Tələbələrin ölümündə təqsirləndirilən sürücü: Ölənə kimi vicdan əzabı çəkəcəm

”Hər şey kameraya da düşüb, mənim müdafiəyə, müdafiəçiyə ehtiyacım yoxdur”

Source:


”Hər şey kameraya da düşüb, mənim müdafiəyə, müdafiəçiyə ehtiyacım yoxdur”

“Mən özümü günahkar sayıram və müdafiə etmək fikrim yoxdur. Mənə ömürlük cəza da verilsə belə, ölənə kimi vicdan əzabı çəkəcəm. Hadisə ehtiyatsızlıqdan baş verdi. Rozanın toyu olacaqdı, onunla danışıb, zarafatlaşdıq. Sonradan elə bil, beynim dayandı. Heç nə görüb, eşitmədim. Qışqırıq səslərinə ayıldım və kubikin üstünə çıxdığımı gördüm. Rulu döndərəndə qırıldı”.

Bu sözləri Bakı Ağır Cinayətlər Məhkəməsində  6 tələbənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən sürücü Namiq Hüseynov deyib.

Meydan TV-nin məlumatına görə, iyunun 29-da hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda dünyasını dəyişən tələbələrin valideynləri dəymiş ziyanla bağlı mülki iddia qaldırıblar.

Təqsirləndirilən sürücü N.Hüseynov iddianın qəbul edilməsinə etiraz etməsə də, ödəməyə pulu olmadığını deyib.

Daha sonra iclasda məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib.

N.Hüseynov ittiham üzrə özünü təqsirli bildiyini deyib. Bildirib ki, martın 9-u səhər saatlarında tələbələri 20 yanvar dairəsinə götürüb.

Hadisədən sonra maşından tələbələri çıxardığı deyən N.Hüseynov bildirib ki, ölüm cəzası verilsə də, razı olacaq: “Sürətlə hərəkət etmirdim. Hər şey kameraya da düşüb, mənim müdafiəyə, müdafiəçiyə ehtiyacım yoxdur”.

İclasda məlum olub ki, maşın N.Hüseynovun adına olmayıb və sığortası olmadığı üçün etibarnamə ala bilməyib. N.Hüseynov deyib ki, onun 14 nəfər sərnişin daşımağa icazəsi olub, lakin həmin vaxt maşında çox sərnişin olub.

Proses iyulun 4-də davam edəcək.

Bu ilin martın 9-da Sumqayıt yolunda Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə dünyasını dəyişib, 20 tələbə yaralanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub.

Ana səhifəXəbərlərTələbələrin ölümündə təqsirləndirilən sürücü: Ölənə kimi vicdan əzabı çəkəcəm