda, elə bizim yaşadığımız zəmanədə. Bu əhvalat nədən ibarətdir? Kimsə deyir ki, faciədir, kimsə deyir ki, şəbədədir. Babalı deyənin boynuna. Azərbaycanda siyasi partiyalar məkanında təmizləmə əməliyyatı aparılır.

Hər şey Xalq Cəbhəsindən başladı. Odur günahkar. Millət gül kimi yaşayırdı, bilmirdi siyasət nədir. Bircə partiya var idi,  ona bəziləri çörək ağacı, bəziləri “dinmə-ver” kimi baxırdı. Adı Kommunist Partiyası olan bu siyasi qurumun üzvlərinin o zamankı Azərbaycanda hüquqları indiki Azərbaycanda YAP üzvlərinin olan (olmayan) hüquqlarından artıq deyildi.

O partiyanın böyüyünün adı Əliyev idi, YAP-ın böyüyünün də adı Əliyevdir.

Dərd ondadır ki,  Xalq Cəbhəsinin də böyüyünün adı Əliyev idi və bu səbəbdən AXC adlı qurumun üzvlərini hüququ, təbii ki, Sov.İKP və YAP üzvlərinin hüquqlarından fərqlənmirdi. Yəni heç! Əlbəttə ki, danışa bilərdilər, fəqət onlara, maşallah, heç kəs qulaq asmırdı.

Bu partiya deyilən şey nədirsə, hamı onu ulaq sayıb minmək istəyir. Partokratlar can atırdı Kommunist Partiyasının sədri, ya da Birinci katibi olsunlar, AXC fəalları da sədr olmaq istəyirdilər.

Niyə? Çünki baxıb görürdülər ki, sədr məqamında əyləşən vücudun qabiliyyəti onların özlərində hiss etdikləri qabıliyyətdən əsla artıq deyil. Amma əskik də deyil. Yəni onlar da partiya sədri ola bilərlər.

Bəli, şanlı milli-azadlıq mübarizəsi Əliyevlərin nəqşəsinə uyğun şəkildə tamamlanandan sonra, yəni hakimiyyət təsadüfi adamlardan alınıb Əliyevlərə qaytarıldıqdan sonra, millətə yuxarıdan göstəriş gəldi: “Uşaqlar, dağılışın evlərinizə, məqsədə çatmışıq, neft, qaz, vəzifə, büdcə, torpaq, polis, məhkəmə, prokurorluq artıq bizdədir, tayfa qarşısında xidməti olanlara vəzifə və mandatlar paylanıb, daha özünüzə nahaq əziyyət verməyin”.

Kimə deyirsən? Milli-azadlıq vurhavurunda nə qədər adamın başı havalanmışdı, nə qədər adam siyasət nəşəsinə aludə olmuşdu! Onlar dəxi evlərinə qayıdıb adicə zindəganlıq edə bilməzdilər. Onları içəridən sədr olmaq şəhvəti gəmirirdi.

Partiyalar haqqında köhnə qanun onlara bu şəhvəti söndürmək üçün gözəl girəvə verirdi. Odur ki, qısa bir zamanda Azərbaycanda 57 partiya qeydiyyatdan keçdi və 57 vücud qoltuğunda qovluq aramsız keçirilən dəyirmi və dördkünc masalarda toplaşıb “Filan partisi olaraq biz hesab edirik ki” cümləsi ilə başlayan məzmunsuz çıxışlar etməyə başladılar.

Partiyaların adlarına gəldikdə, burada dörd əsas sütun var idi. Birinci sütun: Azərbaycan. Partiyanın adında bu sözün işlədilməsi yalnız partiyanın yerləşdiyi coğrafi məkanı deyil (məsələn, Azərbaycan Sosial-Demokrat Partiyası), əksər hallarda şəksiz vətənpərvərliyini və siyasi məqsədini (məsələn, Bütöv Azərbaycan, Vahid Azərbaycan) sübut edirdi. İkinci sütun: islam (İslam hərəkatı, demokratik islam və sairə). Üçüncü sütun: istiqlal. (Milli istiqlal, Demokratik istiqlal və sairə). Dördüncü sütun: mənası geniş kütləyə yaxşı bəlli olmayan ərəb sözləri ( məsələn,Musavat, Müasir Musavat, Təkamül, İdrak və sairə).

