“Telegram” kanalının baş direktoru saxlanılıb

Pavel Durov. Foto: Reuters

Fransız hakim Pavel Durovla bağlı yekun qərar verəcək

“Telegram”-ın baş icraçı direktoru Pavel Durov mesajlaşma tətbiqində uşaqlara qarşı cinsi istismar materiallarının yayılması ilə mübarizə apara bilmədiyi iddiası ilə Fransada saxlanılıb.

Fransanın TF1 telekanalının məlumatına görə, 39 yaşlı rus əsilli milyarder Parisin şimalındakı “Le Burje” hava limanında şəxsi təyyarəsindən endikdən sonra saxlanılıb. Ertəsi gün istintaq hakimi onun həbs müddətini 24 saatdan 96 saata qədər uzadıb.

Durovun həbsi üçün orderi keçən il yetkinlik yaşına çatmayanlara qarşı zorakılığın qarşısını almaq üçün yaradılmış Fransa agentliyi OFMIN verib.

OFMIN-in baş katibi Jan-Mişel Bernigaud yazır: “Platformada uşaqlara qarşı zorakılıqla bağlı məsələlərdə boşluqlar var”.

Durov həmçinin “Telegram”-da narkotik vasitələrin qanunsuz dövriyyəsinə şərait yaratmaq və terrorizmi təbliğ etmək ittihamları ilə üzləşə bilər.

Platformasında yayımlanan bəyanatında Dubayda yerləşən şirkət Durovun “gizlədəcək heç nəyi olmadığını” və “Telegram”-ın Avropa qanunlarına tabe olduğunu iddia edib.

“Bir platformanın və ya onun sahibinin həmin platformadan sui-istifadəyə görə məsuliyyət daşıdığını iddia etmək absurddur”, – bəyanatda deyilir.

Daha sonra bildirilir ki, bu vəziyyətin tezliklə həllini tapacağını gözləyirlər.

Paris prokurorluğu daha əvvəl açıqlama verməyəcəyini bildirmişdi.

“Telegram” Durov və onun qardaşı, proqramçı və riyaziyyatçı Nikolay tərəfindən yaradılıb və 900 milyon aktiv istifadəçisi olan qlobal miqyasda ən populyar mesajlaşma proqramlarından biridir.
“Telegram”dan öndə Durov qardaşları 2006-cı ildə “VKontakte” sosial media şəbəkəsini yaradaraq sərvət sahibi olublar. Platforma tez bir zamanda Rusiyada məşhurlaşıb.

“Bloomberg”in milyarderlər indeksinə görə Pavel Durovun sərvəti 9 milyard dollardan çoxdur.

Bu uğur həm də Durovu Kremlin hədəfinə çevirib. 2014-cü ildə o, “VKontakte”-dəki payını sataraq, ölkəsindən ayrılıb.

Fransa Prezidenti Emmanuel Makron “X”-də Durovun həbsinin “heç bir halda siyasi qərar olmadığını” və iş üzrə qərarın hakimlərə aid olacağını yazıb.

“Məhkəmə sistemi qanunları müstəqil şəkildə icra edəcək” – deyə, Makron yazıb.

Ana səhifəDünya“Telegram” kanalının baş direktoru saxlanılıb