Kollec tələbəsi Babək Rzayevi dərsdən sonra iki saatlıq yol gözləyir. 2014-cü ildə Dövlət Pedaqoji Kollecinə qəbul olunandan sonra Gədəbəydən Bakıya gələn tələbə qalmaq üçün yataqxana tapmayıb. O, münasib qiymətə kirayə evə yerləşib. Oxuduğu kollec Sabunçu rayonunda, qaldığı kirayə ev isə Abşeron rayonunda yerləşir.
Babək tələbə bacısı Aytac Qayıbova ilə bir evdə qalır. Ailə iki uşağı üçün aylıq 100 manat kirayə pulu ödəyir. ailəsinə kömək etsin deyə, bəzən Babək kirayə xərclərini özü qarşılayır. Restoranlarda ofisiantlıq edir, həm də İnstagramda səhifə açıb, sərbəst iş yazmaqda çətinlik çəkən tələbələrə slayd hazırlayıb pul qazanır.
Aytac Qayıbova düşünür ki, təhsil aldığı Pedaqoji Universitetin tələbə yataqxanası olsaydı, onlar pullarına da, vaxtlarına da qənaət etmiş olardılar.
Azərbaycanda tək-tük universitetlərin tələbə yataqxanası var ki, onların əksərində məcburi köçkünlər məskunlaşıb. Məsələn, Memarlıq və İnşaat Universitetinin 6 yataqxanasının cəmi ikisi tələbələrin ixtiyarına verilib. Universitetin tələbə şəhərciyinin direktoru Tanrıverdi Hacıyev deyir ki, tələbələr çox, yer azdır. 1979-cü ildən fəaliyyət göstərən yataqxanada 252 tələbə məskunlaşıb. Onlar ayda 20 manat ödəməklə yataqxanada qalırlar. Yemək xərclərini özləri qarşılayırlar.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov APA TV-yə müsahibəsində bildirib ki, universitetdə 22 min tələbə təhsil alır və yarısının yataqxanaya ehtiyacı var.
Millət vəkili Qənirə Paşayeva da 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentdə universitetlərin yataqxana probleminin həll olunmasını təklif edib.
Babək Rzayev də düşünür ki, oxuduğu kollecin yataqxanası olsa, o da dərsdən sonra əlavə işlər görüb pul qazanmağa məcbur qalmaz, əvəzinə diqqətini təhsilinə ayırar.