”Telefonlar Eldar Mahmudovun göstərişi ilə dinlənilib”

Natəvan Mürvətova və Teymur Quliyevin istintaqa verdiyi ifadələr məlum olub

Source:
Natəvan Mürvətova foto APA


Natəvan Mürvətova və Teymur Quliyevin istintaqa verdiyi ifadələr məlum olub

“Rəhbəri olduğum Əməliyyat-Texniki İdarəsində telefon danışıqlarına qulaq asma əməliyyat idarələrindən verilərək, nazir tərəfindən təsdiq olunmuş tapşırıqlar əsasında həyata keçirilib”.

Bu fikirlər yaxın günlərdə məhkəməsi başlayacaq MTN generallarından birinin – ləğv edilmiş nazirliyin Əməliyyat Texniki İdarəsinin keçmiş rəisi Natəvan Mirvətovanın istintaq zamanı verdiyi ifadəsindəndir.

Bir sıra vəzifə səlahiyyətlərində təqsirləndirilən general-mayorun ifadəsi APA tərəfindən yayılıb.



Məhkəmə qərarı olmadan danışıqlar dinlənilib

N.Mirvətova özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilməsə də, ifadələrində göstərib ki, ləğv edilmiş MTN-in Əməliyyat Texniki İdarəsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunu, MTN naziri tərəfindən təsdiq edilmiş Əməliyyat-texniki idarənin Əsasnaməsini və idarənin vəzifə təlimatlarını rəhbər tutublar.

O bildirib ki, bəzi hallarda idarələrdən tapşırıqlar daxil olanda o, tapşırıqda tədbirin əsaslandırılması qrafasında məhkəmənin qərarı qeyd olunmadığını görüb, tapşırığı verən idarənin rəhbərliyi ilə əlaqə saxlayaraq məhkəmə qərarını onlardan istəyib. Lakin həmin idarələrdən ona məhkəmə qərarının olacağını desələr də, sonradan həmin qərarı verməyib. Rəhbərlik etdiyi idarəyə daxil olan tapşırıqların düzgün tərtibatına fikir verib və tapşırıq tam doldurulmadıqda tapşırığı verən idarənin rəhbərliyi ilə danışıb bu barədə məlumat verib. Lakin hərdən elə olub ki, həmin idarələrin rəhbərləri ona tapşırıqda olan nöqsanları aradan qaldıracaqlarına və qulaq asma ilə bağlı məhkəmə qərarı olmasını desələr də, sonradan həmin nöqsanları aradan qaldırmayıblar.

O da tapşırıqda nazirin icazəsi barədə imzasının olduğunu görüb məcbur olaraq həmin tapşırıqların icrasına göstəriş verib. Rəhbərlik etdiyi idarədə telefon danışıqlarına qulaq asma texniki tədbir həyata keçirilərkən müstəsna hallarda icraçı tərəfindən təşəbbüskara birbaşa obyektin hansı ərazidə olması, telefonla kiminlə, hansı danışıqları aparması barədə məlumatlar verilib. Bu təşəbbüskarların xahişi əsasında əməliyyat tədbirləri keçirilərkən olub, lakin onlar belə hallarda işçilərə üstüörtülü, yəni açıq olmamaq şərti ilə məlumatların verilməsinə icazə veriblər. Məlumatlar da yalnız nazirliyin işçilərində olan daxili xidməti telefonlar vasitəsilə verilib, başqa telefonlarla məlumatların təşəbbüskara verilməsi qadağan olub.



“Nazirin göstərişi olmazdan etməzdim”

N. Mirvətova Ələsgərov Şahin İsmayıl oğlunun, Sadıxov Akif Ənvər oğlunun, Əsgərov Həsən Məmməd oğlunun, Mehdiyev Adil Şamil oğlunun telefonlarını xatırlamadığını, həmin telefonlara Əməliyyat-Texniki İdarədə qulaq asma tədbirinə dair müvafiq sənədləşmə aparılmayıbsa, deməli, həmin nömrələrə yalnız sabiq nazirin şifahi göstərişinə əsasən şifahi qaydada işçilərinə həmin telefonlara qulaq asılmasına dair göstəriş verdiyini bildirib: “Sabiq nazirin göstərişi olmadan, müvafiq sənədləşmə olmadan həmin telefonlarla aparılan danışıqlara qulaqasma tədbirinin həyata keçirilməsinə göstəriş verməzdim”.

