“Reklam haqqında” Qanunun tələblərinin pozulduğu qeydə alınır
Audiovizual Şura Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə keçirdiyi monitorinqlə bağlı məlumat yayıb.
Bildirilir ki, monitorinqlər nəticəsində Azərbaycanda fəaliyyət göstərən kommersiya bankının reklam materialında bank tərəfindən keçirilən lotereya ilə bağlı natamam informasiyanın verilməsi ilə “Reklam haqqında” Qanunun 15.2-ci maddəsinin tələblərinin (əmtəə satışını stimullaşdıran tədbirlər haqqında reklamda lotereyanın, müsabiqənin, oyunun və digər tədbirlərin keçirilməsinin şərtləri, vaxtı və müddəti, uduş fondu, uduşların verildiyi yer və vaxt, alınması şərtləri, onların təşkilatçısı barədə məlumatlar əks olunmalı yaxud səsləndirilməlidir) pozulması qeydə alınıb.
Bir çox televiziya kanallarının efirində nümayiş olunan həmin reklam materialının yayımı noyabr ayında da davam edib.
“Audiovizual Şura yayımçılara belə pozuntunun təkrarlanacağı təqdirdə inzibati sanksiyaların tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib”, – məlumatda deyilir.
Şuranın xəbərdarlığında bankın və lotoreya reklamını yayımlayan telekanalların adları açıqlanmayıb.
2022-ci ildə “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən, lotereya və idman mərc oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar İqtisadiyyat Nazirliyi də açıqlama yayaraq, xəbərdarlıq etmişdi.
Bildirilirdi ki, lotereya və idman mərc oyunlarının reklamına dair tələblər “Reklam haqqında” Qanunla tənzimlənir.
Azərbaycan Respublikasının Cinayət Məcəllənin 244-1-ci maddəsinə əsasən, “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür.