”Tələbə yoldaşıma 60 milyon manat kredit vermişəm”

“6 milyonun mənimsənilməsindən söhbət gedə bilməz”

Source:


“6 milyonun mənimsənilməsindən söhbət gedə bilməz”

Avqustun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bank” ASC-nin idarə heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin işi üzrə növbəti məhkəmə iclası keçirilib.


5 milyonun müqabilində zavod girov qoyulub

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərdən Azad Cavadov  proses iştirakçılarının suallarını cavablandırıb. O, prokurorun suallarına cavab olaraq bildirib ki, Cahangir Hacıyevlə tələbə yoldaşı olublar. Şahid bildirib ki, Cahangir Hacıyevin dəvəti ilə Bakı Fındıq Emalı Zavodunda əvvəl direktor müavini, 2002-ci ildən isə direktor kimi fəaliyyət göstərib. Azad Cavadovun sözlərinə görə, “Beynəlxalq Bank”dan 5 milyon manat kredit götürülüb, girov olaraq isə zavod qoyulub. Həmin kredit isə o, zavodda işə başlamazdan əvvəl götürülüb.

Prokuror Fərid Nağıyev ondan soruşub ki, iki gün ərzində 17 milyon kreditin götürülməsi kimin təşəbbüsü ilə olub. Azad Cavadov suala belə cavab verib: “Vergilər Nazirliyinin müstəntiqlərinin. Onlar dedilər ki, pullar ödənilməlidir. Müstəntiqlərə dedik ki, işçilərə ödənişlər paket şəklində edilib. Dövlət strukturlarına ödənişlər edilib. Onlar isə dedilər ki, Azərbaycanda  paket sistemi yoxdur, dövlət strukturlarına belə ödənişlər edilmir, rüşvət yoxdur. Bizim bu xərcləri qəbul etmədilər. Ona görə də həmin məbləğlərin ödənilməsi üçün əlavə kreditlər götürülməsini təklif etdilər. Bu barədə Cahangirə dedim”.

Prokurorun “Sizin qayınananızın adına 816 min manat kredit olub. Bu, nə üçün verilib” sualına cavab olaraq Azad Cavadov bildirib ki, həmin kredit əvvəlcə Akif Məlikov adlı vəkilin adına olub: “Akif Məlikov bir gün dedi ki, kreditlə soyuducu almaq istəyən zaman ona bildiriblər ki, adına böyük məbləğdə kredit var. Mən də bundan sonra həmin krediti qayınanamın adına keçirdim”.

O qədər balqabağam ki, silahı orada saxlayım?

Azad Cavadov silahlarla bağlı ittihamların əsassız olduğunu deyib. Bildirib ki, istintaq tərəfindən soyuq silah kimi qiymətləndirilən xəncər 10 il evində olub və ona qayını tərəfindən hədiyyə edilib: “Ekspert rəy verdi ki, guya soyuq silahdır. Halbuki, evdə ondan da böyük iki balta var. Odlu silaha gəlincə isə bu, ümumiyyətlə, mənlik deyil. Özləri evə qoyublar. Səbəbi də o idi ki, mənə 6 milyon ittihamı ikinci dəfə verilirdi. Baxdılar ki, eyni əmələ görə ikinci dəfə cəzalandırmaq mümkün deyil və məhkəmədən vaxt istədilər. Yenidən bağa baxış keçirdilər və saunada yastığın altından tapança tapdılar. Mən orda odlu silah saxlasaydım, ən azından evə xəbər edərdim ki, baxış keçirəcəklər. O qədər balqabağam ki, silahı orada saxlayım? Axtarış aparanda çox arxayın idilər. 20 nəfər içəri girdi. Çıxarıb dedilər ki, “bu da silah”.

Dövlət ittihamçısı Fərid Nağıyev isə odlu silahda onun əl izi olduğunu deyib. Azad Cavadov isə ekspert rəyinin saxta olduğunu söyləyib.

