Vüqar Səfərli dələduzluqda ittiham olunur
Uzun illər vəkil kimi fəaliyyət göstərmiş Vüqar Səfərli 8 il azadlıqdan məhrum edilib. Oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. O, müxtəlif adamları aldadıb, onların təxminən 200 min manatdan artıq pulunu ələ keçirməkdə təqsirli bilinib.
Bu işdə zərərçəkmiş kimi tanınan 16 nəfər arasında bloger Səbinə Kətanova da var. O, 130 min manatdan çox ziyan çəkdiyini iddia edir.
Səfərli kiminsə qohumunu həbsdən buraxdırmaq, başqa birisinin valideyninin pensiya məsələsini həll eləmək və s. adlar altında adamları aldatmaqda suçlanır.
Zərərçəkmişlərin əksəriyyəti deyir ki, Səfərlini telekanallardakı proqramlarda vəkil-ekspert kimi, çıxışlarından tanıyıb, ona güvəniblər.
Məsələn, Xalidə Dadaşova bildirib ki, qardaşı oğlunu həbsdən qurtarmaqdan ötrü Səfərlini axtarıb tapıblar:
“Bizdən gecə ilə pulu çatdırmağımızı istədi. Ailə 10 min manatlıq qır-qızılını tələsik ucuz satdı, 4300 manatı ona çatdırdıq. Nə iş gördü, nə də pulu qaytardı…”.
Səfərlini televiziyadan tanıyan başqa bir zərərçəkmiş Lalə Vəliyeva yeni köçdüyü mənzilinə çıxarış almağa köməkdən ötrü onu axtarıb tapıb. Onunla öncə 1000 manatlıq müqavilə bağlansa da, sonradan daha 2 min 500 manat istəyib:
“Pulum yox idi, vermədim. Sonra qızıma yazdı ki, təcili 300 manat lazımdır, mən də 300 manat tapıb çatdırdım”.
Emil Salmanov isə anasının təqaüd probleminin həlli üçün Vüqar Səfərliyə müraciət etdiyini deyir. O da vəkili telekanallardan tanıdığını vurğulayıb. Onun sözlərinə görə, Vüqar Səfərli ona 1700 manat ziyan vurub:
“Aldadırdı ki, sorğular göndərilib, nəsə işlər görüb. Sonra məlum oldu ki, heç yerə heç nə göndərməyib. Heç məhkəmədən də xəbəri olmayıb”.
Oktyabrın 10-da məhkəmədə hökm oxunmamışdan əvvəl son sözünü deyən Vüqar Səfərli bildirib ki, zərərçəkmişlərə dəymiş ziyanı ödəməyə hazırdır. Bunun üçün ona həbs yox, alternativ cəza verilsin ki, çıxıb bu məsələləri həll eləyə bilsin.
“Valideynlərim xəstədi. Mənə verilən maddə çox ağırdır. Səhvimi anlayıram. Amma mənim dələduzluq eləmək niyyətim olmayıb. Dəfələrlə zərərçəkmişlərə də demişəm ki, səbrli olun, sizə dəyən ziyanı ödəyəcəm”.
Vüqar Səfərli həbsindən az öncə Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilib. Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, vətəndaşlardan gələn şikayətlərə görə Vüqar Səfərlinin vəkillik fəaliyyətinə xitam verilib.