İnsaf xatirinə etiraf edək ki, bu qurumların bir neçəsi partiya adına layiq olduğunu sübut etmək istədi, millət vəkili və hətta prezident məqamı uğrunda mübarizəyə girişdi. Bəzilərinin bəxti hətta gətirdi, Prezident Aparatı onların adlarını prezidentliyə və deputatlığa namizəd  siyahısına saldı, prezidentliyə namizədlərə seçki kampaniyasında televiziya ilə beş dəqiqə danışmağa izn verildi, bəzilərinə hətta millət vəkili mandatı bəxş edildi.

Lakin başı azca işləyən hər kəs anlayırdı ki, bu partiyalar Prezident Aparatının ölkədə oynadığı siyasi kələklərdə alətdən savayı bir şey deyillər. Zira Azərbaycanda siyasət deyilən təzahürə, (DTK-nın qoluna sağlıq) 1989-cu ilin iyul ayının 19-da bilmərrə son qoyulmuşdur.

Preziden Aparatı zahirən demokratik sayılan, əslində isə demokratiyanı ələ salan bu partiya bolluğundan necə faydalanırdı? Seçki haqqında qanun elə tərtib edilirdi ki, elan ediləcək nəticə Mərkəzi Seçki Komissiyasına (MSK) Prezident Aparatının sifarişini zərgər dəqiqliyi ilə yerinə yetirməyə rahat şərait yaratsın. 57 partiya arasından seçkidə iştirak etməyə halı olan 10 partiyadan bu seçki qanununu təhlil edib onun həqiqi məqsədini anlamağa zəka qüdrəti çatan 3 pariya səs-küy salıb deyirdi ki, “Belə seçki qanunu ilə seçkiyə getməyin heç bir mənası yoxdur, gəlin bu fırıldaq seçkiləri boykot edək, heç bir partiya bu rəzalətə qoşulmasın”. Bu zaman Prezident Aparatında mübarək bir barmaq yuxarı qovzanıb aşağı, sehirli bir düymənin üstünə enirdi və ömründə heç bir seçkidə iştirak etməmiş guya ki partiya sədrləri bağırırdılar ki, “biz iştirak etməyə hazırıq”. Təbii ki, onlar bunun əvəzində sədr həzrətləri üçün bir dənə deputat mandatı almaq ehtirası ilə yanıb-yaxılırdılar.

Lakin artıq aydındır ki, hakimiyyət oyun şərtlərini dəyişdirmək qərarına gəlib. Bu təzə şərtlər nə ola bilər?

Təbii ki, ehtimal üçün həqir bəndənizin hər hansı dəqiq məlumat mənbəyi yoxdur. Lakin Azərbaycan adlanan siyasi məkanın dəyişməz, az qala əbədi qanunları var və onları təsəvvürümüzə gətirsək, nəyi isə təxmin edə bilərik. Nədir bu qanunlar?

1. Azərbaycan Respublikasının prezidenti mütləq Əliyev olmalıdır.

2.Siyasət mühərrikinin yanacağı sayılan maliyyə vəsaitinin 99%-i Əliyevlərin tam nəzarətində olmalıdır.

3.Ölkə əhalisinin 10%-nə Əliyevlərin sayeyi-mərhəmətindən ölkə sərvətindən nuş etmək hüququ verilir. Bu  10%, üstəgəl 20% büdcədən maliyyələşənlər seçkinin taleyini həll edirlər.

4.Əhalinin 60%-i dərindən inanmalıdır ki, ondan heç nə asılı deyil və seçkidə iştirak səfehliyin zirvəsidir.

5.Azərbaycan Konstitusiyasının Birinci maddəsinə sadəlövhcəsinə inanmış bəzi vətəndaşları ölkənin hüquq-mühafizə qurumları əzib tapdanmış əncirə döndərir.

6.Siyasi təmizləmə əməliyyatından sağ çıxmış 3-5 siyasi partiyanın hərəsinə Milli Məclisdə 2-3 deputat mandatı bəxş edilir.

7.Mərkəzi Seçki Komissiyasına tapşırılır ki, seçki kələklərini daha yüksək peşəkarlıqla və daha incə həyata keçirsin.

Dəxi bundan sonra Azərbaycanda 57 partiyaya ehtiyac qalmır. Həqiqətən, siyasi alverdə əl-ayağa dolaşıb zəhlə tökən əksərən səviyyəsiz məxluqata gələcək Azərbaycanda heç bir ehtiyac yoxdur.

Ana səhifəMənim FikrimcəTəmizləmə