Tələbələr akademiyanı seçki saxtakarlığında günahlandırır

Tələbələr akt zalının önündə toplanaraq kütləvi etiraz aksiyası keçiriblər

Source:
photo by Vikipediya
photo by Vikipediya
photo by Vikipediya
photo by Vikipediya


Tələbələr akt zalının önündə toplanaraq kütləvi etiraz aksiyası keçiriblər

Prezident yanında Dövlət İdarəçilik Akademiyası tələbələrinin şikayəti var. Onlar Meydan TV-yə yazaraq akademiya rəhbərliyinin Tələbə Gənclər Təşkilatı seçkilərini saxtalaşdırdığını bildiriblər.

Rəhbərlik vəziyyəti düzəltməsə, bütün tələbələrin iştirakı ilə petisiya hazırlayacaqlarını və Prezident Administrasiyasına göndərəcəklərini deyirlər:

“Dövlət müşaviri Kamal Abdullanın oğlu, akademiyanın prorektoru Mehdi Abdullayevin Tələbə Gənclər Təşkilatı seçkilərini saxtalaşdırma cəhdlərinin qarşısı alındı. Odur ki, rəhbərlik son bir neçə ayda böyük təşviş içində oldu. Çünki onlar siyasi rejimə tabe olmaq istəməyən tələbələrin seçkilərdə qalib gəlməsini qəbul edə bilmirdilər”.

“Rəhbərliyin dəstəklədiyi namizəd məğlub olub”

Tələbələr bildirirlər ki, sədr indiyədək “ənənəvi” üsullarla təyin olunurdu. Akademiyanın 4-cü kurs tələbəsi, sədrliyə namizəd Asiman Qocayev oktyabrda keçirilən seçkiləri saxtalaşdırmağa cəhd edən Mehdi Abdullayev və rektor müşaviri, Dövlət İdarəçilik Akademiyasının Həmkarlar İttifaqının sədri Yusif Ağayevə kəskin şəkildə etiraz edib.  Onlar – 100-ə yaxın tələbə akt zalının önündə toplaşaraq kütləvi etiraz aksiyası keçiriblər. Tələbə etirazlarının daha geniş vüsət almasından çəkinən rəhbərlik, tələbələrlə razılaşmağa məcbur olub. Beləliklə də, rəhbərliyin dəstəklədiyi namizəd məğlub olub.

“Tələbələrin “Facebook” paylaşımları “skrinşot” edilərək rektora göstərilir”

Tələbələr yazırlar ki, bundan sonra Tələbə Gənclər Təşkilatının müstəqil fəaliyyətinin təmin edilməsi, prorektorun tapşırıqlarının yerinə yetirilməməsi rəhbərliyi kifayət qədər qəzəbləndirib. Təşkilat qısa zamanda tələbə hüquqlarını qoruyan, siyasi göstərişləri yerinə yetirməyən real quruma çevirilib:

“Tezliklə, yeni sədrin siyasi görüşləri bəhanə göstərilərək təzyiqlərə məruz qoyuldu. Məcburi istefaya göndərildi. Onun “Facebook”da paylaşdığı müxalifyönümlü statuslar Mehdi Abdullayev tərəfindən “skrinşot” edilərək rektorun önünə qoyuldu. Sədrin istefasından sonra keçirilən yeni seçkilərdə də rəhbərliyin təyin etməyə çalışdığı namizəd seçilə bilmədi. Bundan sonra prorektor Mehdi Abdullayev şəxsən işə qarışaraq seçkilərin nəticələrini tanımadığını, öz namizədi olan, İdarəetmə Şurasının etimad göstərmədiyi Cavidan Abdullayevi sədr kimi təsdiqlədiyini elan etdi. Seçilmiş sədr – Zakir Kərimli də Mehdi Abdullayevin otağına çağırılaraq təzyiqlərə məruz qoyulub, dolayı yollarla akademiyadan çıxarılmaqla, “başının ağrıması” ilə hədələnib”.

“Petisiya hazırlayaraq, Prezident Administrasiyasına göndərəcəyik”

“Hazırda akademiya tələbələrinin öz aralarında mübahisəsi və təyin edilmiş sədrə etirazları davam edir”, – deyir tələbələr.

“Prorektor Mehdi Abdullayevin tələbələr arasından xüsusi casuslar təyin etməsi, həmin casusların provakativ üsullarla tələbələri prorektorun adından təhdid etməsi tələbələri bir qədər də qəzəbləndirir. Biz, bu halın davam edəcəyi təqdirdə petisiya hazırlayaraq, Prezident Administrasiyasına göndərəcəyik. Akademiya rəhbərliyi isə hər an baş verə biləcək tələbə çıxışlarının qarşısını almaq üçün hər cür yola əl atır”.

“Narahatlıqdan, gərginlikdən söhbət belə gedə bilməz”

Məsələyə münasibət öyrənmək üçün yazıda adıçəkilən Dövlət İdarəçilik Akademiyasının Həmkarlar İttifaqının sədri Yusif Ağayevlə əlaqə saxladıq. O bildirdi ki, ümumiyyətlə akademiyada seçki ilə bağlı hər hansı problem yaşanmayıb:

“Çox təəccüblüdür. Bizdə bu barədə məlumat yoxdur. Tələbə Gənclər Təşkilatı müstəqil qurumdur. Məndə olan məlumata görə, bir neçə ay öncə konfrans keçiriblər. Konfrans uğurla, demokratik abu-havada sonlanıb. Tələbələr özlərinin idarə heyətini formalaşdırıblar. İdarə Heyəti normal şəkildə işini görürdü, kimsə onlara müdaxilə etmirdi. Bir neçə aydan sonra eşitdim ki, təşkilatın sədri öz istəyi ilə istefa verib. Onun da səlahiyyətlərin hazırda birinci müavini icra edir. Məndə olan məlumat budur. Narahatlıqdan, gərginlikdən söhbət belə gedə bilməz”.

Yusif Ağayev deyir ki, ola bilsin kimsə namizədliyini verib, seçilməyib və belə yola əl atıb: “Gəncdirlər, olan işdir. Buna ciddi reaksiya verməyə ehtiyac yoxdur. Anladığım qədəri ilə kimsə sadəcə bu prosesdən istifadə edib”.

“Bir sıra neqativ hallar yaşanıb”

Məlumatda adıçəkilən tələbə Asiman Qocayevlə də  əlaqə saxladıq. O, akademiyada belə bir problemin mövcud olduğunu dedi, ancaq əlavə məlumat vermək istəmədi: “Bir sıra neqativ hallar yaşanıb. Konkret şikayəti hansı tələbə edibsə, yaxşı olar ki, digər detalları da onunla dəqiqləşdirəsiniz. Ümid edirəm ki, məni başa düşürsünüz”.

Ana səhifəXəbərlərTələbələr akademiyanı seçki saxtakarlığında günahlandırır