Bununla yanaşı, N. Mirvətova ifadələrində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin razılığı ilə MTN-in sabiq rəhbərliyinin şifahi tapşırıqları əsasında, hər hansı məhkəmə qərarları alınmadan abonentlərin şəhər telefon nömrələrinə Avtomatlaşdırılmış Telefon Stansiyaları vasitəsilə qanunsuz qulaq asılması faktlarını da ifadələrində təsdiq edib.


Mərkəzi Bank sədrinin müavininin telefonları nəzarətdə olub

“Report”un əldə etdiyi məlumata görəsə, Natavan Mürvətovanın xidməti otağından götürülmüş jurnallara baxış keçirilib.

Baxış keçirilərkən jurnalda bir sıra adlara və qeydlərə rast gəlinib. Jurnalın 13-cü səhifəsində Aftandil Babayevin (Mərkəzi Bankın İdarə Heyətinin sədr müavinidir) istifadəsində olan (012) 493-11-96 şəhər telefon nömrəsi 991 nömrəsi ilə qeyd edilib. İkinci qrafada “Babayev Avtandil Mərk. Bank idarə heyət sədr müav” sözləri yazılıb. Həmin nömrə habelə 47-ci səhifədə 19-cu sırada üçüncü qrafada qeyd edilib.

İttiham aktına əsasən, Babayev Aftandil Qasım oğlunun 2015-ci il ərzində keçmiş MTN-in əsas inzibati binasına və nazirlikdə vətəndaşların qəbulu üçün otaqlarının yerləşdiyi inzibati binaya daxil olma və çıxma faktları nəzarət-buraxılış məntəqələrindəki müvafiq qeydiyyat jurnallarında mövcud deyil. Məlum olub ki, Aftandil Babayevin 012-493-11-96 şəhərdaxili telefon nömrəsi 22.09.2015-ci il tarixdən keçmiş MTN-in Əməliyyat-texniki idarəsində nəzarətə qoyulub. Sifarişçi keçmiş MTN-in Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin sabiq rəis müavini Əliyev Fizuli Zülfüqar oğlu olub, əməliyyat-texniki tədbirin keçirilməsi ilə bağlı tərtib olunmuş 000774 №-li tapşırıq blankının 11-ci bəndində (tədbirin əsaslandırılması) “QƏTİ-2560” göstərilib. Sabiq nazirin (Eldar Mahmudov) şifahi tapşırığı əsasında həmin baş idarənin tərkibində baş idarənin sabiq rəisi Sübahir Qurbanovun rəhbərliyi ilə həmin baş idarənin sabiq rəis müavini Fizuli Əliyevin yaratdığı “qrupun” icratında olub və həmin qrupun üzvü olmuş Məmmədov Zaur İbiş oğlunun 24.09.2014-cü il tarixdə tərtib edib imzaladığı qərarla QƏTİ-nin açılmasına səbəb kimi həmin vaxt icraatda olmuş S-258 nömrəli siqnal materialı göstərilib. Baş idarənin sabiq idarə rəisinin müavini Zaur Məmmədovun 23.09.2014-cü il tarixdə tərtib edib imzaladığı S-258 siqnal işinə dair arayışda Aftandil Babayev və onun istiadə etdiyi telefon nömrələri barədə məlumat aşkarlanmayıb, Sübahir Qurbanov və Fizuli Əliyev tərəfindən tərəfindən də 23.09.2014-cü il tarixdə imzalanmış arayışda S-258 siqnalın açılmasına səbəb kimi Səlimli Azad Babahəsən oğlunun və Hacıyev Əflatun Alimbaş oğlunun gümüş məmulatlarının Türkiyədən ölkə ərazisinə qaçaq yolla gətirilməsi ilə məşğul olmaları göstərilib.



