Tələbələr dekanın onlardan rüşvət aldığını deyirlər

“Heç vaxt özümü cılızlaşdırıb tələbədən pul istəmərəm”

Source:

Heç vaxt özümü cılızlaşdırıb tələbədən pul istəmərəm

Bakı Texniki Kollecinin tələbələrinin şikayəti var. Onlar Meydan TV-yə yazaraq təhsil aldıqları kollecin dekanı Raziyə Tağıyevanın tələbələrə qarşı kobudluq etdiyini, semestrdə qiymət qarşılığında hər tələbədən 350 manat aldığını bildiriblər.

İmtahanlara pul verməyən tələbələri kəsirlər

Redaksiyaya göndərilən fotolarda rüşvət verən tələbələrə imtahan vərəqlərinin paylanıb, köçürmək üçün şərait yaradıldığı iddia olunur. Müəllimənin auditoriyada tələbələrlə kobud rəftarını əks etdirən səsyazı da təqdim olunub. İddia olunur ki, səs yazısı Bakı Texniki Kollecin Avtonəqliyyat şöbəsinin rəhbərinə məxsusdur.

“Xahiş edirik nəzərə alın, biz sürünürük. İmtahanlara pul verməyən tələbələri kəsirlər” – deyə müraciətdə qeyd olunur.

Günah məndədir ki, sizin kimi zibillərə kömək etmişəm

Meydan TV-yə göndərilən səsyazıda bu sözlər eşidilir:

“Hansı biriniz deyə bilərsiniz Raziyə müəllimənin cibinə 50 manat qoymuşam ki, bayramdır, ya nədir? Olub? Allah eləməsin. Müəllimə, sizə deyirəm, gedib oturursunuz kənarda, hansı uşağa kömək edilirsə, vərəqini 4 yerə cırıb, qoyursunuz kənara. İndi hamınızın valideynlərinə zəng edib deyəcəyəm. Onlar il ərzində 10 manat pul verə bilmirlər? “Biz pul verməyəcəyik”, – deyə sinələrinə döyürlər. Eybi yox, qoy verməsinlər. Mən o pulu zorla gedib evlərdən ala bilmərəm. Bilirəm, kimlərsə qarışdırır ortalığı. Qələt edir sinifdə ajiotaj yaradan tələbə. Mən sizə deyirəm, sabah valideyn zəng edib deyəndə ki, amanın günüdür mənim işimi həll et, etməyəcəyəm. Günah məndədir, çünki mən sizin kimi zibillərə kömək etmişəm. İndi valideynlərinizə sözümü deyəcəyəm”.

Elə bir şey olmayıb, etməmişəm, yalandır

Meydan TV məsələyə münasibət öyrənmək üçün şikayətdə adıkeçən Bakı Texniki Kollecinin Avtonəqliyyat şöbəsinin müdiri Raziyə Tağıyeva ilə əlaqə saxlayıb. O, şikayətin əsassız olduğunu, heç bir tələbədən pul tələb etmədiyini bildirib:

“Xahiş edirəm məktəbə gəlin, görüşək, danışaq. Mənim şöbəmdə hamısı oğlanlardır. Heç vaxt özümü cılızlaşdırıb onlardan pul istəmərəm. Mənim 60 yaşım var. Elə bir şey olmayıb, etməmişəm, yalandır. Doğrudur, kəsilən uşaqlar var. Bəlkə onlar əsəbiləşib belə danışırlar, bilmirəm. Ancaq mən çox istəyərdim sizinlə görüşüm, səs yazısına qulaq asım. Bəlkə də onu kimsə düzüb-qoşub”.

Ana səhifəXəbərlərTələbələr dekanın onlardan rüşvət aldığını deyirlər