Heç bir mənimsəmədən söhbət gedə bilməz

Vəkillərin suallarını cavablandıran Azad Cavadov zavod tərəfindən 60 milyonluq kredit götürüldüyünü, həmin məbləğin müəssisənin genişləndirilməsinə sərf edildiyini deyib: “Deyirlər guya 6 milyon pul mənimsənilib. Orada heç bir mənimsəmədən söhbət gedə bilməz. Ödəniş olmasaydı, müəssisənin özü bankın girovunda idi”.

Cahangir Hacıyev də onun dediklərini təsdiqləyib: “Müəssisə ilə bağlı girov sazişi imzalanıb. Sonradan müəssisənin “Aqrarkredit”in nəzarətinə keçməsi prezidentin müvafiq fərmanına uyğun olaraq baş tutub. Ancaq bu ittiham prezidentin fərmanına ziddir”.

Cahangir Hacıyev Azad Cavadovun tələbə yoldaşı olduğunu, ona güvəndiyini, 60 milyon manat kredit verdiyini və onun fəaliyyəti dövründə bankın kredit borclarının ödənildiyini deyib. Sabiq bankir dostu ilə bağlı irəli sürülən 6 milyonluq mənimsəmə və silah ittihamını cəfəngiyyat adlandırıb.

Adıma olan kreditdən xəbərsizəm

Daha sonra iclasda şahidlər ifadə verib. “İnter Security” mühafizə şirkətinin işçiləri olan Zaur Soltanəliyev, Namiq Quliyev, Zaur Xəlilov, Emin Abbasov rəhbərlik tərəfindən banka göndərildiklərini, götürülən kreditlərdən xəbərsiz olduqlarını, rəhbərliyin göstərişi ilə banka gedib sənədlərə qol çəkdiklərini deyiblər.

Cahangir Hacıyev (illüstrasiya)

İclasda ifadə verən şahid Rauf Şahbazov təqsirləndirilənlərdən Azad Cavadovun işi ilə bağlı 10 nəfərin adına kredit götürüldüyün deyib. O, bildirib ki, həmin şəxslər “İnter Security” şirkətinin işçiləri olublar. Həmin kreditlər Bakı Fındıq Emalı Zavadu üçün götürülüb.   Prokuror Fərid Nağıyev şahiddən indi də adına bankda 107 min 800 manat pul olmasından xəbərinin olub-olmadığını soruşub. Rauf Şahbazov deyib ki, nə bu puldan, nə də götürülən kreditdən xəbəri olub.

Şirkətin digər əməkdaşı Əli Həsənov da ifadəsində rəhbərliyin göstərişi ilə banka getdiyini və sənədlərə qol çəkdiyini deyib. O, pul götürmədiyini və adına yazılan məbləğdən xəbərsiz olduğunu bildirib. Prokuror şahid Əli Həsənova indi də adında 352 min manat borc qaldığını deyib. Şahid bundan xəbərsiz olduğunu bildirib.

Məhkəmədə ifadə verən şirkət nümayəndələrindən Ruslan Kərimov banka gedib sənədlərə qol çəkdiyini, lakin adına götürülən kreditin məbləğindən istintaqa ifadə verən zaman xəbər tutduğunu deyib.  Onun adına 450 min dollar kredit götürüldüyü məlum olub.

İclasda “Azərbaycan Beynəlxalq Bank” ASC-nin nümayəndəsi Ağalar Ağaşirinov arayış təqdim edib. Arayışda göstərilir ki, ittiham aktında mənimsənildiyi qeyd edilən 211 milyon manat Cahangir Hacıyev tərəfindən yox, digər təqsirləndirilən şəxslərlə birlikdə mənimsənilib. Həmin arayış cinayət işinin materiallarına əlavə edilib. Lakin hakim bildirib ki, arayışla bağlı yaranan suallar növbəti iclasda araşdırılacaq.

Məhkəmə prosesi avqustun 31-də davam edəcək.

Ana səhifəXəbərlər”Tələbə yoldaşıma 60 milyon manat kredit vermişəm”