“Eşqin Əliyev kartan pul köçürüb”


MTN-in Monitorinq Mərkəzinin həbsdə olan rəhbəri, general Teymur Quliyev də istintaq zamanı verdiyi ifadəsində göstərib ki, 2015-ci ilin sentyabrda əməliyyat müvəkkili Eşqin Əliyevin iş fəaliyyəti zamanı qanunsuz müdaxilə etməsindən şübhələnərək, 7 oktyabr 2015-ci il tarixdə şöbə rəisi Rövşən İsmayılov və müavini Fuad Səfərova Eşqinin fəaliyyətini araşdırmaq və audit keçirmək barədə göstəriş verib. Müəyyən olunub ki, Eşqin Əliyev çox sayda telefon məlumatını nəzərdən keçirib. 2015-ci ilin oktyabrın 9-da Eşqin Əliyevin izahatını alanda sonuncu bildirib ki, avqust ayının axırlarında iş başında olarkən statistika proqramında “qanunsuz pul köçürmələri” sözünü axtarış verdikdə ekrana plastik bank kartlarının CVV, CVC rəqəmləri çıxıb.

Mesajla hansısa şəxs digərinə özünün plastik kartının nömrələrini, kartın bitmə tarixi, CVV, CVC nömrələrini göndərərək onun kartına pul transfer etməsini xahiş edib. Eşqin Əliyev də pul əldə etmək fikrinə gələrək, statistik proqrama CVV, CVC kod sözlərini yazaraq axtarış verib və “hesab.az” saytı vasitəsilə atasının adına olan bank kartına statistik proqramlarından istifadə etməklə göstəricilərini əldə etdiyi plastik kartlardan az məbləğlərdə pul köçürməyə başlayıb. Həftədə 4 belə köçürmə etməklə təxminən 10-12 kartdan ümumilikdə 300-350 manat məbləğində pul köçürüb. Həmin pulları sonradan kartdan çıxardıb istifadə edib. T. Quliyev dərhal nazirə Eşqin Əliyevin cəzalandırılması üçün müraciət edib”.

Teymur Quliyev ifadəsində göstərib ki, mərkəzin sistem administratorunun sistemə daxil olması üçün şəxsi parolları olub və həmin parolları o da daxil olmaqla heç bir əməkdaş bilməyib. Həmin parol onun seyfində möhürlənmiş vəziyyətdə saxlanılıb. Lazım olanda sistem administratorları xüsusi jurnalda imza etməklə həmin parolu istifadə etmək üçün ondan götürüblər. Əməliyyat müvəkkillərinin də sistemə daxil olmaq üçün hər birinin şəxsi parolları olub. Monitorinq Mərkəzində quraşdırılmış kompüter proqramlarından hər hansı bir təşkilat və ya MTN-nin digər struktur qurumu istifadə edə bilməzmiş.



“Vidadi Zeynalovdan pul almamışam”

Teymur Quliyev Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) Aparat rəhbəri Vidadi Zeynalovdan pul almadığını deyib. Bildirib ki, onun Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin işinə nəzarət etmək səlahiyyəti olmayıb. Aparat rəhbəri Vidadi Zeynalovun ondan hər hansı xidməti asılılığı olmayıb və ondan heç vaxt pul tələb etməyib.

Vidadi Zeynalovu 20-25 ildir, tanıdığını deyən T. Quliyev bildirib ki, onunla xeyir-şər məclislərində görüşüb. Bayramlarda zəngləşib danışıb, onunla yaxın münasibəti, ailəvi gediş-gəlişləri olmayıb. Sonuncu dəfə 6-7 il əvvəl RYTN-ə hansısa iclasa qatılmaq üçün gedib. Ümumilikdə RYTN-də bir və ya iki dəfə olub.

Vidadi Zeynalovla qohumluq münasibətləri və düşmənçiliyi olmadığını deyən T. Quliyev MTN-nin Monitorinq Mərkəzinin rəisi işlədiyi müddətdə tabeçiliyində olan hər hansı şəxsə qanunsuz əmr və ya tapşırıq vermədiyini bildirib. Mərkəzin əsas fəaliyyət istiqaməti olan telefon danışıqlarının dinlənilməsi və statistik məlumatların toplanması ilə bağlı göstərişləri isə öz təşəbbüsü ilə verməyib. O, yalnız sabiq nazir Eldar Mahmudovun yazılı və şifahi göstərişlərinin icrası ilə bağlı tapşırıqların vaxtında icra olunmasını təmin edib.



“Tağı Əhmədovun danışıqlarına qulaq asma tapşırığını Akif çovdarov təsdiqləyib”

T. Quliyev ifadəsində bildirib ki, Əhmədov Tağı Məhəmməd oğlunun telefonlarına qulaq asılması tapşırığı üzrə təşəbbüskar MTN-nin 6-cı Baş İdarəsinin əməkdaşı Tural Rzayev olub. Həmin tapşırığı idarənin rəisi Akif Çovdarov təsdiqləyib, Eldar Mahmudov tədbiri MTN-in Monitorinq Mərkəzinin həyata keçirməsinə icazə verib.

Müvafiq qaydada tapşırıq icra edilib və əldə olunmuş məlumatlar tapşırıqda qeyd edildiyi kimi MTN-nin 6-cı Bİ-nin əməkdaşı Tural Rzayevə göndərilib. O, Tağı Əhmədovu şəxsən tanımayıb və həmin şəxslə hər hansı bir münasibətdə olmayıb.

Məcidov Səbuhi Abturab oğlunun telefonuna qulaq asılması tapşırığı üzrə təşəbbüskar MTN-nin 4-cü Baş İdarəsinin 1-ci idarəsinin rəisi Fizuli Əliyev olub. Tapşırığı idarənin rəisi Sübahir Qurbanov təsdiqləyib, Eldar Mahmudov tədbiri MTN-in Monitorinq Mərkəzinin həyata keçirməsinə icazə verib, müvafiq qaydada tapşırıq icra olunub. Əldə olunmuş məlumatlar tapşırıqda qeyd edildiyi kimi Fizuli Əliyevə göndərilib. O, Səbuhi Məcidovu tanımayıb və həmin şəxslə hər hansı bir münasibətdə olmayıb.

Quliyev Nizami Səfər oğlunun telefonlarına qulaq asılması tapşırığı üzrə təşəbbüskar MTN-nin 4-cü Bİ-nin 1-ci idarəsinin rəisi Fizuli Əliyev olub, tapşırığı yenə də Sübahir Qurbanov təsdiqləyib. Prosedurlar əvvəlki kimi olub.

Əliyev Elçin Əli oğlunun telefonuna qulaq asılması tapşırığı üzrə təşəbbüskar MTN-nin ƏK Bİ-nin əməkdaşı Zaur Axundov olub, tapşırığı idarənin rəisi Ədalət Əsədullayev təsdiqləyib, Monitorinq Mərkəzi yerinə yetirib.

Mirzəyev Əli Məmməd oğlunun telefonuna qulaq asılması tapşırığı üzrə təşəbbüskar MTN-nin 4-cü Bİ-nin 1-ci idarəsinin rəisi Fizuli Əliyev olub, tapşırığı Sübahir Qurbanov təsdiqləyib, Monitorinq Mərkəzi icra edərək, məlumatlar Fizuli Əliyevə göndərib. O, Əli Mirzəyevi tanımayıb və həmin şəxslə hər hansı bir münasibətdə olmayıb.

Elşad Abdullayevin telefonuna qulaq asılmasının təşəbbüskar MTN-nin 6-cı Bİ-nin əməkdaşı Azər Əliyev olub, tapşırığı Akif Çovdarov təsdiqləyib, Monitorinq Mərkəzi yerinə yetirib, əldə olunmuş məlumatlar Baş İdarəyə göndərilib.

Mənsimova Sevinc Kamil qızının telefonuna qulaq asılmasının təşəbbüsü MTN-nin 4-cü Bİ-nin 1-ci idarəsinin rəisi Fizuli Əliyevdən gəlib, tapşırığı Sübahir Qurbanov təsdiqləyib, nazirin icazəsi ilə Monitorinq Mərkəzi icra edib.

Bakı şəhər sakini Kabulov Əşrəf Rəfael oğlunun telefonlarına qulaq asılması tapşırığı üzrə təşəbbüskar MTN-nin 4-cü Bİ-nin 1-ci idarəsinin rəisi Fizuli Əliyev olub, tapşırıq Sübahir Qurbanov tərəfindən təsdiqlənib və müvafiq qaydada icrası olunub.

Teymur Quliyev digər şəxslərin də telefon danışıqları barədə göstərişi icra etdiklərini deyib.

Ana səhifəXəbərlər”Telefonlar Eldar Mahmudovun göstərişi ilə dinlənilib”